Analitika

Qlobal əhəmiyyətli layihə

Artıq uzun illərdir ki, beynəlxalq əməkdaşlıq məkanı kimi qəbul edilən Xəzər hövzəsi malik olduğu zəngin karbohidrogen ehtiyatları hesabına bir sıra qlobal enerji layihələrinin reallaşdırıldığı mərkəz kimi də diqqət çəkir. Danılmaz həqiqətdir ki, bu gün Azərbaycanın mühüm regional və qlobal əhəmiyyətli rola malik olmasında ölkənin müstəqil enerji siyasətinin rolu böyükdür. Bildiyimiz kimi, Azərbaycanın iştirakı və razılığı olmadan regionda qlobal əhəmiyyətli heç bir layihə gerçəkləşə bilməz. Milli maraqlar əsasında qurulan enerji strategiyamızın bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri üzərində həyata keçirilməsi ölkənin iqtisadi imkanlarını və beynəlxalq nüfuzunu yüksəldib. Həmçinin, dünyada gündən-günə artan tələbat fonunda xammal ehtiyatlarının azaldığı, enerji təhlükəsizliyinin qorunmasının hər bir dövlət üçün prioritet məsələyə çevrildiyi bir dövrdə Azərbaycan uzaqgörən enerji siyasəti ilə beynəlxalq münasibətlərdəki mövqeyini möhkəmləndirir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyası Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, ölkəmizin neft ehtiyatlarının dünya bazarına çıxarılmasına imkan yaratmışdır. Bununla da, Azərbaycanın Avropa Birliyi ilə enerji sahəsində əməkdaşlığının bünövrəsi qoyulmuşdur. Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin möhkəmlənməsində enerji amilinin rolunu xüsusi vurğulamaq lazımdır.

Sonrakı illərdə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının kəşfi bu əməkdaşlığın bir qədər də genişlənməsinə səbəb olmuşdur. Ötən illər ərzində “Şahdəniz” yatağının birinci işlənmə mərhələsi çərçivəsində hasil edilən qazın Gürcüstan və Türkiyə bazarlarına çıxarılması Azərbaycanın regionda əhəmiyyətini bir daha təsdiq etmişdir. Avropanın enerji xəritəsinin zənginləşdirməsinə mühüm töhfələr verən “Şahdəniz-2”, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, TANAP və TAP dünyanın ən iri enerji layihələrindəndir. Sözügedən layihələrə 40 milyard dollar məbləğində sərmayə cəlb edilmiş, marşrut boyu yerləşən ölkələrdə 30 mindən çox yeni iş yeri yaradılmışdır. Bütövlükdə isə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil edilən təbii qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılır.

Trans-Adriatik Boru Kəməri Layihəsi (TAP), Yunanıstan ərazisində Yunan-Türkiyə sərhədindən başlayaraq, Trans-Anadolu Boru Kəmərinə (TANAP) birləşən, Yunanıstandan, Albaniya və Adriatik Dənizindən keçərək İtaliyada başa çatan və “Snam Rete Gas” (SRG) şəbəkəsinə birləşən təbii qaz boru kəmərinin layihələndirilməsindən, tikintisindən və istismarından ibarətdir. TAP layihəsi Avropa Birliyinin strateji məqsədlərinin birində “enerjinin təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyası” – adı altında aparıcı rol oynayır. TAP layihəsi təbii qazın Azərbaycandan Avropa bazarlarına ixrac etmək üçün ən qısa və birbaşa yol kimi seçilmişdir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında Dövlətlərarası Saziş 2013-cü ilin fevral ayında imzalanmışdır.TAP boru kəmərinin Yunanıstanda yerləşən hissəsi Türkiyə-Yunanıstan sərhədinin yaxınlığında Kipoi məntəqəsindən başlayaraq Leropigidən cənub-qərbdə Yunanıstanın Albaniya ilə sərhədində başa çatır və uzunluğu təxminən 550 km təşkil edir.

TAP boru kəmərinin Albaniyada yerləşən hissəsi Korça bölgəsində Yunanıstanla sərhəddə Bilisht Qender-dən başlayaraq, təxminən 215 km uzunluğa malikdir. TAP boru kəməri Albaniyada Fier-dən 17 km şimal-qərbdə, sahil xəttindən 400 metrə qədər quruya doğru çıxır. Albaniyanın ərazi sularında dənizdə yerləşən seksiyanın uzunluğu təxminən 60 km -dir.TAP boru kəmərinin Adriatik Dənizində yerləşən hissəsi Albaniya sahilindən İtaliya sahilinə doğru dəniz dibi ilə təxminən 105 km uzanır.TAP boru kəməri İtaliyanın cənubunda, San Foca yaxınlığında yerləşən Melendugno bələdiyyə ərazisinin Lecce məntəqəsindən sahilə çıxır. İtaliya ərazi sularında boru kəmərinin dənizdə yerləşən hissəsi təxminən 45 km, qurudakı hissəsi isə təxminən 8 km təşkil edir. Bu yer isə öz növbəsində 11 alternativ kəmər marşrutu qiymətləndirildikdən sonra ekoloji, təhlükəsizlik və sosial nöqteyi-nəzərdən ən məqsədəuyğun yer kimi seçilmişdir.

TANAP və TAP adından da göründüyü kimi iki hissədən ibarət layihədir. Trans-Anadolu Boru Kəməri (TANAP) Azərbaycan qazını Gücristan vasitəsi ilə Türkiyə-Yunanıstan sərhəddinə kimi çatdırır. Bu kəmərin uzunluğu 1850 km, ilkin ötürmə gücü il ərzində 16,2 mlrd m3- dir. 2018-ci ilin iyun ayının 30-da kəmər istismara verilib və 2019-cu ilin noyabr ayının 30-da Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə TANAP-ın Avropaya birləşən hissəsinin açılışı olub. Trans-Adriatik Boru Kəməri (TAP) Azərbaycan qazını Türkiyə-Yunanıstan sərhəddindən başlamaqla Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyayaya çatdırır. Bu kəmərin uzunluğu 878 km, ilkin ötürmə gücü il ərzində 10 mlrd m3-dir. 31 dekabr 2020-ci ildə Azərbaycan qazı tam şəkildə Avropa bazarlarına çatdırıldı. Hər iki layihənin ümumi dəyəri 12 mlrd dollar təşkil edir.

Dünyada müasir texnologiyaların sürətli inkişafı alternativ enerji tələbatına olan marağı daha da artırır. Alternativ enerjinin imkanlarının genişlənməsi dünyada neftə və qaza olan tələbatı azaldır. Avropa üçün vacib olan ilk növbədə Rusiyadan enerji asılılığını aradan qaldırmaqdır. Rusiyadan fərqli olaraq Azərbaycan Avropaya qarşı enerji diplomatiyası vasitəsilə təziq etmir, əvəzində səmimi tərəfdaşlıq etmək və iki tərəfli ticarət əlaqələrini genişləndirmək niyyətindədir. Bütün bu parametrləri nəzərə almaqla demək olar ki, TANAP və TAP layihəsi regional əlaqələrin daha da güclənməsinə təkan verməklə yanaşı, regionun gələcək təhlükəsizliyinə zəmanət vermiş olur. Azərbaycan və Türkmənistan arasında son imzalanmış anlaşmanı nəzərə almaqla ehtimal etmək olar ki, gələcəkdə Türkmənistanın da TANAP və TAP layihəsinə qoşulmaq istəyi yarana bilər. Son illər dünyada və Avropada cərəyan edən bir sıra siyasi proseslər də Azərbaycan qazına marağı getdikcə artırır. Elə bir sıra tanınmış ekspert və politoqlar da bu qənaətdədirlər ki, “Şahdəniz-2”, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, eləcə də TANAP və TAP layihələrinin reallaşması nəticəsində Azərbaycan Avropanın enerji təchizatının şaxələndirilməsi sahəsində daha yaxından və fəal iştirak edəcək. Bu isə ölkəmizin etibarlı tərəfdaş kimi əhəmiyyətini bir qədər də artıracaq. Bu gün ölkəmizin təsdiq olunmuş qaz ehtiyatlarının həcmi 3,5 milyard kubmetr həcmindədir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan hələ 100 ilə yaxın bir müddətdə Avropa bazarları üçün mühüm qaz tədarükçüsü kimi öz əhəmiyyətini qoruyub saxlayacaq.

TANAP və TAP enerji layihələri Azərbaycan və Türkiyənin regionda strateji əhəmiyyətini daha da artırıb. Cənub Qaz Dəhlizinin tam işə düşməsi ilə Azərbaycan regionda aparıcı enerji ölkəsinə çevriləcək. Təbii qaz satışından əldə olunan enerji gəlirləri iqtisadiyyatın digər sektorlarının inkişafına təkan olacaq. Bu mənada, ölkə üçün əsas prioritet qeyri-neft sektorunun inkişaf etdirməkdir. Bütün layihələr göstərir ki, Azərbaycan uğurla enerji siyasətini həyata keçirir, regional əməkdaşlığa təkan verir və milli iqtisadiyyatın daha da möhkəmlənməsi istiqamətində doğru addımlar atır.

Əbdüləlizadə Fidan Elşən qızı,
Bakı şəhər, Xəzər rayonu, 323№li tam orta məktəb

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button