
Prezident İlham Əliyevə Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması mühüm tarixi əhəmiyyətə malik hadisə kimi dəyərləndirilir. Dövlətimizin başçısı təqdimetmə mərasimində çıxışı zamanı bu ali mükafata layiq görülməsinə görə minnətdarlığını ifadə edərək, onun daşıdığı mənəvi və siyasi dəyəri xüsusi vurğulayıb. Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayed bin Sultan Al Nəhyanın adını daşıyan bu nüfuzlu mükafatın Azərbaycan Prezidentinə təqdim edilməsi ölkəmizə və onun Liderinə göstərilən yüksək hörmətin və beynəlxalq etimadın bariz nümunəsidir.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün Birləşmiş Ərəb Əmirlikləri tarixi irsinə sadiq qalmaqla yanaşı, gələcəyə yönəlmiş inkişaf modeli ilə seçilən, sülh və harmoniya şəraitində yaşayan cəmiyyətin formalaşdırılması baxımından bir çox dövlətlər üçün örnəkdir. Eyni zamanda, bu ölkə dinlərarası dialoqun təşviqi, mədəniyyətlər və sivilizasiyalar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərir.
Mərasimdə çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətinə də toxunaraq, bu prosesin təkcə iki ölkə üçün deyil, bütövlükdə region və qlobal təhlükəsizlik baxımından mühüm rol oynadığını diqqətə çatdırıb. Otuz ildən artıq davam edən münaqişə mərhələsindən sonra iki dövlətin artıq sülh müstəvisində irəliləməsi tarixi dönüş nöqtəsi kimi qiymətləndirilib. Xüsusilə ötən ilin avqustunda əldə olunan mühüm razılaşmaların son altı ay ərzində tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru real addımların atıldığı bir mərhələ yaratdığı vurğulanıb.
Prezident İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdim olunması qlobal həmrəylik, multikulturalizm və humanist dəyərlərin beynəlxalq miqyasda təntənəsi kimi səciyyələndirilir. Müasir dünyada sülhün möhkəmləndirilməsi, qarşılıqlı hörmət və mədəniyyətlərarası dialoqun təşviqi bəşəriyyət qarşısında duran ən mühüm çağırışlardan biridir. Bu baxımdan, dövlətlərarası münasibətlərdə humanist prinsiplərin qorunması və inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır.
Məhz bu ali dəyərlərə xidmət edən “Zayed İnsan Qardaşlığı Mükafatı” dünyada sülhə, dinlər və mədəniyyətlər arasında anlaşmaya töhfə verən dövlət və ictimai xadimlərə təqdim olunur. Mükafat adını humanizm və uzaqgörən dövlət idarəçiliyinin simvolu olan Şeyx Zayed bin Sultan Al Nəhyanın zəngin irsindən alaraq, insan qardaşlığı ideyasını qlobal səviyyədə təşviq edir.
Prezident İlham Əliyevin bu nüfuzlu mükafata layiq görülməsi, ilk növbədə, Azərbaycanın multikulturalizm, dini tolerantlıq və sivilizasiyalararası dialoq sahəsində həyata keçirdiyi ardıcıl və prinsipial dövlət siyasətinin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bir daha təsdiqləyir. Tarixən müxtəlif dinlərin və mədəniyyətlərin dinc şəraitdə birgə yaşadığı Azərbaycan bu gün də tolerantlıq modelini real dövlət siyasəti kimi qoruyur və inkişaf etdirir.
Nəzrin Bayramova,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi



