Analitika

Qələbənin əldə olunmasında Azərbaycanın töhfəsi

XX əsrdə İinci Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olub. 1939-cu il sentyabrın 1-də faşist Almaniyasının Polşanı işğal etməsi ilə İkinci Dünya müharibəsi başladı. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası keçmiş SSRİ-yə hücum etdi və müharibə 1945-ci il mayın 9-da Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi ilə başa çatdı.

Bu qələbənin əldə olunmasında Azərbaycan xalqının da böyük rolu olub. Çünki xalqımız faşizm üzərində qələbə üçün özünün 600 mindən çox oğul və qızını cəbhəyə yola salmışdı. Azərbaycanda təşkil olunmuş 416, 271, 77 və 223-cü diviziyalar şanlı döyüş yolu keçmiş, minlərlə həmyerlimiz partizan dəstələrinin tərkibində vuruşmuşlar. Bu qələbənin əldə edilməsinə Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədə önəmli töhfəsi olub.  

Qələbəyə Azərbaycanın yanacaq təminatı ilə töhfəsi əvəzsiz olub. Müharibənin 1941-1945-ci illərində Sovet İttifaqında istehsal olunan neftin 70 faizindən çoxu, benzinin 80 faizi və mühərrik yağlarının 90 faizi Azərbaycanın payına düşüb. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilib. Qələbə üçün çox zəruri olan müxtəlif silah növləri Azərbaycan müəssisələrində fasiləsiz rejimdə istehsal edilibAzərbaycan xalqı arxa cəbhədə də misilsiz əmək hünərləri göstərib, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışıb. Xalqımız cəbhəyə 7 tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib. Azərbaycan faşizm üzərində qələbə naminə bütün imkanlarını maksimum səfərbər edib.

Ümummilli lider Heydər Əliyev 1995-ci ildə Qələbənin 50 illiyi ilə bağlı keçirilən təntənəli tədbirdə deyirdi: «Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi. O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi…».                                  

Fəxrlə qeyd etmək olar ki, Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları ön cəbhə ilə yanaşı, arxa cəbhədə də yüksək peşəkarlıq nümunələri göstərmişlər.  Müharibə illərində düşmən kəşfiyyatı Azərbaycan ərazisinə də təyyarələrdən paraşütlə casuslar göndərmişdir. Lakin Azərbaycanın xüsusi xidmət orqanları əməkdaşları daim sayıqlıq nümayiş etdirərək onları ifşa etmişlər. Məhz onların gərgin səyi və yüksək peşəkarlığı nəticəsində respublikanın rayonlarında və Bakı şəhərində 28 belə təxribatçı-casus tutulmuşdu. Heydər Əliyevin hakimiyyətə dönüşündən sonra 9 May – Qələbə Gününün rəsmi dövlət bayramı səviyyəsində qeyd edilməsi, müharibə veteranlarına diqqət və qayğının artırılması, imtiyazların verilməsi, cəmiyyət həyatında aktiv iştirak etmələrinə imkanların yaradılması onların həyat, qurub-yaratmaq eşqini daha da gücləndirdi. Heydər Əliyev hər il müharibə veteranları ilə görüşər, onların qayğıları ilə maraqlanar, problemlərinin yoluna qoyulması üçün tapşırıq və göstərişlərini verərdi. Məhz ulu öndərin hakimiyyətə qayıdışından sonra ölkəmizin inkişaf yoluna qədəm qoyması sayəsində müharibə veteranlarına mənzil, avtomobil verilməsi sosial siyasətin əsas istiqamətlərindən birinə çevrildi.

Ulu öndər Heydər Əliyevin müharibə veteranlarına diqqət və qayğısını Prezident İlham Əliyev layiqincə davam etdirir. Faşizm üzərində tarixi Qələbənin ildönümü hər il respublikamızda təntənəli şəkildə qeyd olunur. Prezident İlham Əliyev hər il Qələbə günündə görkəmli sərkərdə, xalqımızın rəşadətli oğlu, tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun, xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad edir, müharibə veteranları ilə görüşür, onları Qələbə bayramı münasibətilə təbrik edir. Dövlət başçısının müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi, xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar, yubiley medallarının təsis edilməsi cəmiyyətdə böyük razılıqla qarşılanır.   

Azərbaycanın suverenliyi və bütövlüyü uğrunda canından keçmiş bütün oğul və qızlarımız, eləcə də 1941-45-ci illər müharibəsinin veteranları xalqımızın fəxridir. Onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.

Məmmədova Nazilə,
Xəzər rayonu, 120 nömrəli tam orta məktəbin direktoru

Oxşar Xəbərlər

Back to top button