AnalitikaGündəmOrdu

Qalib Ordu, Müzəffər Ali Baş Komandan, Yenilməz Xalq – bu birlik Silahlı Qüvvələr Gününün əsl rəmzidir

“Müstəqil Azərbaycanın ən əzəmətli günlərindən biri olan 26 İyun – Silahlı Qüvvələr Günü bu gün tamam başqa bir ruhla, tam fərqli bir qürurla qeyd olunur. Əgər əvvəllər bu gün dövlətçiliyimizin mühüm dayağı olan ordu quruculuğunun başlanğıcı kimi dəyərləndirilirdisə, bu gün artıq müzəffər bir ordunun şanlı tarixinin rəmzinə çevrilmişdir. Bu tarix həm Ulu Öndər Heydər Əliyevin uzaqgörən ordu quruculuğu siyasətinin, həm də Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyinin təntənəsidir”.

Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Azərbaycan Respublikasında ordu quruculuğu ideyası ilk dəfə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə sistemli və məqsədyönlü şəkildə həyata keçirilməyə başlanmışdır. Məhz onun təşəbbüsü ilə 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi lisey təsis edildi, gənclərin SSRİ-nin hərbi məktəblərində təhsil alması üçün xüsusi şərait yaradıldı. Həmin dövrdə atılmış bu strateji addımlar gələcəkdə müstəqil Azərbaycanın milli ordusunun kadr bazasını təmin etdi. 1993-cü ildə ölkədə siyasi xaos və nizamsız silahlı dəstələrin hökm sürdüyü bir vaxtda xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ordu quruculuğunu prioritet dövlət məsələsinə çevirdi. 1998-ci ildə imzaladığı Fərmanla 26 iyun tarixi Silahlı Qüvvələr Günü elan olundu və bu tarix artıq dövlətçilik düşüncəsinin ayrılmaz hissəsinə çevrildi.

“Ulu Öndərin ordu quruculuğu xəttini yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirən Prezident İlham Əliyev bu istiqamətdə əhəmiyyətli nailiyyətlərə imza atdı. Son 20 ildə həyata keçirilən ardıcıl tədbirlər nəticəsində Azərbaycan Ordusu regionun ən güclü ordusuna çevrildi. Müasir texnologiyalarla təchiz olunmuş silahlar, peşəkar hərbi heyət, güclü intizam və yüksək döyüş ruhu bu ordunun əsas dayaqlarına çevrildi. Prezident İlham Əliyev tərəfindən reallaşdırılan hərbi sənaye siyasəti nəticəsində bu gün Azərbaycan öz silahlarını öz zavodlarında istehsal edə bilir. 2025-ci ilin dövlət büdcəsində hərbi xərclərin 8,4 milyard manata çatdırılması isə bu sahəyə verilən önəmin bariz nümunəsidir”.

Onun sözlərinə görə, 2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun qüdrətini bütün dünyaya nümayiş etdirdi. Bu müharibə yalnız ərazi bütövlüyümüzün bərpası deyil, həm də Azərbaycan xalqının milli qürurunun, siyasi iradəsinin və hərbi gücünün təntənəsi idi. Şuşanın azad olunması ilə nəticələnən bu tarixi zəfər Azərbaycanın hərb tarixində parlaq səhifə olaraq qalacaqdır.

Rəşadət Xalıqov əlavə edib ki, 44 günlük Vətən müharibəsindən dərhal sonra orduda islahatlar daha da dərinləşdirildi. Vətən müharibəsində əldə olunan təcrübə əsasında Komando hərbi hissələri yaradıldı. Orduda struktur dəyişiklikləri aparıldı, idarəetmə optimallaşdırıldı və əmr-komanda sistemi NATO və Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırıldı. Bu kontekstdə 2022-ci ildə təsis olunan Milli Müdafiə Universiteti hərbi təhsilin keyfiyyətini yeni mərhələyə daşıdı. Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı da bu dövrdə yeni mərhələyə qədəm qoydu. 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi bu strateji müttəfiqliyin hüquqi əsasını müəyyən etdi. Müştərək təlimlər, texnologiya mübadiləsi, birgə istehsal və hərbi sənaye sahəsində əməkdaşlıq regional təhlükəsizliyə və müdafiə gücümüzə mühüm töhfələr verir.

O qeyd edib ki, bu gün ordu təkcə döyüş gücü deyil, həm də xalqın ruhunun təcəssümüdür. Vətən müharibəsi zamanı bir nəfər də fərari olmaması, əsgərlərin yaralı halda döyüşə qayıtmaq istəməsi, əslində, xalqla ordunun vəhdətinin nə qədər möhkəm olduğunu göstərdi. Ulu öndər Heydər Əliyevin strateji baxışı, Prezident İlham Əliyevin siyasi iradəsi və Azərbaycan xalqının yenilməzliyi bu ordunu regionun ən qüdrətli hərbi qüvvəsinə çevirib. Müzəffər Ordumuz bu gün regionda sülh və sabitliyin təminatçısıdır. Və bu ordu, bu xalq, bu dövlət heç vaxt məğlub olmayacaq!

Oxşar Xəbərlər

Back to top button