30 il ərzində Ermənistanla dialoqun alınmamasının səbəbi hamıya aydındır. Çünki Ermənistanın işğalçı siyasəti hər hansı dialoqu nəzərdə tutmurdu, onlar danışıqlar formatından işğalı davam etdirmək üçün pərdə kimi istifadə edirdilər. Bu yaxınlarda mətbuatda çıxan Ermənistanın birinci prezidentinin faşist bəyanatı bizim prinsipcə çoxdan bildiyimiz faktı bir daha təsdiq etdi. Ermənistan Azərbaycan ərazilərinin bir santimetrini belə azad etmək istəmirdi. Bir müttəfiqindən milyardlarla dollarlıq pulsuz silah, digər ikisindən isə siyasi və mənəvi dəstək aldıqlarına görə özlərini rahat hiss edirdilər. Beləliklə, ATƏT-in Minsk qrupunun üç həmsədrinin hamısı həmin dövrdə birmənalı olaraq işğalçının tərəfində idi. Ona görə də biz, əlbəttə, bu ərazilərin dialoq yolu ilə qaytarılacağını güman etmirdik. Nəticədə, İkinci Qarabağ müharibəsi oldu, qalib olduq, imzalanan Üçtərəfli Bəyanat əsasında ərazi bütövlüyümüzü öz imkanlarımız daxilində bərpa etdik. Əslində Üçtərəfli Bəyanatın bağlanması şərtlərinin razılaşdırılması zamanı Qazax rayonunun işğal olunmuş kəndləri mövzusu da Azərbaycan tərəfindən qaldırılmışdı. Qazaxın dörd kəndi ilə bağlı son tələb Ermənistanın baş naziri qarşısında təxminən bir il əvvəl qoyulmuşdu. Bu mövzu İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra daim gündəlikdə idi. Buna qədər onun heç bir mənası yox idi. Belə ki, işğalla bağlı əsas məsələ həll olunmamış qalırdı. Amma həmin vaxt müəyyən səbəblər üzündən bunu etmək mümkün olmadı, lakin bilirdik ki, bütün hallarda biz ona nail olacağıq. Bütün ərazilərimiz üzərində tam nəzarəti qaytaracağımızı bildiyimiz kimi. Beləliklə, Ermənistanı könüllü-məcburi şəkildə bu kəndləri qaytarmağa vadar edən bir neçə amil oldu. Birincisi, Vətən müharibəsi və onun nəticələri, ikincisi, antiterror əməliyyatı. Bu, həmçinin təkcə delimitasiya üzrə deyil, həm də sərhədin demarkasiyası işində ilk yaxşı addım hesab edilir. Bu, elə bir nadir hadisədir ki, delimitasiya və demarkasiya demək olar ki, eyni vaxtda həyata keçirilir. Biz bu məsələdə ədalətə nail olduq, ərazilərimizi bərpa etdik. İndi artıq həmin kəndlərə mütəxəssislərdən ibarət qrup ezam olunub. Orada erməni yaşayış məntəqələrinə yaxınlıq məsələsi və eskalasiya olacağı təqdirdə müəyyən təhdidlər var. Ona görə də bu kəndlərin sakinləri üçün mənzil fondunun tikintisi məqsədilə daha çox müdafiə olunan yer seçilməli, onların təhlükəsizliyi təmin edilməlidir. Çünki belə bir təcavüzkar qonşumuz olduğu üçün biz, ilk növbədə əhalimizin təhlükəsizliyi haqqında düşünməliyik. Proses maksimum şəffaf oldu, həmçinin ermənilərin yeni himayədarları tərəfindən müsbət qarşılandı, çünki demarkasiya prosesi də aparıldı.
İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının nəticələri Ermənistanda çox ciddi qəbul edilməlidir. Ermənistanda gedən silahlanma prosesi Cənubi Qafqaz üçün yeni təhdid amilidir. Eyni zamanda, bu gün, sanki Ermənistanın arxasında duran kimi görünən və onları Azərbaycana qarşı yeni provokasiyalara, təxribatlara təhrik edənlər, çox güman ki, axıra qədər onların arxasında durmayacaqlar. Necə ki, 2020-ci ildə və ondan sonrakı dövrdə dura bilməmişlər. Ona görə yox ki, durmaq istəmirlər, sadəcə olaraq, Azərbaycan bu imkanları verməyəcək. Biz Qarabağın və Şərqi Zəngəzurun bərpasına 4 milyard, hərbi və təhlükəsizlik məsələlərinin həlli üçün 8,4 milyard manat vəsait xərcləmişik. Bu, tam fərqli ola bilərdi. Çünki Ermənistanın silahlanma yarışı bizi də maliyyə resurslarımızı əsas məsələlərdən başqa hərbi məsələlərə cəlb etməyə məcbur edir. Təbii ki, Ermənistan silahlanma yarışında bizimlə rəqabət apara bilməz. Ermənistana bu silahlar ya pulsuz verilir, ya da ki, kredit şəklində. O kreditlər də müəyyən dövrdən sonra silinir. Eyni zamanda, Avropa İttifaqının dırnaqarası sülh fondundan. Dırnaqarası, çünki sülh fondu, əslində, sülh məqsədləri üçün istifadə olunmalıdır. Onların sülh fondu isə silahlanmaya istiqamətləndirilir. Narahatedici digər fakt odur ki, keçən ilin aprelində tarixdə ilk dəfə olaraq çox qəribə bir əməkdaşlıq platforması yaradılmışdır – Amerika, Avropa İttifaqı və Ermənistan. Bildiyiniz kimi, Amerikanın Dövlət katibi, Avropa Komissiyasının prezidenti və xarici işlər naziri, Ermənistan baş naziri Brüssel şəhərində bir araya gəlmişdilər, faktiki olaraq yeni bir əməkdaşlıq haqqında razılıq əldə etmişdilər. Bu görüşdən əvvəl əldə edilmiş razılaşmada hərbi komponent də var idi, ancaq ondan sonra o, rəsmən oradan çıxarıldı, amma de-fakto orada qalır. Bu, əslində, həm Avropa Komissiyasını, həm Amerika Birləşmiş Ştatlarını Azərbaycan-Ermənistan normallaşma prosesindən kənarlaşdırıb. Əgər hər hansı bir tərəf tərəf tutursa, o, dürüst vasitəçi ola bilməz. Məhz buna görə keçən ay Amerika Dövlət katibinin xahişi havada qaldı və Azərbaycan üçtərəfli görüşə razılıq vermədi. Ermənistanın silahlanması yeni gərginliyə gətirib çıxaracaq. Biz bunu istəmirik. Biz sülh istəyirik. Biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın. Ancaq görürük ki, Ermənistanın həm özü, həm onun yeni havadarları bunu istəmirlər. Onlar revanşist fikirlərlə yaşayırlar və Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir. Müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar. Ermənistanın birinci prezidentinin irqçi və faşist açıqlamaları nə dərəcədə eybəcərdirsə, bir o qədər də təhlükəlidir. O, etnik təmizləməni bir qürur mənbəyi kimi qələmə verir, azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarından qovulması ilə öyünür. Sadəcə olaraq, bu videomaterial indi ictimailəşdirildi. Ancaq təbii ki, bunu Ermənistanda bilirdilər.
Ermənistanın müttəfiqləri, havadarları, təbii ki, bilirdilər və bu fikirləri bölüşürdülər. Bizə qarşı 30 illik işğalçılıq siyasəti, sadəcə olaraq, Ermənistan məhsulu deyil, onunla həmrəy olan islamofob, azərbaycanofob, irqçi, ksenofob dairələrin, xarici ölkələrin nümayəndələrinin birgə məhsuludur. Belə bir faşist dövlətlə biz qonşuyuq və faşizm təhlükəsi sovuşmur. Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik! Ermənistanın indiki rəhbəri özündən sülh göyərçini düzəltmək istəyir. Amma onun 2018-2019-cu illərdəki çıxışlarını indi heç kim xatırlatmaq istəmir. Bu ideologiya orada yaşayır və bunun daşıyıcıları, sadəcə olaraq, bugünkü Ermənistan müxalifəti deyil, Ermənistan iqtidarıdır. Ermənistan silahlanmanı dərhal dayandırmalıdır. Ona silah verən Fransa və digər ölkələr o kontraktlara xitam verməlidir, ləğv etməlidir. Artıq Ermənistana göndərilmiş silahlar geri qayıtmalıdır. Minsk qrupunun ləğv edilməsi, konstitusiyanın dəyişdirilməsi – bunlarsız sülh müqaviləsi mümkün deyil. Əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Bu müqavilə imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik. Ermənistan tərəfi hər şeyi yaxşı ölçüb-biçməli, o cümlədən, dünyadakı geosiyasi dəyişiklikləri yaxşı izləməlidir. Onların yaxın dostları siyasi səhnədən biabırçılıqla silinirlər.
Ermənistanın və Paşinyanın yaxın dostu cənab Trüdo da vəzifədən getməli oldu. Həmin bu ölkə İkinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı dövrdə qatı anti-Azərbaycan mövqeyində idi. Fransaya gəldikdə, indi orada siyasi səhnədə nələr baş verdiyini hər kəs özü görür. Fransa prezidenti Azərbaycana qarşı yenə də cəfəng ittihamlar irəli sürmüşdü. Görünür ki, cənab Makron Azərbaycansız yaşaya bilmir. Onda hansısa belə bir maniya yaranıb və bütün günahlarını bizim üstümüzə atmaq istəyir. Əslində, bu açıqlama öz acizliyinin etirafıdır. Özlərini böyük dövlət adlandıran bir prezident, sən demə, uzaqda – Qafqaz bölgəsində yerləşən, 10 milyon əhalisi olan ölkənin əməllərindən əziyyət çəkir. Halbuki bizim Fransanın daxili işləri ilə bağlı heç bir işimiz yoxdur. Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar. Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Əgər fransız siyasi səhnəsində konsensus varsa, həmin konsensus yalnız azərbaycanofobiya zəminində olur.
Təəssüf ki, təkcə hazırkı hakimiyyət deyil, hakimiyyətə iddialı olanlar da bir-birindən o qədər də fərqlənmirlər. Hələ Rusiya sülhməramlılarının olduğu dövrdə Qarabağa qanunsuz səfərləri xatırlamaq kifayətdir. Axı, onlar Fransanın indiki prezidentinin rəqibləri idi. Burada məsələnin kökünün nədən ibarət olduğunu demək çətindir, amma yəqin ki, hansısa sintez var. İslamofobiya və prinsipcə ksenofobiya fransız siyasi sinfinin fərqli cəhətləridir. Amma heç bir halda heç bir siyasi güc Azərbaycanı tutduğu haqlı yoldan döndərə bilməz. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü müzakirə mövzusu deyil, bunu bütün dünya ölkələri birmənalı şəkildə qəbul etməli və yalnız və yalnız Azərbaycan sərhədlərinin tamlığını nəzərdə tutan təklifləri müzakirə masasına qoya bilərlər.
Məmmədova Natiqə,
Xəzər rayonu Z. Ağayev adına 241 saylı tam orta məktəbin Azərbaycan müəllimi