Qaraheybətdə Helikopter qəzasında şəhid olmuş Əliyev Emil Elman oğlunun şəhadət günündə əziz xatirəsi yad edildi
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağımızın azadlığıyla nəticələndi.
44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Azərbaycan, sadəcə, torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirdi.
Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. Çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağımıza qayıtdıq.
Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.
30 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramışdır. Helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olmuş, 2 nəfər isə yaralanmışdır. Bu, Azərbaycanın hüquq-mühafizə orqanlarının tarixindəki ən böyük aviasiya qəzasıdır.
Rayon İcra Hakimiyyətinin başçısı aparatının, YAP Nəsimi rayon təşkilatının nümayəndələrinin, Şəhid ailələri, Vətən müharibəsi qaziləri və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəza zamanı həlak olmuş Şəhid Əliyev Emil Elman oğlunun şəhadət günündə əziz xatirəsini dərin hörmət və ehtiramla yad etmiş, məzarı üzərinə gül-çiçək dəstələri düzmüşdürlər.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.