2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Respublikasının Aktau şəhəri istiqamətinə yönləndirilmişdir. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirmiş və sərnişinlərin bir qismi xilas edilmişdir. Baş verən dəhşətli qəzanı nəzərə alsaq, sərnişinlərin bir qisminin xilas edilməsi baş verən hadisənin günahkarlarının üzə çıxarılmasında böyük əhəmiyyət daşıyır. Xilas edilmiş sərnişinlərin ifadələrinin hadisənin baş vermə səbəblərini qiymətləndirməkdə xüsusi payı var. Təyyarənin quru səthinə enişinin təmin edilməsi dəlillərin əldə edilməsi üçün çox dəyərli idi. Bu bizə tədqiqat yekunlaşmadan doğru istiqamətə yönəlməyə imkan verdi. Düşündükdə qəzanın nəticələri daha da faciəvi ola bilərdi. Bir çox vacib məsələlər qaranlıq qala bilərdi. Azərbaycan Respublikasında hər bir vətəndaşın həyatı qiymətlidir. Ədalətin vaxtında təmin edilməsi dövlətimizin əsas tələblərindəndir. Baş verən hadisənin səbəblərinin aşkara çıxarılması istiqamətində dövlətimiz öz mövqeyini əminliklə ortaya qoydu. Dövlət başçısı bu məsələ ilə bağlı xüsusi göstərişlərini verərək məsələni diqqət mərkəzində saxlamaqdadır.
Dövlət başçısı vida mərasimində iştirak edərək həlak olan ekipaj üzvlərinin yaxınlarına başsağlığı verdi. Cənab prezident öz çıxışında onların fəaliyyətini, peşəkarlığını, fədakarlığını çox yüksək qiymətləndirdiyini ifadə etdi. Pilotlar və bütün ekipaj böyük qəhrəmanlıq göstərdilər. Pilotların peşəkarlığı, qəhrəmanlığı sayəsində idarəedilməz vəziyyətdə olan təyyarəni müxtəlif üsullarla idarə edərək daha böyük faciənin qarşısını ala bildilər. Baxmayaraq, təcrübəli pilotlar bilirdilər ki, onlar bu qəza enişindən sağ çıxa bilməyəcəklər. Ancaq sərnişinləri xilas etmək üçün onlar maksimum dərəcədə böyük qəhrəmanlıq göstərmişlər. Məhz bunun nəticəsində təyyarə qəzasında sağ qalanlar var. Pilotlar və ekipaj üzvləri – həm peşəkarlıq, həm soyuqqanlılıq göstərmişlər. Xüsusilə qadın ekipaj üzvlərinin əzmkarlığı qiymətləndirməliyik. Onlar özləri stres vəziyyətində idi. Ancaq sərnişinləri sakitləşdirmək, təyyarənin içində xaos vəziyyəti yaratmamaq üçün görün, onlar nə qədər böyük insani davranış göstərmişlər. Onların fəaliyyəti Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndirildi. Dövlət başçısı 29 dekabr 2024-cü il Sərəncam imzaladı. Sərəncama əsasən Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun qərar qəbul edildi. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə aşağıdakı şəxslər təltif edilsinlər: “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə: Kşnyakin İqor İvanoviç (ölümündən sonra), Kalyaninov Aleksandr Georgiyeviç (ölümündən sonra), Əliyeva Hökumə Cəlil qızı (ölümündən sonra), 1-ci dərəcəli “Rəşadət” ordeni ilə: Əsədov Zülfiqar Sərdar oğlu, Rəhimli Aydan Vaqif qızı.
Allah ölən ekipaj üzvlərinə və bütün həlak olanlara rəhmət eləsin. Biz sağ qalanlara Allahdan şəfa diləyirik.
Mənzər Ağabəyova,
Bakı şəhəri 156 nömrəli tam orta məktəbin tarix müəllimi: