Analitika

Qafqazın Hirosiması – Ağdam

Ağdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir.

I Qarabağ müharibəsinin gedişində Ağdam uğrunda 44 gün davam edən döyüş 1993-cü il 23 iyul tarixində Ağdam ərazisinin 73 faizinin işğalı ilə bitdi. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, rayon mərkəzi ilə birgə 90 kəndi işğal olunmuş, işğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olmuşdu. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdı.

Ağdamın işğalı ilə bağlı dünya ictimaiyyəti yekdil mövqe ifadə etdi. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından bu “hücum qətiyyətlə pislənmiş”, “işğal olunmuş ərazilərdən qoşunların çıxarılması”na çağırış etmişdi. 1993-cü il 29 iyul tarixində BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul etmiş, orada da “işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması” tələb edilmişdi. Lakin Ermənistan tərəfi beynəlxalq qanunlara tabe olmaqdan yayınmışdı. Əksinə güc sahibi olan dövlətlərin “ikili standartlar” çərçivəsində davrandığını görən işğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törətmişdi. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş rayonların azərbaycanlı sakinlərinə qarşı etnik təmizləmənin törədilməsi Ermənistanın əsl niyyətinin hərbi təcavüz və işğal yolu ərazi əldə edilməsi olduğunu qabarıq şəkildə nümayiş etdirsə də, dünya birliyi yalnız sənəd üzərində, sözlə Ermənistanı işğal etdiyi əraziləri tərk etməyə səsləmiş, lakin Ermənistanı buna məcbur buraxacaq hərbi-iqtisadi sahədə heç bir əməli tədbirlər həyata keçirməmişdilər.

Dünyanın “demokratik” dövlətlərinin bizə inandırmağa çalışdığı dinc yolla problemi həll etməyin mümkünsüz olduğunu görən Azərbaycan Respublikasının rəhbərliyi özü bu ədalətsizliyi kökündən həll etdi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilmiş və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alınmışdı.

İşğaldan azad olunmuş Ağdam erməni vandalizmin şahididir. Ermənistan qəsdən mədəni və dini abidələrimzi vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdi. Şəhərə, sanki, nüvə silahı atılmış, Ağdam şəhəri yer üzündən silinmiş, çöllük bir əraziyə çevrilmişdi. Bu səbəbdəndir ki, Ağdamı xarici və yerli jurnalistlər Qafqazın Hirosiması adlandırıblar.

2021-ci 28 may tarixində Azərbaycan ictimaiyyətinə təqdim olunmuş Baş Plan əsasında Ağdam tamamilə bərpa olunması nəzərdə tutulub. Azadlığın ilk günündən etibarən artıq bərpa işlərinə start verilmiş, Ağdam şəhərində Dövlət Bayrağı ucaldılmış, Ağdam şəhər meşə-parkında dağdağan ağaclarının əkilməsi, Bərdə-Ağdam avtomobil yolunun, Ağdam şəhərində ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Ağdamda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyinin, Ağdam şəhər 1 saylı məktəbin yeni binasının, “Park Forest Otel Ağdam” mehmanxanasının, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının, Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Xıdırlı kəndinin, Kəngərli kəndinin, “City Hotel Agdam” mehmanxanasının, Dəmir yolu və Avtovağzal Kompleksinin, Sarıcalı kəndinin təməlqoyma mərasimi keçirilmiş, Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimi olmuşdu.

Ardıcıl və sürətli şəkildə aparılan bu tədbirlər, təbii ki, hələ Böyük Qayıdışın ilk addımlarıdır. Biz əminik ki, İlham Əliyevin göstərişi və bilavasitə nəzarəti altında həyata keçirilən iqtisadi-siyasi işlər nəticəsində Ağdam nəinki əvvəlki görkəmini bərpa edəcək, müasir dövrün qabaqcıl şəhərlərindən birinə çevriləcəkdir.

Fatimə Nəcad-İslam,
Xəzər rayonu, 241 saylı tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button