AnalitikaGündəmSiyasət

Qlobal Media Forumu: Şuşa informasiya diplomatiyasının yeni mərkəzinə çevrilir

Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumundakı çıxışında Azərbaycanın media sahəsində apardığı islahatlara geniş şəkildə toxunaraq, medianın cəmiyyətin inkişafında oynadığı rolu, onun informasiya təhlükəsizliyi və ictimai rəyə təsiri baxımından strateji əhəmiyyətini ön plana çəkdi. Dövlət başçısı qeyd etdi ki, son illər ölkədə media mühitinin yenilənməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl addımlar atılıb, yeni qanunvericilik bazası formalaşdırılıb, Medianın İnkişafı Agentliyi yaradılıb və media subyektlərinə maddi və texniki dəstək gücləndirilib.

Forumun Şuşada keçirilməsinin rəmzi və siyasi əhəmiyyətinə toxunan Prezident İlham Əliyev qeyd etdi ki, Şuşa bu gün yalnız Azərbaycanın mədəni paytaxtı deyil, həm də beynəlxalq tədbirlərin, siyasi və intellektual platformaların mərkəzinə çevrilib. Bu forumun burada keçirilməsi işğaldan azad olunmuş ərazilərin sürətlə dirçəldiyini və Azərbaycanın bu bölgədə dayanıqlı sülh və inkişaf modelini reallaşdırmaq əzmində olduğunu göstərir.

Çıxış zamanı Prezident İlham Əliyev  Azərbaycanın informasiya müharibəsində qarşılaşdığı çətinliklərə də diqqət çəkdi. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə erməni tərəfinin və onların havadarlarının yaydığı saxta və təhrif olunmuş məlumatlara qarşı Azərbaycanın apardığı mübarizə, informasiya cəbhəsində də qələbə qazandığını nümayiş etdirdi. Prezident bildirdi ki, dezinformasiya qlobal problemə çevrilib və bu baxımdan beynəlxalq media ictimaiyyəti birlikdə hərəkət etməlidir.

Prezident İlham Əliyev media nümayəndələrini çağırdı ki, regionda baş verən proseslərə obyektiv yanaşsınlar, tərəfsiz və dəqiq informasiya yaysınlar. Xüsusilə Qarabağ bölgəsindəki bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qaytarılması və ekoloji tarazlığın bərpası istiqamətində görülən işlərin beynəlxalq mediada əks olunmasının vacibliyi vurğulandı. Forum çərçivəsində medianın gələcəyi ilə bağlı qlobal trendlərə də toxunuldu. Prezident İlham Əliyev çıxışında rəqəmsallaşma, sosial medianın təsiri və süni intellektin jurnalistikaya inteqrasiyası kimi məsələləri də qabartdı. Bu texnoloji dəyişikliklərin həm imkanlar, həm də risklər yaratdığını bildirən dövlət başçısı qeyd etdi ki, gələcəyin mediası üçün etik prinsiplərə sadiqlik, informasiya təhlükəsizliyi və ictimai məsuliyyət əsas şərtlərdən biri olaraq qalmalıdır.

Çıxışın sonunda Prezident İlham Əliyev beynəlxalq media nümayəndələrinə bir daha müraciət edərək, onları Azərbaycanda baş verən real dəyişiklikləri yerində izləməyə, bu proseslərə obyektiv yanaşmağa və sülhə, əməkdaşlığa töhfə verməyə çağırdı. O, vurğuladı ki, media yalnız informasiyanın ötürücüsü deyil, həm də sülhün, dialoqun və qarşılıqlı anlaşmanın qurucusu olmalıdır.

Aida Əliyeva
YAP
Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button