
Azərbaycan və Özbəkistan arasındakı münasibətlər əsrlər boyu formalaşmış ortaq tarixə, mədəniyyətə və dil birliyinə əsaslanır. Qarabağın azad edilməsindən sonra bu dostluq münasibətləri daha da möhkəmlənmiş, Özbəkistan Respublikası Azərbaycanın bərpa və yenidənqurma prosesində həm maddi, həm də mənəvi dəstəyini nümayiş etdirmişdir. Xüsusilə Füzuli və Ağdam şəhərlərinin dirçəldilməsində bu qardaş ölkənin rolu böyükdür.
Özbəkistanın Füzuli şəhərində inşa etdiyi “Mirzə Uluqbəy” adına məktəb bu dostluğun canlı nümunəsidir. Bu təhsil ocağı yalnız tikili deyil, həm də iki xalq arasında mənəvi körpüdür. Hər bir sinif otağı, hər bir uşaq səsi iki millətin bir-birinə olan sevgisini və qarşılıqlı hörmətini ifadə edir. Bu təşəbbüs həm də Türk dünyasında birliyin gücünü göstərir.
Maddi yardımlarla yanaşı, Özbəkistan xalqı mənəvi dəstəyini də daim ifadə etmişdir. Müharibə dövründə və ondan sonrakı illərdə Özbəkistan mediası, ziyalıları və ictimai təşkilatları Azərbaycanın haqlı mübarizəsini dəstəkləmiş, beynəlxalq səviyyədə ədalətin yanında olduqlarını göstərmişlər. Bu həmrəylik iki dövlət arasında qardaşlığın sarsılmaz təməlini bir daha möhkəmləndirdi.
Bu gün Azərbaycan və Özbəkistan münasibətləri sadəcə diplomatik əlaqələr çərçivəsində deyil, bir ürək, bir amal üzərində qurulub. Qarabağın bərpasında Özbəkistanın payı tarixdə minnətdarlıqla xatırlanacaq və gələcək nəsillərə qardaşlığın parlaq nümunəsi kimi çatdırılacaq.
YAP Xəzər rayon təşkilatının fəalı
Turan Zeynalzadə