
Azərbaycan ilə Özbəkistan arasında münasibətlər tarix, dil, din və mədəni dəyərlərə əsaslanan dərin qardaşlıq təməli üzərində qurulub. Son illərdə isə bu əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək çoxşaxəli əməkdaşlıq müstəvisində inkişaf etməkdədir. Siyasi dialoqdan iqtisadi inteqrasiyaya, humanitar əməkdaşlıqdan regional təhlükəsizlik məsələlərində ortaq mövqelərə qədər uzanan bu münasibətlər, Türk dünyasının gələcəyi üçün strateji əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin UzA-ya verdiyi müsahibədə Mərkəzi Asiya ilə əməkdaşlıq, regional sabitlik və Azərbaycan-Özbəkistan münasibətləri ön planda idi.
Azərbaycan Prezidenti İlham Əliyev 13 noyabr 2025-ci ildə Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibədə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü, regional əməkdaşlıq və Azərbaycan-Özbəkistan münasibətləri ilə bağlı mühüm fikirlər səsləndirib. Prezident İlham Əliyev müsahibədə bildirdi ki, bu, onun Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə üçüncü iştirakıdır. İlk görüş 2023-cü ildə Düşənbədə, ikinci isə 2024-cü ildə Astanada keçirilib. Daşkənddə keçiriləcək növbəti görüşə böyük önəm verdiyini vurğulayan Prezident İlham Əliyev , bu formatın regional əməkdaşlıq üçün mühüm platforma olduğunu qeyd etdi.
Azərbaycan-Özbəkistan münasibətlərinin “müttəfiqlik” səviyyəsindədir. Prezident Mirziyoyev ilə şəxsi dostluq münasibətlərinin ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynadığını qeyd edib. Qarabağ məsələsində Özbəkistanın rolu da xüsusi vurğulanıb, Cənab Prezident İlham Əliyev Mirziyoyevə azad olunmuş Füzuli şəhərində Mirzə Uluqbəyin adına məktəb tikdiyinə görə minnətdarlığını bildirib. Cənab Prezident İlham Əliyev qeyd edib ki, 2024-cü ildə ölkələr arasında ticarət dövriyyəsi 252 milyon ABŞ dolları olub, və 2025-ci ilin ilk doqquz ayında bu göstərici 319 milyon ABŞ-dollara çatıb – bu da keçən ilin eyni dövrü ilə müqayisədə 87,5% artımdır. Müsahibədə Prezident Əliyev Azərbaycanın tranzit imkanlarından və bu sahədə Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıqdan da danışıb.
Cənab Prezident İlham Əliyev regionda sabitliyin və təhlükəsizliyin qorunmasının vacibliyini vurğulayaraq, Azərbaycanın bu istiqamətdə fəal rol oynadığını qeyd edib. O, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlığın əhəmiyyətindən danışıb. Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlığa dair Hökumətlərarası Komissiyanın iqtisadi əlaqələrin inkişafı və perspektivli işbirliyi istiqamətlərinin müəyyənləşdirilməsi sahəsindəki aktiv fəaliyyətini xüsusi qeyd edib.
Artıq mütəmadi olaraq keçirilən Azərbaycan-Özbəkistan Regional Forumu bu istiqamətdə əməkdaşlığın təşviqi üçün səmərəli platformadır. Azərbaycan qardaş Özbəkistan ilə iqtisadiyyatın bütün sahələrində əməkdaşlığı daha da genişləndirməkdə maraqlıdır. Bunun üçün güclü siyasi iradə və əhəmiyyətli potensial mövcuddur. Bu günədək iqtisadi münasibətlərimizin daha da inkişafı üçün etibarlı hüquqi baza yaradan təxminən 200 sənəd imzalanıb. Azərbaycan hər iki tərəfin maraqlarına uyğun olan və xalqlarımız arasında dostluğun, tərəfdaşlığın möhkəmlənməsinə töhfə verən qarşılıqlı faydalı əməkdaşlığı bundan sonra da dəstəkləyəcək.
Ramin Əliyev,
Yeni Azərbaycan Partiyası, məsləhətçi



