AnalitikaGündəmSiyasət

Qarabağın taleyində yeni mərhələ

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə… Bu dörd şəhərin adını bir-birindən ayırmaq çətindir, çünki onların hər biri Qarabağın ümumi tarixinin ayrı-ayrı səhifələrini özündə yaşadır. 20 Sentyabrın bu şəhərlərin günü kimi qeyd edilməsi xalqımız üçün böyük tarixi və mənəvi əhəmiyyət daşıyır. Bu tarix Qarabağın taleyində yeni mərhələnin başlanmasını, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi ilə yaranmış yeni reallıqları, doğma torpaqlara qayıdışın sürətləndiyini nümayiş etdirir. Uzun illər ərzində Qarabağ haqqında danışarkən insanların gözləri dolur, köhnə şəkillərə baxılır, doğma küçələrin xatirələri yada salınırdı. İndi isə həmin xatirələr yenidən gerçək həyatın bir hissəsinə çevrilir. Xankəndidə Azərbaycan bayrağının əzəmətlə dalğalanması, Xocalının yenidən qurulan küçələri, Xocavəndin dağlarında aparılan abadlıq işləri, Ağdərənin gələcəyə açılan yolları böyük bir Zəfərin davam edən salnaməsidir. Qarabağın torpağına səpələnən hər addımda şəhidlərin xatirəsi, qazilərin fədakarlığı və xalqımızın həmrəyliyi yaşayır. Bu şəhərlərə qayıdış həm də illərlə qorunan milli yaddaşın öz doğma məkanına qayıdışıdır.

Bu gün Qarabağın siması gündən-günə dəyişir. Bir vaxtlar yalnız xatirələrdə canlandırılan şəhər həyatı indi yenidən qurulur. Müasir yollar, yaşayış kompleksləri, məktəblər, inzibati binalar, sosial və mədəni obyektlər yaradılır. Qarabağda həyata keçirilən layihələr Azərbaycan dövlətinin qarşıya qoyduğu böyük quruculuq məqsədlərinin miqyasını nümayiş etdirir. Lakin bütün bu işlərin ən böyük mənası insanların öz doğma yurdlarına qayıtmasıdır. Çünki şəhəri şəhər edən yalnız binalar və yollar deyil, orada yaşayan insanların nəfəsi, arzuları və xatirələridir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə öz sakinlərinə qovuşduqca onların küçələrində yeni həyatın səsi daha da güclənəcək. Uşaqların məktəbə getməsi, ailələrin yeni evlərində məskunlaşması, insanların doğma torpaqlarında gələcək planları qurması Qarabağın ən böyük dirçəliş mənzərəsidir. 20 Sentyabr bu baxımdan Zəfərdən sonrakı quruculuq dövrünün mənəvi simvollarından biridir. Bu günün işığında keçmişə ehtiram, bu günə qürur və sabaha böyük inam duyğusu birləşir.

Xədicə Vəliyeva,
YAP Xəzər rayon təşkilatının fəalı 

Oxşar Xəbərlər

Back to top button