Analitika

Qaranlığa nur saçan Zərifə Əliyeva ömrünün işığı

“Azərbaycan alimləri, ziyalıları ölkəmizin, cəmiyyətimizin elitasıdır. Onların dünyagörüşü, mövqeyi, hərəkətləri, fəaliyyəti Azərbaycanın inkişaf dinamikasını, inkişaf perspektivlərini xeyli dərəcədə müəyyən edir.” – bu sözləri Dövlət Başçısı Cənab İlham Əliyev söyləmişdir. Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanı xatırlayanda həm də göz önündə mənəvi kamilliyinin ən uca zirvəsində dayanan görkəmli elm fədaisinin işıqlı çöhrəsi canlanır. Yüksək intellekt və mədəniyyət, dərin bilik, insanpərvərlik, vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın portretini tamamlayan əsas cizgilərdir. Siravi həkimlikdən akademikliyə qədər yüksəlmiş Zərifə xanım oftalmologiya elminin inkişafına dəyərli töhfələr verib, bu sahə üzrə yüksək ixtisaslı kadrların yetişdirilməsində böyük əmək sərf edib. Zərifə xanımın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər tibb elmimizin parlaq səhifələridir. Bütün bu uğurların kökündə akademik Zərifə xanım Əliyevanın aldığı həyat dərsi dayanırdı. Doğulub boya-başa çatdığı mühitin onun taleyində həlledici rolu olub. Akademik Zərifə xanım Əliyeva 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində anadan olmuşdur. Yüksək vəzifələrdə çalışmış, dərin intellekti olan Əziz Əliyevin enişli-yoxuşlu həyatı qızı Zərifə xanım üçün həyat məktəbi idi. Atasının yolunu davam etdirməyi, gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə həmin institutu əla qiymətlərlə bitirir. Sonra isə Moskvada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ikiillik ixtisasartırma kursu keçərək həkim-oftalmoloq ixtisasına yiyələnir. “Traxoma” xəstəliyi ilə bağlı tədqiqatının yekunu olaraq 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdi.

Onun təklif etdiyi müalicə metodu tezliklə geniş təcrübi tətbiqini tapmış və nəticədə respublikada “Traxoma” xəstəliyi ləğv olunmuşdu. Görkəmli alim sonra fəaliyyətini Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasında davam etdirmişdir. Burada dosent, professor, kafedra müdiri vəzifələrində işləmişdir. Oftalmologiyanın aktual problemlərinə həsr edilmiş çoxprofilli tədqiqatlar aparmışdır.

Həmin dövrdə Zərifə xanım oftalmologiyanın aktual problemlərinə xüsusi diqqət yetirmişdi. Bu problemlər arasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tutmuşdu. Görmə orqanının peşə patalogiyası ilə bağlı araşdımalarının ilkin nəticələrini ümumiləşdirərək Moskvada, M.Helmholts adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda “Azərbaycan kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, 1977-ci ildə tibb elmləri doktoru alimlik dərəcəsi almısdır.

Zərifə xanım Əliyeva SSRİ Tibb Elmləri Akademiyasının “M.İ. Averbax adına Mükafat”ına layiq görülmüş ilk qadın alim idi. “Kəskin virus konyuktivitləri”, “Qlaukoma və gözün hipertenziyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Göz yaş yollarının qoruyucu cərrahiyyə üsulları” və başqa əsərləri tibb elminin inkişafında böyük rol oynamışdı.
Zərifə xanım 150-dən çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin və dərs vəsaitlərinin müəllifidir.

Zərifə xanımın oftalmologiyanın müxtəlif sahələrində yorulmadan apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər çağdaş dövrümüz də öz aktuallığı itirməmişdir. Böyük alimin əziz xatirəsi xalqımızın qəlbində yaşayır və yaşayacaqdır.

Cəfərli Ayşən,
Xəzər rayonu, 323№li tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button