2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə boyu genişmiqyaslı təxribatına cavab olaraq Azərbaycan ordusu əks-hücum əməliyyatına başladı və 44 gün ərzində Vətən müharibəsində Böyük Qələbə qazandı. Qəhrəman əsgər və zabitlərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə davamlı şəkildə irəliləyərək doğma torpaqlarını 30 illik düşmən işğalından azad etdilər. Azərbaycan Ordusunun zəfər yürüşü, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, dəmir iradəsi və diplomatik məharəti sayəsində 2020-ci il noyabrın 10-da ordusu məhv edilmiş Ermənistan rüsvayçı kapitulyasiya aktını imzalamağa məcbur oldu. Ermənistanın təslim olduğunu rəsmən təsdiqləyən bu sənədin imzalanmasından sonra mövqeləri güclənən Azərbaycan təkcə işğalçı ölkəyə deyil, onu himayə edənlərə də sərt üzünü göstərdi.
İkinci Qarabağ müharibəsinin başa çatmasını rəsmən təsdiqləyən 10 noyabr üçtərəfli Bəyanatın imzalanmasından 4 il ötür. Bu bəyanat Azərbaycanın hərbi-siyasi qələbəsini, Ermənistanın isə kapitulyasiyasını təsdiqlədi. Şuşanın alınması Ermənistanı tamamilə tərksilah etdi, işğalçı ölkənin bütün manevr imkanlarını iflasa uğratdı, İrəvanın dünya ictimaiyyətini aldatmaq taktikası öz mənasını itirdi, düşmən müqavimət göstərməyin mənasız olduğunu anladı və təslim oldu.
Bəyanatda digər mühüm məqam ondan ibarət idi ki, “Dağlıq Qarabağ”a hər hansı statusun verilməsindən söhbət getmirdi və Azərbaycanın ərazi bütövlüyü tam təmin edilirdi. Bu, şübhəsiz, Azərbaycanın tam və qeyd-şərtsiz qələbəsinin əyani sübutu oldu. Noyabrın 10-da imzalanmış Bəyanat Prezident İlham Əliyevin qeyd etdiyi kimi sadəcə, atəşkəs barədə razılaşma deyil, bu, atəşkəsdən daha böyük sənəddir, çünki burada gələcəkdə hadisələrin necə inkişaf edəcəyi, necə davam edəcəyi açıq-aydın göstərilir. Bəyanatın kommunikasiyaların açılmasını təmin etdiyini vurğulayan dövlət başçımız əlavə etmişdi ki, sənəd regionda gələcək əməkdaşlığa dair Bəyanat olmaqla yanaşı, Azərbaycanla Ermənistan arasında sülh sazişi üçün bünövrədir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmağa məcbur oldu. Ölkəmizin ayrılmaz hissəsi olan Ağdam, Laçın, Kəlbəcər rayonları, Laçın şəhəri, Zabux və Sus kəndləri qan tökülmədən qaytarıldı.Bundan başqa, 2021-ci il 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalandı. Hesab edirəm ki, bu tarixi sənədin imzalanması da iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırdı.
Bu bəyanatın imzalanması ilə Azərbaycanın gələcəkdə əldə edəcəyi nailiyyətlərin də əsası qoyulmuş oldu. Qarabağda aparılan sürətli quruculuq işləri, Füzuli, Zəngilan aeroportlarının qısa müddət ərzində tikilib istifadəyə verilməsi, 15 iyun 2021-ci il tarixində Türkiyə Respublikası ilə imzalanmış Şuşa Bəyannaməsi bu nailiyyətlərin sadəcə bir qismidir və 10 noyabr bəyanatını diz çökərək imzalayan Ermənistan dövləti aldığı dərslərdən ağıllı nəticələr çıxarmalı, Azərbaycanın təhlükəsizliyinə qarşı atılacaq istənilən addımın qarşısının Ali Baş Komandanımız , ordumuz tərəfindən qətiyyətlə alınacağını bilməli və dövlət olaraq varlığını sürdürəbilməsinin Azərbaycanla sülh imzalamasından asılı olduğunu unutmamalıdır.
Günel Əlizadə,
YAP-ın gənc fəalı