Qarabağ diplomatiyası: Şuşada Slovakiya ilə əməkdaşlığın yeni üfüqləri

Prezident İlham Əliyevin Slovakiya Prezidenti Peter Pelleqrini ilə Şuşada keçirdiyi görüş Azərbaycanın xarici siyasətində yeni formalaşan “Qarabağ diplomatiyası”nın növbəti uğurlu nümunəsi kimi qiymətləndirilə bilər.
Artıq Şuşa yalnız Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də beynəlxalq siyasi dialoqun mühüm platformasına çevrilib. Xarici dövlət başçılarının Qarabağa səfərləri Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq səviyyədə qəbul edilməsinin praktik ifadəsidir.
Slovakiyanın Ağdam rayonunda həyata keçirdiyi “Ağıllı kənd” layihəsi isə əməkdaşlığın real nəticələrindən biridir. Bu layihə müasir texnologiyaların tətbiqi, dayanıqlı inkişaf və kənd təsərrüfatının rəqəmsallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev bəyanatında qeyd etdi ki, iki ölkə arasında münasibətlər artıq yalnız siyasi dialoqla məhdudlaşmır. İqtisadiyyat, energetika, hərbi-texniki əməkdaşlıq və digər istiqamətlər üzrə konkret layihələr icra edilir.
Bu gün Avropada enerji təhlükəsizliyi məsələlərinin aktuallığı fonunda Azərbaycan Slovakiya üçün etibarlı tərəfdaş olaraq çıxış edir. Bununla yanaşı, Slovakiyanın Qarabağın bərpasına verdiyi dəstək ikitərəfli münasibətlərə əlavə strateji məzmun qazandırır.
Şuşadan verilən mesaj aydındır: Azərbaycan beynəlxalq tərəfdaşları ilə münasibətlərini yalnız siyasi bəyanatlar üzərində deyil, konkret iqtisadi və humanitar layihələr üzərində qurur.
Bahar Nəsirova,
Neft Kəmərləri İdarəsinin əməkdaşı



