Qazaxıstan ilə qardaşlıq münasibətləri həyati zərurətdir
Cənab İlham Əliyev bu günlərdə qardaş Qazaxıstana səfər etmişdir. Paytaxt Astananın mərkəzində Ulu Öndər Heydər Əliyevin adını daşıyan küçə açılıb. Bu küçənin açılışı bir daha iki qardaş xalqın arasında olan qırılmaz dostluğun bariz nümunəsidir.Küçənin açılışı Ulu Öndər Heydər Əliyevin xatirəsinə, habelə bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlamətidir.
Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsü iki xalq arasında dostluğun rəmzidir. Bu, Mərkəz Qazaxıstanın Azərbaycana hədiyyəsidir. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq.
Keçən ilin avqust ayında Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı Müttəfiqlik qarşılıqlı əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında bəyannamə imzalandı. Cari ilin 10 aprel tarixində imzalanmış Bəyannamə də əlaqələrin möhkəmlənməsinə yönəlib.
Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir. Xəzər regionunda, mərkəzi Asiya və cənubi Qafqazbölgəsində baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq və ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diktə edir.
Müttəfiqlik münasibətlərini konkret məzmunla zənnginləşdirmək üçün Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması və Orta Dəhlizin imkanlarını tam səfərbər etmək lazımdır. Ölkələrimizin nəqliyyat – logistika infrastrukturlarının birləşdirilməsi üzrə ciddi işin başlanması barədə qərarlar, Şərq-Qərb marşrutu üzrə yük daşımalarının artırılması əməkdaşlığın perspektivliyini təmin edir.
Nəzərə alınmışdır ki, əmtəə dövriyyəsi milyard dollara çatmalıdır. Buna görə də biz bir-birimizin infrastrukturunu, bir-birimizin sənaye potensialını tədarük edə biləcəyimiz mallar hesabına tamamlamalıyıq və əmtəə dövriyyəsini çoxaltmalıyıq.
Biz qardaş ölkə ilə beynəlxalq müstəvidə də bir-birimizə qarşılıqlı dəstək olmalıyıq. Xüsusən, ölkələrimizdən birinin üzv olduğu təşkilatlarda bir- birimizi dəstəkləyirik. Bu, uzun illər boyu dövlətlərimiz arasındakı münasibətlərin səmimi xarakterini nümayiş etdirir.
İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağı təklif etdi. Bu proses praktik olaraq başlanıb. Qazaxıstanın məhz bizim regionda sülhün bərqərar olunmasına yönəlmiş siyasəti prinsipial mövqeyə malikdir. Qazaxıstan beynəlxalq arenada böyük nüfuza malikdir. Beynəlxalq təhlükəsizliklə bağlı məsələlər daimi diqqət və dəqiq ölçülüb-biçilmiş mövqe tələb edir. Azərbaycanın bugünkü siyasi vəziyyətində bu cür mövqeyə malik bir ölkənin dəstəyinə böyük ehtiyacı var.
Prezident İlham Əliyevin Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimində çıxışı hamının diqqətini cəlb etmişdir. O qeyd etmişdir ki, Ulu Öndər həyatının bütün dövrlərində xalqlarımız arasında olan dostluq siyasətinin möhkəmlənməsinə çalışmışdır. Ötən əsrin 60-cı illərinin sonundan 80-ci illərin əvvəlinə qədər Azərbaycan onun rəhbərliyi ilə sosial-iqtisadi inkişafa görə SSRİ miqyasında qabaqcıl mövqelərə çıxmışdır. Sonra Moskvada SOV.İKP MK-nın Siyasi Bürosunun-sovet dövlətinin ali məşvərət orqanının üzvü qismində və hökumətin sədrinin birinci müavini vəzifəsində işlədiyi dövrdə Heydər Əliyev keçmiş SSRİ-nin xalq təsərrüfatının ən mühüm sahələrinə rəhbərlik edirdi. Azərbaycan xalqı ona həmişə inanır və ən çətin dövrdə taleyini ona bağlayırdı. Onun apardığı düzgün və müdrik siyasət nəticəsində Azərbaycan faktiki olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas edildi.
Ulu Öndər ən mürəkkəb dövrdə Azərbaycana rəhbərlik etdi. Onun səyləri nəticəsində mahiyyət etibarilə xalqımızın sonraki bəlalarının və faciələrinin qarşısı alındı. Həmin dövrdə daxili ziddiyətlər ölkəni didib-parçalayırdı, vətəndaş müharibəsi tam sürətlə gedirdi, eyni zamanda, Azərbaycan torpaqları işğal edilirdi.
İlham Əliyev qeyd etmişdir ki, Ulu Öndərin Prezident vəzifəsində olduğu 10 il- 1993-2003-cü illər sabitlik, inkişaf və Azərbaycanın gələcək sıçrayışı üçün təməl qoyulması oldu.
Ulu Öndər Heydər Əliyevin əsas vəsiyyəti ondan ibarət idi ki, torpaqlarımızı işğaldan azad etməli, ərazilərimizi özümüzə qaytarmalı, Azərbaycan xalqının ləyaqətini bərpa etməliyik. Bu gün, Ulu Öndərin 100 illik yubileyi ərəfəsində inamla deyə bilərik ki, onun düşündüklərinin hamısı reallaşıb. İlham Əliyev qeyd etmişdir : ,,Mən çox xoşbəxtəm ki, ata nəsihətini yerinə yetirdim”. Sonra cənab İlham Əliyev Heydər Əliyevin türk dünyasını daha da sıx birləşdirmək üçün apardığı siyasətdən danışmışdır. Ulu Öndər hakimiyyətdə olduğu illərdə həmişə çalışmışdır ki, bütün türk dünyası birləşsin. Biz onun işinin, fəaliyyətinin nəticələrini, o cümlədən bunda görürük ki, artıq türk dünyası birləşir. Artıq beynəlxalq arenada böyük nüfuz sahibi olan güclü təşkilat yaratmışıq. Bu gün Astanada Ulu Öndərin adına küçənin təntənəli açılışı buna bariz nümunədir.
Biz inanırıq ki, bu qarşılıqlı əməkdaşlıq və qardaşlıq münasibətləri daimi olacaq.
Quliyeva Şəmsiyyə,
Xəzər rayonu, E.Əliyev adına 234 nömrəli tam orta məktəbin müəllimi