AnalitikaGündəmSiyasət

Qubadlı Şəhəri Gününün təsis edilməsi tarixi yaddaşa ehtiramdır

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tarixi hadisələrin dövlət səviyyəsində qeyd olunması milli yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncamla oktyabrın 25-i Qubadlı Şəhəri Günü elan edildi. Bu qərar Qubadlının azad olunmasının tarixi əhəmiyyətini vurğulamaqla yanaşı, şəhərin qəhrəmanlıq salnaməsinə dövlət səviyyəsində verilən qiymətin ifadəsidir.

2020-ci il oktyabrın 25-də Azərbaycan Ordusunun Qubadlı şəhərini və ətraf kəndləri işğaldan azad etməsi Vətən müharibəsinin mühüm uğurlarından biri oldu. Həmin gün xalqımızın onilliklər boyu davam edən doğma torpaqlara qayıdış arzusu gerçəkləşməyə başladı. Qubadlı sakinləri üçün bu tarix yalnız hərbi qələbənin deyil, həm də öz evlərinə, uşaqlıq xatirələrinə və tarixi irslərinə qovuşmaq ümidinin rəmzidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən qələbə Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcını qoydu. İşğaldan azad olunmuş ərazilərdə suverenliyin bərpası ilə yanaşı, həmin torpaqların yenidən qurulması və əhalinin qayıdışı istiqamətində genişmiqyaslı işlərə start verildi. Qubadlı Şəhəri Gününün təsis edilməsi bu tarixi prosesin əhəmiyyətini gələcək nəsillərə çatdırmağa xidmət edir.

Qubadlı Şəhəri Günü şəhidlərin xatirəsini yad etmək, müharibə iştirakçılarının fədakarlığını qiymətləndirmək və milli birliyi möhkəmləndirmək üçün mühüm fürsətdir. Bu günün qeyd olunması gənc nəslə Vətən sevgisinin, dövlətə sədaqətin və tarixi yaddaşın əhəmiyyətini aşılamağa kömək edir. Qubadlının azadlığı uğrunda canından keçən qəhrəmanların xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq.

Hazırda Qubadlıda həyata keçirilən bərpa işləri şəhərin gələcək inkişafını müəyyənləşdirir. Prezident İlham Əliyevin tapşırıqları ilə yeni yaşayış məhəllələri, təhsil müəssisələri, inzibati binalar və mühüm infrastruktur obyektləri inşa olunur. Qubadlı Şəhəri Gününün hər il qeyd edilməsi azadlıqla quruculuq arasında mənəvi körpü yaradır. Bu tarix Azərbaycanın ərazi bütövlüyünün bərpasını və dövlətin öz vətəndaşlarının rifahına yönəlmiş siyasətini təcəssüm etdirir.

Rəşad Hüseynəliyev,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 185B” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button