Analitika

Qəhrəman Azərbaycan övladları

Azərbaycanda may ayının 9-da faşizm üzərində qələbənin 78-ci ildönümü qeyd olunacaq.

Bu tarixi qələbə o qədər böyük və şanlı bir hadisədir ki, onu hansısa xalqın və millətin adına çıxmaq, geosiyasi maraqlara qurban vermək və ya əhəmiyyətsizləşdirilməsi ilə bağlı tendensiyaları cavabsız qoymaq olmaz. 1945-ci il mayın 8-dən 9-na keçən gecə alman generalı Vilhelm Keytel qeyd-şərtsiz təslim aktını imzaladı, bununla da Böyük Vətən müharibəsi faşizm üzərində qələbə ilə başa çatdı, yüz minlərlə azərbaycanlının iştirak etdiyi – bəşər tarixinin ən qanlı müharibələrindən biri sonlandı. Bu gün dünyada gedən proseslər, maraqların və hərbi güclərin toqquşması fonunda 9 Mayın əhəmiyyətinin azaldılmasına cəhdlər müşahidə olunur. Qələbə kimlərinsə adına çıxılır, hərə öz istədiyi tərzdə qələbəni şərh edir, maraqların toqquşduğu məqamlarda tərəflər hətta bir-birini inkar belə edirlər.

Lakin dünya tarixi ali həqiqətləri, bəşəriyyətin faşizmlə mübarizəsində qələbənin yalnız ümumi qələbə olduğunu yazır və bu həqiqət heç zaman dəyişməyəcək. Elə isə ümumi qələbədə öz payı olan, bütün resurs və imkanları ilə dünyanın, bəlkə də, tarixin ən böyük təhlükələrindən birindən xilas olmasında iştirak etmiş azərbaycanlıların, qəhrəman oğul və qızlarımızın xatirəsini, şücaətini andığımız, göstərdikləri cəsarətlə öyündüyümüz, gələcək nəsillərə ötürəcəyimiz xatirələrini yaşatdığımız, bir sözlə, iftixar etdiyimiz qələbənin qeyd olunduğu tarix hər birimiz üçün əzizdir!

Azərbaycan xalqı bu döyüşlərdə bütün dünya adına, gələcək uğruna var gücü ilə savaşıb və ümumi qələbənin qazanılmasında həlledici rollardan birini öz üzərinə götürüb.Üstəlik, bu həlledici iştirak da bütün dünya tərəfindən qəbul olunub və hər zaman təqdir edilib. 9 May – Azərbaycanın şanlı tarixinin zəfər və qəhrəmanlıq salnamələri ilə dolu səhifələrindən birini təşkil edir.

Azərbaycan “Böyük Vətən müharibəsi” kimi tarixə düşmüş 1941-1945-ci illər müharibəsinə 600 mindən çox oğlan və qız göndərmişdi. Onlardan 40 mini könüllü olaraq cəbhəyə yollanmışdı. Azərbaycanlılar əlavə beş milli – 77-ci, 223-cü, 271-ci, 402-ci, 416-cı diviziyaları formalaşdırmışdılar. 40 nəfər azərbaycanlı Brest qalasının müdafiəsində iştirak etmiş və son nəfəsinədək qala uğrunda döyüşmüşdü. 1941-ci ilin payızında Leninqrad səmasını qoruyarkən Hüseynbala Əliyev misilsiz qəhrəmanlıq göstərmişdi. O, düşmənin 6 təyyarəsindən 2-ni məhv etmiş, ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. 1941-ci ilin dekabrında Novqorod yaxınlığındakı Pustinka kəndi uğrunda döyüşlərdə İsrafil Məmmədov misilsiz igidlik göstərmiş, ilk dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Qafur Məmmədov, İdris Süleymanov da Şimali Qafqaz uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmişlər. 1942-ci ildə Stalinqrad uğrunda döyüşlərdə azərbaycanlılar şücaətlə vuruşmuşlar. Baloğlan Abbasovun snayperlər qrupu, Həzi Aslanovun tank alayı böyük igidlik göstərmişdi. H.Aslanov 1942-ci il dekabrın 22-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. O, ikinci dəfə bu adı Brezina çayını keçərək Presini şəhərini və 508 yaşayış məntəqəsini azad etdiyinə görə almışdı. 

Müxtəlif cəbhələrdə göstərdikləri rəşadətə görə 416-cı diviziya “Taqanroq diviziyası”, döyüşçülərinin əksəriyyətini azərbaycanlılar təşkil edən 227-ci diviziya “Temryuk diviziyası”, 77-ci diviziya, “Simferopol diviziyası” adını qazanmışdılar. 416-cı diviziya Qafqazdan Berlinə qədər döyüş yolu keçmiş, Berlinin zəbt olunmasında iştirak etmişdi. Polşa və Çexoslovakiyanın faşistlərdən təmizlənməsi uğrundakı döyüşlərdə göstərdiyi igidliyə görə görkəmli tarixçi alim, akademik Ziya Bünyadov da daxil olmaqla, 20 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. 

Müharibə illərində ordu sıralarına nəinki azərbaycanlı kişilər, hətta qocalar və qadınlar da səfərbər olunmuş, ən çətin döyüşlərdə iştirak edərək qəhrəmanlıq göstərmişlər. Təyyarəçi Züleyxa Seyidməmmədova, snayper Ziba Qəniyeva, gəmi kapitanı Şövkət Səlimova və başqa qadınların şücaətləri dillər əzbəri olmuş, tarixə düşmüşdür. Əsir düşən həmyerlilərimiz isə partizan dəstələri tərkibində vuruşaraq faşistlərə qan uddurmuşlar.

Azərbaycandan 123 nəfər soydaşımız böyük şücaət və qəhrəmanlıqlar göstərərək SSRİ-nin ən yüksək fəxri adına – Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görüldülər. Şimali Qafqazın müdafiəsində Qafur Məmmədov, Stalinqrad uğrunda döyüşlərdə Həzi Aslanov, Margita şəhərində gedən döyüşlərdə Gəray Əsədov igidliyə görə “Qızıl Ulduz” aldılar. Bu şərəfli ada xalqımızın cəsur oğlu tank qoşunları general-mayoru Həzi Aslanov 2 dəfə layiq görüldü. Azərbaycan faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz isə müxtəlif orden və medallarla təltif edilib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Həmyerlilərimiz Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər. 

Partizan hərəkatında iştirak edən soydaşlarımız da saysız-hesabsız qəhrəmanlıq nümunələri göstəriblər. İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş həmyerlimiz Həzi Aslanovun, həmçinin İsrafil Məmmədovun, Mehdi Hüseynzadənin, Gəray Əsədovun, komandirinin həyatını xilas etmək üçün sinəsini düşmən gülləsinə sipər edən dənizçi Qafur Məmmədovun, Leninqradın müdafiəsi zamanı 17 ölümcül yara almasına rəğmən təyyarəsini yerə endirən Hüseynbala Əliyevin, qadınlarımızdan təyyarəçi Züleyxa Seyidməmmədovanın, snayperçi Ziba Səlimovanın, gəmi kapitanı Şövkət Səlimovanın və başqa həmvətənlərimizin adları tarixə düşmüşdür. Qafqazın müdafiəsi uğrunda döyüşlərdə Ziya Bünyadovun bölməsi düşmənin xeyli canlı qüvvə və texnikasını məhv etmişdi. 1945-ci ilin yanvarında isə sovet ordusu Polşada döyüşdüyü zaman Ziya Bünyadovun başçılıq etdiyi bölüyün bütün döyüşçüləri Plitsa çayı üstündəki körpü uğrunda qeyri-bərabər döyüşdə göstərdikləri igidliyə görə təltif edildilər. Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verildi. Rəşid Məcidov Brandenburq darvazası üzərində Sovet bayrağını dalğalandırmışdır. Faşizmə qarşı mübarizədə 121 nəfər Azərbaycan SSR vətəndaşı (onlardan 43 nəfəri azərbaycanlıdır) Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfər (onlardan 15 nəfəri azərbaycanlıdır) “Şöhrət” ordeninin tam üç dərəcəsinin kavaleri oldu. Azərbaycanlılar Fransa, İtaliya və digər dövlətlərin orden və medallarını almışlar.

Böyük Vətən müharibəsi illərində qadınlar və qızlar demək olar ki, bütün hərbi ixtisaslara yiyələnmişdilər. Onlar təyyarələri, tankları idarə edirdilər, pulemyotçu, topçu və snayper olurdular… Sanitar xidmət, rabitə, əks-hava müdafiəsi, hərbi magistral yollarda nəqliyyat nəzarəti kimi xidmətlər əsasən qadınlar tərəfindən həyata keçirilirdi”. Onlar neft buruğlarında, dəzgahların, traktor sükanlarının arxasında, dəmir yollarında kişiləri əvəz edirdilər.Kursk kənarındakı döyüşlərdə hərbi şücaət nümunələri göstərən Züleyxa Həbib qızı Seyidməmmədova cəsur qadın pilotlardan biri idi. Züleyxanın xidmət etdiyi hava alayı Volqa sahillərindən Avstriyanın paytaxtı Vyanaya qədər şərəfli yol keçərək 4419 hərbi uçuş, 125 hava döyüşü yerinə yetirib və 38 alman təyyarəsini vurmuşdu. Züleyxanı aşıqlar “Göylər qızı” adlandırırdılar. O, Böyük Vətən Müharibəsi ərəfəsində, 1941-ci ilin may ayında Hərbi Hava Qüvvələri Akademiyasının Naviqasiya fakültəsini bitirir. Seyidməmmədova əks-hava müdafiə qırıcı aviasiyasına təyin olunur və SSRİ-nin bir sıra ən böyük şəhərlərini müdafiə edərək, məşhur mayor Qridnevin polkunda şturman olaraq çalışır. Müharibədən sonrakı dövrdə də o, ictimai fəaliyyətini davam etdirirdi. Züleyxa Seyidməmmədovanın əmək və sosial fəaliyyətləri bir sıra hökumət mükafatlarına layiq görülüb. Sinəsi müxtəlif ordenlərlə – “Lenin” ordeni, iki “Qırmızı Əmək Bayrağı ordeni”, iki “Şərəf nişanı” ordeni, Vətən müharibəsinin 2-ci dərəcəli hərbi orden və medalları ilə bəzədilmişdi.

A.V.Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun birinci kurs tələbəsi, 17 yaşlı gözəl və istedadlı azərbaycanlı qızı, Volxov cəbhəsi snayperinin güllələrini düşmənə dəqiq zərbələrlə endirən və tarixə ilk azərbaycanlı qadın snayper kimi düşmüş Ziba Qəniyeva. Müharibənin ilk günlərində, Moskvadakı yüz minlərlə Sovet tələbəsi kimi, Şamaxı şəhərində anadan olan Ziba hərbi komissarlığa müraciət edərək, onu cəbhəyə göndərmələrini xahiş edir. Bir neçə gün sonra onun ərizəsi qəbul olunur və Qəniyeva qısamüddətli atıcılıq kurslarına göndərilir. Burada o, pulemyot, snayper tüfəngini atmağı öyrənir və kəşfiyyat sənəti ilə də yaxından tanış olur. 151-ci diviziyanın snayper-kəşfiyyatçı zabiti Ziba Qəniyeva 12 aprel-23 may 1942-ci il tarixləri arasında iki zabit daxil olmaqla, 20 faşisti öldürür. Böyük Vətən Müharibəsi illərində bu incə qız ümumilikdə 129 işğalçını məhv edir. Cəsarətə görə, Ziba Qəniyeva bir çox dövlət mükafatına layiq görülür – “Qırmızı bayraq” və “Qırmızı ulduz” ordenləri, “Moskvanın müdafiəsinə görə” medalı. O, professor elmi adını almış və hətta 1945-ci ildə Nəbi Qəniyevin “Tahir və Zöhrə” filmində fars kraliçası rolunu oynamışdı.

Azərbaycan qadınları dəniz üzərində gedən döyüşlərdə də şücaət göstərərək fərqlənirdilər. İkinci Dünya Müharibəsi zamanı Şövkət Səlimovanın rəhbərliyi altında döyüş gəmisi “Dnepr” də daxil olmaqla cəbhəni neft və neft məhsulları, avadanlıq və sursatla təmin edir, Stalinqrada tərəf üzürdü. Həmçinin onun gəmisi yaralıları da Bakıya çatdırırdı. O, Xəzər Dəniz Gəmiçiliyi İdarəsində əvvəl müavin vəzifəsində, sonra isə gəmi kapitanı kimi çalışmışdı. Müharibə illərində dünyanın iki qadın gəmi kapitanından biri olan Şövkət Səlimova iki “Qırmızı ulduz” ordeni ilə təltif olunmuşdu.

9 may tarixi faşizmə qalib gəlmək uğrunda vuruşanların, xüsusən də faşizm bəlasından hətta dünya müharibəsindən sonra da əziyyət çəkən azərbaycanlıların zəfərinin təntənəsidir. İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçən Azərbaycan övladlarının qəhrəmanlıq və şücaəti heç vaxt yaddaşlardan silinmir, gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir

Xancanova Hüsnüyyə,
Xəzər rayonu, v92 N-li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button