25 dekabr 2024-cü il tarixində səhər saatlarında Azərbaycan xalqı baş verən təyyarə qəzası ilə bağlı xəbəri eşitdikdən bəri dərin hüznə bürünüb. Bayram əhval-ruhiyyəsi ilə sevinən vətəndaşlarımızın hər biri qara xəbəri alandan yas saxlayır, hamı “Niyə belə oldu?” sualının gətirdiyi çarəsizliyin qaranlığında yox olurdu. Davamlı araşdırmaların nəticəsində qəza ilə bağlı məlum olan hər yeni həqiqət xalq olaraq bizi sarsıdıcı şəkildə silkələyir. Təbii ki, belə bir vəziyyətdə xalqın bütün inancı prezident İlham Əliyevə idi. Günahkarların tapılacağı, cəzaların veriləcəyi inancı bizi daxilən sakitləşdirirdi. Çünki Azərbaycan artıq 80-ci illərin sonu-90-cı illərin əvvəllərindəki dövlət deyil, ona qarşı tərədilən hər bir cinayətə təkbaşına cəza vermək iqtidarındadır. Azərbaycan Televiziyasına verdiyi müsahibədə prezident İlham Əliyev qəza ilə bağlı görülən tədbirlər, qəzanın səbəbləri və başqa sualları ətraflı cavablandıraraq hakimiyyət və xalqın həmrəyliyini bir daha dünya ictimaiyyətinə göstərdi. Göstərdi ki, hər bir Azərbaycan vətəndaşına qarşı edilən səhv Azərbaycan dövlətinə qarşı edilmişdir və dövlət səviyyəsində buna cavab verilməlidir. Sankt-Peterburqa MDB Zirvə görüşünə uçarkən Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması barədə məlumatlanan İlham Əliyevin göstərişi ilə təyyarə geri – Bakıya dönmüşdü. Bakıya qayıdarkən prezidentin göstərişi ilə Dövlət Komissiyası yaradılmış və müvafiq qurumların nümayəndələrindən ibarət heyət Aktau şəhərinə dərhal ezam edilmişdir. Çünki onlar dərhal işə başlamalı idilər. İlk növbədə, təyyarənin qalıqlarının vəziyyəti ilə tanış olmalı, yerində müşahidə aparmalı, video və fotomateriallar əldə etməli və onları ictimaiyyətə təqdim etməli idilər. Eyni zamanda, Azərbaycan həkimlərindən ibarət qrup Qazaxıstana ezam edilmişdi. Baxmayaraq ki, Qazaxıstan tərəfi yaralıları sağaltmaq və onlara tibbi xidmət göstərmək üçün əlindən gələni əsirgəmirdi. Azərbaycan Baş Prokurorluğu cinayət işi açmış, eyni zamanda həm Qazaxıstanda, həm Rusiyada oxşar addımlar atılmışdır. İlham Əliyev Bakıya gələn kimi hava limanında operativ müşavirə keçirmişdi. Azərbaycan ilk gündən beynəlxalq ekspertlərdən ibarət qrupun qəzanın təfərrüatlarının araşdırılmasının tərəfdarı idi. Rusiya tərəfi rəsmi qaydada təklif etsə də ki, Dövlətlərarası Aviasiya Komitəsi bu işi araşdırsın, Azərbaycan Respublikasının hakimiyyəti qəti şəkildə bundan imtina etmişdi. Səbəb də aydındır. Çünki sirr deyil ki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir və qurumun başında Rusiya vətəndaşları dayanır. Burada obyektivlik amilləri tam təmin edilməyə bilərdi. Əgər qəza baş verəndən dərhal sonra Rusiya tərəfindən ədalətli və adekvat addımlar görülsəydi, bəlkə də, buna etiraz edilməzdi. Amma burada məsələni ört-basdır etmək cəhdləri göz qabağında idi.
Təbii olaraq ilkin versiyalar üzərində iş başlayıb. Əlbəttə, son versiya “qara qutu”lar açılandan sonra bəlli olacaq. Ancaq ilkin versiyalar da kifayət qədər əsaslıdır və faktlara söykənir. Faktlar isə ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir. Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir. Eyni zamanda, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir. Füzelyajın dəlik-deşik olması, əlbəttə, göstərir ki, ilkin olaraq önə sürülmüş quş versiyası tamamilə gündəlikdən çıxır. Ola bilər ki, təyyarə zədə alanda, zərbə alanda pilot bunu quşların təyyarə ilə toqquşması kimi qəbul edə bilərdi. Çünki yəqin ki, heç kimin ağlına gələ bilməzdi ki, bizim üçün dost olan ölkədə bizim təyyarəyə yerdən atəş açılsın. Ancaq təəssüflər olsun ki, Rusiyanın bəzi dairələri bu versiya üzərində dayanmağa üstünlük vermişdilər. Ehtimal kimi Rusiyanın rəsmi qurumlarının hansısa qaz balonunun partlaması ilə bağlı versiyası da irəli sürülür. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir. Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu. Təbiidir ki, burada hər hansı bir qəsdən terror aktı törətmək məsələsindən söhbət gedə bilməz. Ona görə öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək – bütün bunlar görüləsi tədbirlər və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik. Açıq-aydın faktı inkar etmək və gözdən pərdə asmaq cəhdləri cəfəngiyyat və ağılsızlıqdır. Ona görə dövlətimizin təkidilə beynəlxalq ekspertlərdən ibarət işçi qrupu yaradılmışdı. Orada təyyarənin istehsalçı şirkəti – “Embraer”in nümayəndələri, Braziliyanın müvafiq qurumlarının nümayəndələri, Azərbaycan, Qazaxıstan və Rusiyanın, o cümlədən Dövlətlərarası Aviasiya Komitəsinin nümayəndələri də var. Ancaq aparıcı rollarda yox, sadəcə olaraq, işçi qrupun tərkibində olan üzvlər kimi. “Qara qutu”lar açılandan sonra və daha detallı məlumat əldə etdiyimiz halda məsələnin tam təfərrüatları üzə çıxacaq və bu gün hələ ki, sual kimi qalan bir çox məsələlərə aydınlıq gətiriləcək. Məsələn, təyyarə nə üçün Qroznı şəhərinə enə bilmədi? Radioelektron mübarizənin təsiri nə dərəcədə təyyarənin idarə olunmasına təsir göstərmişdir? Havada endirilən zərbə və təyyarənin yanında olan partlayışın nəticələri nə dərəcədə təsirli oldu? Xoşbəxtlikdən ekipajın qəhrəmanlığı sayəsində elə hadisə baş verdi ki, təyyarə enə bildi, qəza enişi olsa da, təyyarə enə bildi. Sərnişinlərin bir çoxu xilas edildi, onların ifadələri var. Təyyarəni deşən qəlpələrin sərnişinlərə və ekipaj üzvlərinə yetirdiyi xəsarət göz qabağındadır. Bunu hansısa quşlarla bağlamaq, yaxud da ki qaz balonunun partlaması kimi qələmə vermək həm ağılsızlıqdır, həm də vicdansızlıqdır. Ona görə də “qara qutu”lar açılandan sonra bilinəcək ki, nə üçün təyyarə enə bilməyib? Dəqiq nə vaxt təyyarəyə yerdən atəş açılıb? Nə üçün yaxında olan hava limanlarına təyyarə eniş cəhdi etməyib, halbuki daha yaxın Minvod və Mahaçqala hava limanları idi. Təyyarə Aktauya göndərildimi, yoxsa bu, obyektiv seçim idi? Müxtəlif fərziyyələr var. Bəziləri hesab edir ki, təyyarə bilərəkdən yerdəki xidmət tərəfindən, Qroznı tərəfindən Aktauya göndərildi, çünki təyyarə artıq idarəolunmaz vəziyyətdə idi və ehtimal böyük idi ki, təyyarə dənizə düşəcək. Belə olan halda, ört-basdır cəhdləri uğurla nəticələnəcək və dırnaqarası quş versiyası əsas versiya kimi təqdim ediləcək. Bəzi mütəxəssislərin fikirlərinə görə, Aktau ona görə seçilmişdir ki, orada açıq məkandır və yaşayış yerləri hava limanından uzaqdır və təyyarə ekipajı fərz edə bilərdi ki, bu, qəza enişi olacaq və bunun üçün daha uyğun yer seçmişdi. Ancaq digər tərəfdən, yaxın hava limanları olan halda, təyyarə idarəolunmaz vəziyyətdə olan halda daha uzaq məsafəyə, özü də dənizin üzərindən uçmaq daha riskli idi. Digər versiya ilə Rusiya etdiyi əmələ görə məsuliyyətdən boyun qaçıraraq pərdələnmək istəyir ki, Qroznıda “kavyor əməliyyatı” həyata keçirilirdi. Rusiyanın bir çox şəhərlərində vaxtaşırı hava məkanı bağlanır, orada xüsusi əməliyyat rejimi tətbiq edilir. Onlar buna “kavyor əməliyyatı” deyirlər. Bir şeyin də üstü açılmalıdır ki, o “kavyor əməliyyatı” nə vaxt elan edildi? Faktdır ki, təyyarəmiz xarici təsirə məruz qaldıqdan sonra “kavyor əməliyyatı” elan edilmişdi. Bu bir daha göstərir ki, yerli xidmətlər bu məsələni ört-basdır etmək üçün etdilər. Yəni, bütün bu suallara hələ ki, cavab yoxdur. Azərbaycan tərəfi olaraq maksimum ədalətli olmağa çalışırıq. Tam aydın olmayan məsələləri, bu məsələlər aydınlaşmadan fikir söyləmək istəmirik. Qəza baş verən gün Cənab İlham Əliyev hava limanındakı öz çıxışında söylədiyi kimi Azərbaycan ictimaiyyəti müntəzəm olaraq bu məsələ ilə, bu istintaqın gedişatı ilə bağlı məlumatlandırılacaq və məlumatlandırılır.
AZAL Rusiyanın yeddi şəhərinə öz uçuşlarını müddətsiz olaraq dayandırdı. Eyni zamanda, Rusiya aviaşirkətlərinin üç Rusiya şəhərindən Azərbaycana uçuşları da dayandırıldı. Toplam Rusiyanın 10 şəhəri ilə hava bağlantımız indi dayandırılıb və burada, ilk növbədə, təhlükəsizlik məsələləri ön plandadır.
Baş verən qəza ilə bağlı mövqeyini açıq şəkildə bəyan edən Azərbaycan hökuməti dekabrın 27-də tələblərini rəsmi qaydada Rusiyaya çatdırdı. Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək. Bütün bu şərtlər ədalətlidir. Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır.
Vida mərasimində iştirak edən İlham Əliyev həlak olan ekipaj üzvlərinin yaxınlarına başsağlığı verdi. Ekipaj üzvlərinin təltifi ilə bağlı Sərəncam verdi. Onların fəaliyyətini, peşəkarlığını, fədakarlığını çox yüksək qiymətləndirərək pilotlar və bütün ekipajın böyük qəhrəmanlıq göstərdiyini bildirdi. Pilotların peşəkarlığı kimi idarəedilməz vəziyyətdə olan təyyarəni müxtəlif üsullarla idarə etdiklərini bildirdi. Təbii ki, pilotlar təcrübəli pilotlar idi və bilirdilər ki, onlar bu qəza enişindən sağ çıxa bilməyəcəklər. Ancaq sərnişinləri xilas etmək üçün onlar maksimum böyük qəhrəmanlıq göstərmişlər və məhz bunun nəticəsində təyyarə qəzasında sağ qalanlar var. Məhz bunun nəticəsində füzelyajın bir hissəsi yanmayıb və məhz bunun nəticəsində bu gün biz tam açıq-aydın deyə bilərik ki, təyyarə Rusiya tərəfindən vuruldu. Bax bu faktdır və bu faktı heç kim dana bilməz. Yenə də biz demirik ki, bu, qəsdən edildi, amma bu, edildi. Pilotlar və ekipaj üzvləri – onlar həm peşəkarlıq, həm soyuqqanlılıq göstərmişlər. Xüsusilə qadın ekipaj üzvlərini qiymətləndirən İlham Əliyev bildirdİ ki, onlar özləri stres vəziyyətində olsalar da, ancaq sərnişinləri sakitləşdirmək, təyyarənin içində xaos vəziyyəti yaratmamaq üçün nə qədər böyük insani davranış göstərmişlər. Onların fəaliyyəti Azərbaycan dövləti və xalqı tərəfindən layiqincə qiymətləndirildi. Sağ qalanların böyük hissəsi artıq Bakıdadır. Onlar Qazaxıstanda dərhal müalicə almış, bəziləri hələ ki müalicə alır və imkan olan kimi onlar da Azərbaycana təxliyə ediləcəklər.
Prezident çıxışında Qazaxıstanın prezidenti Tokayevə minnətdarlığını ifadə etdi və bildirdi ki, qəza baş verən kimi Qazaxıstan xilasediciləri dərhal hadisə yerinə yetişdilər və insanları o dağılmış füzelyajdan çıxartmağa başlamışdılar. Öz həyatlarını risk altına atmışdılar. Çünki onlar bilmirdilər ki, növbəti partlayış olacaq, yoxsa yox. Çünki təyyarənin bir hissəsi yanmışdı və bu hissədə yana bilərdi. Amma buna baxmayaraq, onlar da əsl qəhrəmanlıq göstərmişdilər. Eyni zamanda, həkim personalının fəaliyyəti də çox qiymətli idi. Çünki yaralı sərnişinlər dərhal tibb məntəqələrinə aparıldılar. Qazaxıstanlı qardaşlarımızın, bacılarımızın həmrəylik nümayişi də Azərbaycan xalqının qəlbində çox böyük iz buraxmışdır. Adi vətəndaşlar bizim Aktaudakı konsulluğa gələrək gül qoydular, öz münasibətlərini bildirdilər, bizimlə həmrəy olduqlarını bildirdilər. Əsl dostluq, qardaşlıq belə olar. Eyni zamanda, Prezident Tokayevlə söhbət zamanı Azərbaycanın istintaqla bağlı mövqeyini ona bildirmiş, beynəlxalq ekspertizanın tərəfdarı olduğumuzu və heç cür bu məsələni Dövlətlərarası Aviasiya Komitəsinin sərəncamına verə bilməyəcəyimizi vurğulamışdı. Bu mövqeyimiz də anlayışla qarşılanmışdı. Yəni, bu nə qədər ağır hadisə olsa belə, eyni zamanda, bir sınaq məsələsi idi. Yəni, bu sınaqdan kim necə çıxacaq? Bizim dostluğumuz, qardaşlığımız bu ağır vəziyyətdən sonra daha da gücləndi. Bu, bir daha onu göstərdi ki, Türkün Türkdən başqa dostu yoxdur!
Əsgərova Şəlalə,
Xəzər rayonu Zirə qəsəbəsi Ziya Ağayev adına 241 saylı tam orta məktəbin direktoru