
2025-ci il oktyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstana rəsmi səfəri çərçivəsində Astanada mətbuata bəyanat verib. Prezidentin bəyanatı iki qardaş ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişafının növbəti təsdiqi kimi qiymətləndirilir. İlham Əliyev çıxışında Azərbaycan-Qazaxıstan əlaqələrinin tarixi köklərə söykəndiyini, bu münasibətlərin qarşılıqlı etimad və səmimi dostluq prinsipləri üzərində qurulduğunu vurğulayıb. O, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə keçirdiyi görüşün səmərəli və nəticəyönümlü olduğunu bildirib.
Prezident bəyan edib ki, Azərbaycan və Qazaxıstan təkcə regionda deyil, bütün türkdilli ölkələr arasında həmrəyliyin və əməkdaşlığın nümunəsini yaradır. İlham Əliyev qeyd edib ki, iki ölkə arasında imzalanan sənədlər siyasi, iqtisadi, mədəni və texnoloji sahələrdə əlaqələrin genişlənməsi üçün real əsas yaradır. O, xüsusilə nəqliyyat-logistika sahəsində əməkdaşlığın vacibliyini vurğulayaraq bildirib ki, bu istiqamətdə hər iki ölkənin ortaq maraqları var və “Orta Dəhliz” layihəsi regional inteqrasiyanın əsas dayaqlarından biri olacaq. Prezidentin sözlərinə görə, bu dəhlizin inkişafı təkcə Azərbaycan və Qazaxıstanın deyil, həm də bütün Avrasiya məkanının iqtisadi əlaqələrinə müsbət təsir göstərəcək.
İlham Əliyev energetika, kənd təsərrüfatı və sənaye sahələrində də əməkdaşlıq üçün böyük potensial olduğunu bildirib. O qeyd edib ki, enerji resurslarının təhlükəsiz və dayanıqlı şəkildə dünya bazarına çıxarılması sahəsində Azərbaycan böyük təcrübəyə malikdir və bu təcrübənin Qazaxıstanla bölüşülməsi hər iki ölkənin maraqlarına xidmət edəcək. Prezident həmçinin iki ölkə arasında rəqəmsallaşma, süni intellekt, startap və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini xüsusi qeyd edib.
Dövlət başçısı çıxışında regional sabitlik və sülh məsələlərinə də toxunub. O bildirib ki, Azərbaycan qonşuluq siyasətində qarşılıqlı hörmət və sülh prinsiplərinə əsaslanır və bu yanaşma regionda uzunmüddətli inkişafın təminatı ola bilər. İlham Əliyev vurğulayıb ki, Cənubi Qafqazda yaranmış yeni reallıq region ölkələri üçün əməkdaşlıq üçün geniş imkanlar açır. Bu baxımdan Azərbaycanla Qazaxıstanın birgə təşəbbüsləri, həm ikitərəfli, həm də çoxtərəfli formatlarda sabitliyin və rifahın təminatına yönəlmişdir.
Prezidentin bəyanatı, əslində, Azərbaycanın regional siyasətində yeni mərhələnin konturlarını müəyyənləşdirir. Bu mərhələdə Azərbaycan təkcə enerji ixracatçısı və nəqliyyat dəhlizi ölkəsi kimi deyil, həm də texnoloji tərəfdaş və innovativ layihələrin təşəbbüskarı kimi çıxış edir. İlham Əliyevin sözləri, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın dərinləşməsi, türkdilli xalqların birliyinin möhkəmləndirilməsi baxımından da mühüm siyasi mesaj daşıyır. Mətbuata verilən bəyanat dostluq, qardaşlıq və gələcəyə inam ruhunda səslənərək, Azərbaycan-Qazaxıstan münasibətlərinin gələcək onilliklərdə daha da inkişaf edəcəyinin göstəricisinə çevrildi.
Sevinc Qəhrəmanova,
Yeni Azərbaycan Partiyasının məsləhətçisi


