Analitika

Qədim Şuşanın azadlığa qovuşması ilə Vətən tariximizin qəhrəmanlıq salnaməsinə daha bir parlaq səhifə yazıldı

Şuşanın fəthi Qarabağ torpaqlarının azadlığı uğrunda 30 illik ölüm-dirim mübarizəsinin son akkordu oldu. Düşmən darmadağın edilərək təslim oldu. Möhtərəm Prezidentimiz İlham Əliyev müsahibələrinin birində qeyd etmişdi ki, Şuşasız bizim işimiz yarımçıq olar. Çünki Şuşa bizim döyünən ürəyimiz, qürur mənbəyimiz, qeyrət qalamızdır. Bayrağı Günü ərəfəsində qədim Azərbaycan şəhəri, milli mədəniyyətimizin, milli musiqimizin beşiyi, qürur yerimiz Şuşa şəhərinin azad edilməsi ikinci Qarabağ müharibəsində bütün Azərbaycan dövlətçiliyinin tarixinə qızıl xətlərlə yazılmış oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mayın 10-da Şuşaya səfəri də tarixi səfər oldu. Ölkə başçısı burada Şuşa şəhərinə köçmüş ilk sakinlərlə görüşdü. Bu görüş azərbaycançılığa sədaqət duyğuları yaşatdı, Vətənə sevgini kükrətdi, Şuşa uğrunda döyüşlərdə şəhid olanların ruhuna ehtiram hissləri doğurdu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şuşa şəhərinə köçmüş ilk sakinlərlə görüşdə dedi: “Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi”.

Şuşanın azad edilməsi Ermənistan ordusunun müqavimət gücünü tamamilə sarsıtdı. Nəticədə bu əməliyyatdan bir gün sonra – noyabrın 9-da Azərbaycan Ordusu daha 71 kəndi, bir qəsəbəni və 8 strateji yüksəkliyi düşməndən təmizlədi.

Azərbaycan xalqının mətinliyi və dönməzliyi, azadlıq ruhunun sarsılmazlığı və tarixin bütün sınaqlarından alnı açıq çıxmış Azərbaycan–Türkiyə qardaşlığı və müttəfiqliyi, bütün Türk dünyasının mənəvi birliyi Azərbaycanın Cənubi Qafqaz bölgəsində güc mərkəzi və söz sahibi olduğunu şərtləndirən əsas amillərdir. Qlobal siyasi rəqabət meydanında Azərbaycanla üz-üzə gəlmək istəyən istənilən qüvvə bu amillərlə hesablaşmalıdır.

Rəna Süleymanlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button