AnalitikaGündəmSiyasət

Qubadlının azadlığı günü: Qəhrəmanlıq və qürur salnaməsi

25 oktyabr Azərbaycan tarixinin ən qürurlu, ən unudulmaz səhifələrindən biridir. Bu gün Qubadlının işğaldan azad olunduğu gündür – xalqımızın yenilməz iradəsinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinin, rəşadətli Azərbaycan Ordusunun igidliyinin parlaq təcəssümüdür.

1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğalına məruz qalan Qubadlı 27 il düşmən tapdağı altında qaldı. Lakin Azərbaycan xalqı bir an belə bu torpaqlardan ümidini üzmədi. Hər bir vətənsevər azərbaycanlının qəlbində bir arzu vardı – Qubadlıya, Laçına, Şuşaya, bütün Qarabağa böyük qayıdış günü gəlsin. Bu arzu 2020-ci ildə Vətən müharibəsi zamanı gerçəyə çevrildi.

Prezident, Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarı ilə başladığı 44 günlük Vətən müharibəsi xalqımızın birliyini, həmrəyliyini və torpaq uğrunda mübarizə əzmini daha da gücləndirdi. Qəhrəman əsgər və zabitlərimizin rəşadəti nəticəsində 25 oktyabr 2020-ci ildə Qubadlı şəhəri düşmən işğalından azad edildi. Bu tarixi xəbər Azərbaycan xalqının qəlbində sevinc, qürur və göz yaşı ilə qarşılandı – çünki bu qələbə minlərlə şəhidin qanı, minlərlə ailənin səbr və inamı bahasına qazanılmışdı.

Qubadlının azad olunması təkcə hərbi qələbə deyildi. Bu, həm də ədalətin bərpası, yurd həsrətinin bitməsi, Azərbaycanın suverenliyinin tam bərqərar olunması demək idi. 25 oktyabr artıq təkcə bir şəhərin deyil, bütöv bir xalqın azadlıq və qürur gününə çevrilib.

Bu gün Qubadlıda həyat yenidən canlanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhərin bərpası, yeni yolların, məktəblərin, xəstəxanaların, yaşayış massivlərinin inşası sürətlə davam edir. Qubadlı “Böyük Qayıdış” proqramı çərçivəsində dirçəlişin, yenilənmənin, dövlət siyasətinin real nəticələrini nümayiş etdirən bölgələrdən birinə çevrilib. Artıq doğma yurdlarına qayıdan qəlbi Qubadlı eşqi ilə döyünən insanlar öz torpaqlarında yeni həyat qurmaqda, ağac əkib, ev tikib, keçmişi gələcək nəsillərə qürurla danışmaqda davam edirlər.

Bu torpaqların hər qarışı şəhid qanı ilə suvarılıb, hər daşı qəhrəmanlıq dastanı danışır. Qubadlının azadlığı – Azərbaycanın yenilməzliyinin simvoludur.
25 oktyabr – Qubadlının azadlığı günü xalqımızın yaddaşına əbədi yazılıb. Bu gün biz bir daha Müzəffər Ali Baş Komandana, igid Ordumuza, şəhidlərimizin müqəddəs ruhuna minnətdarlıqla baş əyirik.

Nəzrin Bayramova,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button