
“Məlum olduğu kimi, Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu keçirilir. Budəfəki Forumda dünyanın müxtəlif regionlarından 400-ə yaxın nüfuzlu siyasi xadimin, o cümlədən azı 50 fəaliyyətdə olan və sabiq prezidentin, Baş nazirin, həmçinin BMT strukturlarının rəhbərlərinin, alimlərin və ekspertlərin iştirak etməsi aparılan müzakirələrin əhəmiyyətini nümayiş etdirir”.
Bunu “Globalnews.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, bu gün Qlobal Bakı Forumu qlobal gündəlikdəki mühüm məsələlərin həllində aparıcı beynəlxalq platformalardan birinə çevrilib: “Forum fərqli etnik, mədəni, dini və dil mənşəyi olan insanları, xüsusilə də uzun illər ərzində təcrübə qazanmış siyasətçiləri bir araya gətirir, qarşılıqlı anlaşmaya doğru açıq və hörmətcil fikir mübadiləsi üçün platforma yaradır. Heç şübhəsiz ki, Forumun əsas məqsədi müasir geosiyasi prosesləri müzakirə etmək, qlobal təhdidlərin təsirləri barədə danışmaq, yeni dünya nizamının formalaşdırılmasına böyük ehtiyacın olmasını açıqlamaq, həmçinin dialoq vasitəsilə sülhü təşviq etmək, qlobal təhlükəsizliyi gücləndirmək və əməkdaşlığı möhkəmləndirməkdir. Təsadüfi deyil ki, XII Qlobal Bakı Forumunda da qlobal və regional təhlükəsizlik məsələlərinə toxunulur, dünyadakı enerji, siyasi və hərbi böhranların nəticələri təhlil edilir, bütün bu problemlərdən çıxış yolları göstərilir. Məhz bu səbəbdəndir ki, dünyanın aktual gündəliyinin beynəlxalq miqyasda müzakirəsinin keçirildiyi Bakı qlobal məsələlərin müzakirə olunduğu mühüm dialoq platformasına çevrilib. Ona görə də, sözügedən dialoq və müzakirə platformasının əhəmiyyəti hər gün artır, ona olan maraq daha da yüksəlir”.
Ramil Vəlibəyov əlavə edib ki, XII Qlobal Bakı Forumunda aparılan müzakirələrin və fikir mübadilələrinin dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına və həllinə töhfə verəcəyi heç kəsdə şübhə doğurmur.