
“Şkendiya”ya səfərdə qalib gəlmək çox vacib idi.
“Globalnews.az” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Şkendiya”ya (Şimali Makedoniya) qarşı keçirdikləri ilk oyundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis səfərdə qazanılan qələbəyə görə sevincli olduqlarını bildirib:
“Sona qədər mübarizə apardıqlarına görə futbolçularıma təşəkkür edirəm. Səfərdə qələbə qazanmaq çox vacib idi. Oyun ərzində səhvlərimiz çox oldu. Lakin yekunda lazım olan nəticəni qazana bildik. “Şkendiya” barədə ancaq xoş sözlər deyə bilərəm. Çempionlar Liqasının II təsnifat mərəhləsində Rumıniyanın FCSB komandasına qarşı gözəl çıxış etmişdilər. Belə komanda ilə səfər matçından qalibiyyətlə dönmək sevindirici haldır. Bakıda bu rəqibə qarşı daha diqqətli oyun sərgiləməliyik. Çünki qarşımızda məğlub olmağı sevməyən bir kollektiv var”.
O, qarşılaşmanın baş tutduğu “Todor Proeski” stadionunda ab-havanın möhtəşəm olduğunu söyləyib:
“Belə yaxşı stadionda bu qədər azarkeşin olması matçı daha da gözəlləşdirdi. Bu ab-hava “Şkendiya”ya da əlavə motivasiya vermişdi. Gözəl atmosferə və baxımlı oyuna görə həm yerli azarkeşlərə, həm də rəqib komandaya təşəkkür edirəm”.
Qeyd edək ki, “Şkendiya” – “Qarabağ” oyunu Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq.