Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər
Aprelin 5-də Azərbaycan Prezidenti İlham Əliyev və Tacikistan Prezidenti Emoməli Rəhmon mətbuata bəyanatlarla çıxış ediblər.
Globalnews.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Prezident Emoməli Rəhmonun bəyanatı
-Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri.
İlk növbədə, Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevi Tacikistan Respublikasına dövlət səfəri münasibətilə bir daha səmimi-qəlbdən salamlamaq istərdim.
Əvvəlcə qeyd etmək istərdim ki, diplomatik münasibətlərin otuz ili ərzində Tacikistan və Azərbaycan səmərəli qarşılıqlı fəaliyyət mexanizmləri qura və bu gün qardaş xalqlarımızın rifahına xidmət edən sanballı nəticələr əldə edə biliblər. Buna çox cəhətdən əsası Azərbaycan xalqının görkəmli oğlu və mənim dostum, böyük yoldaşım Heydər Əliyev tərəfindən qoyulmuş sıx, qarşılıqlı etimada əsaslanan əlaqələr şərait yaradır. Gələn ay Heydər Əliyevin 100 illiyini Tacikistanda da qeyd edəcəyik.
Mən qardaş Azərbaycanın bu böyük dövlət xadimi ilə ünsiyyətimizi həmişə səmimiyyətlə xatırlayıram. Heydər Əliyev ölkə üçün ən taleyüklü vaxtda həqiqətən öz şanlı xalqının milli lideri oldu və ölkəni sabitlik, inkişaf yoluna çıxardı.
Hörmətli İlham Heydər oğlunun səfəri həm bu əlaqələrin, həm də xalqlarımızın çoxəsrlik qarşılıqlı ünsiyyət tellərinin məntiqi davamıdır. Bu əlaqələrin əsasını hər bir tacikin evində dərin hörmət bəslənən, misli-bərabəri olmayan Nizami Gəncəvi qoyub. Buna görə də bizim danışıqlar, həmişəki kimi, qurucu xarakter daşıyıb, ikitərəfli qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinə və dərinləşdirilməsinə yönəlib. Danışıqların gedişində biz ikitərəfli münasibətlərin vəziyyətini və inkişaf perspektivlərini ətraflı nəzərdən keçirdik, bizim üçün aktual olan bütün məsələlərə dair fikir mübadiləsi apardıq. Bu gün imzalanmış ikitərəfli sənədlər əlaqələrimizin hüquqi bazasının möhkəmləndirilməsinə və tamamlanmasına yönəlib.
Biz çoxşaxəli əlaqələrimizin kompleksinin tərkib hissələri kimi parlamentlərarası əməkdaşlığın fasiləsiz xarakterini qeyd etdik. İki ölkənin parlamentlərinin rəhbərlərinin qarşılıqlı səfərləri nəticəsində bu əməkdaşlıq yeni məzmun kəsb edib.
Ticari-iqtisadi sahədə qarşılıqlı əlaqələri ətraflı müzakirə etdik. Razılaşdıq ki, ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi tərəflərin malik olduğu potensiala uyğun deyil. Bununla əlaqədar əmtəə dövriyyəsinin artırılmasına dair təxirəsalınmaz tədbirlər görülməsi barədə razılığa gəldik.
Danışıqlar çərçivəsində biz investisiyalar, sənaye kooperasiyası, kənd təsərrüfatı, nəqliyyat sahələrində və yanacaq-energetika kompleksində qarşılıqlı fəaliyyətin istiqamətləri üzərində ayrıca dayandıq.
Sənaye kooperasiyası sahəsində yüngül, kimya və dağ-mədən sənayesi, tikinti materiallarının istehsalı, alüminiumun, pambıq lifinin, qiymətli və yarımqiymətli daşların və metalların emalı sahələrində birgə layihələrin həyata keçirilməsi üçün böyük imkanlar olduğunu qeyd etdik.
Energetika sektorunda Tacikistanın neft-qaz yataqlarının işlənilməsində Azərbaycan şirkətlərinin iştirakında maraqlı olduğumuzu təsdiq etdik.
Biz Azərbaycanın əlverişli tranzit imkanlarından fəal istifadə olunmasını davam etdirəcək, Tacikistanın dövlət və kommersiya strukturlarının yükdaşıma həcmlərini artıracağıq.
Danışıqlarda münasibətlərimizin humanitar istiqaməti mühüm yer tutdu. Təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığı genişləndirməyə qarşılıqlı hazır olduğumuzu təsdiq etdik.
Regional və beynəlxalq xarakterli aktual məsələlərin bütün məcmusuna dair fikir mübadiləsi apardıq. Beynəlxalq və regional təşkilatlar məkanında bundan sonra da qarşılıqlı fəaliyyətin vacib olmasını qeyd etdik.
Çoxtərəfli məkanlarda, ilk növbədə, BMT-də bir-birimizin namizədliyimizi və təşəbbüslərimizi qarşılıqlı dəstəkləmək praktikasını davam etdirmək barədə razılığa gəldik.
Biz suya və iqlimə dair Tacikistanın irəli sürdüyü qlobal təşəbbüslərin dəstəklənməsinə görə Azərbaycan tərəfə minnətdarlığımızı bildirdik.
Danışıqlarda təhlükəsizlik məsələləri diqqət mərkəzində oldu. Biz beynəlxalq terrorizmə, ekstremizmə, narkotiklərin və silahların qanunsuz dövriyyəsinə, kibercinayətkarlığa və transmilli mütəşəkkil cinayətkarlığın digər formalarına qarşı mübarizədə əməkdaşlığın möhkəmləndirilməsinə tərəfdar olduğumuzu bildirdik. Beynəlxalq mövzuları və bizim regionlarda vəziyyəti ətraflı müzakirə etdik.
Bugünkü danışıqların yekunları ölkələrimiz arasında münasibətlərin inkişafına böyük nikbinliklə və xoş ümidlərlə baxmağımıza imkan verir.
İndi sözü böyük məmnuniyyətlə əziz qonağımız, hörmətli İlham Heydər oğlu Əliyevə verirəm. Buyurun.
Prezident İlham Əliyevin bəyanatı
-Hörmətli Emoməli Şərifoviç.
Hörmətli xanımlar və cənablar.
İlk növbədə, qardaş Tacikistana dövlət səfərinə dəvətə görə Tacikistan Prezidentinə təşəkkürümü bildirmək istərdim. Mən Tacikistana ilk dəfə gəlmirəm. Bu, mənim üçüncü rəsmi səfərimdir. Mən Tacikistana beynəlxalq tədbirlərdə iştirak etmək üçün də gəlmişəm.
Emoməli Şərifoviç, ilk növbədə, Sizi və bütün qardaş Tacikistan xalqını Tacikistanın sosial-iqtisadi inkişafında böyük nailiyyətlər münasibətilə təbrik etmək istərdim. Onu da qeyd etmək istərdim ki, paytaxtınız, ilbəil gözəlləşən Düşənbə şəhərinin coşqun inkişafını görəndə çox sevindim. Mən axırıncı dəfə Düşənbəyə təqribən beş il bundan əvvəl gəlmişdim və əminliklə deyə bilərəm ki, bu qısa müddət ərzində mühüm müsbət dəyişikliklər baş verib. Həm gördüklərim, həm də Tacikistan Prezidentinin gələcək planları barədə mənə dedikləri ona dəlalət edir ki, Tacikistanın paytaxtı daha gözəl, qonaqlar və sakinlər üçün daha rahat olacaq.
Atam Heydər Əliyevin xatirəsinə səmimi münasibətə görə Tacikistan Prezidentinə təşəkkürümü bildirmək istərdim. O, Emoməli Şərifoviç Rəhmon ilə birlikdə ölkələrimiz arasında dövlətlərarası münasibətlərin formalaşmasının təşəbbüskarı olub və mahiyyət etibarilə onlar bu münasibətlərin əsasını qoyublar.
Bu gün ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsidir. O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Ən dəhşətli müharibə qardaş qırğınıdır. Həm Prezident Rəhmon, həm də Prezident Heydər Əliyev, – hərəsi öz ölkəsində, – qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdilər və buna nail oldular. Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Bu gün öz regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə, zənnimcə, hər kəs anlayır ki, sabitlik inkişafın əsasıdır, təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı.
Buna görə düşünürəm ki, xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar. Tacikistan və Azərbaycan isə keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoyublar. Təbii ki, o dövrü yaxşı bilən adamlar bunu təsdiq edə bilərlər. Lakin həm Azərbaycanda, həm də Tacikistanda gənc nəsil də bunu bilməlidir. Bizim bugünkü uğurlu inkişafımız, necə deyərlər, göydən düşməyib, bunun arxasında məhz böyük liderlərin, xalqlarımızın liderlərinin əməyi durur. Onlar özləri üçün, öz həyatları üçün riskə gedərək dinc və uğurlu inkişafı təmin etmək naminə əllərindən gələni ediblər.
Bu barədə burada – Tacikistanda, Heydər Əliyevin xatirəsi ehtiramla yad edilən qardaş ölkədə danışmaq mənə xüsusilə xoşdur. Emoməli Şərifoviçin dediyi kimi, gələn ay biz Azərbaycan dövlətçiliyinin banisinin anadan olmasının 100 illiyini qeyd edəcəyik. Mən tacik qardaşlarımıza təşəkkür edirəm ki, Heydər Əliyevin xatirəsi Tacikistanda da qeyd ediləcək.
Emoməli Şərifoviç danışıqların bütün mövzularını işıqlandırdı. Hesab edirəm ki, bu gün biz çox səmərəli danışıqlar apardıq, həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşlərdə gələcək qarşılıqlı fəaliyyətimizin konkret məsələlərini müzakirə etdik. Emoməli Şərifoviçin qeyd etdiyi bütün istiqamətlər üzrə necə irəliləmək barədə dəqiq təsəvvürümüz var. Nəqliyyat-logistika sahəsinə, sənaye kooperasiyasına, investisiya layihələri ilə bağlı məsələlərə dair konkret tapşırıqlar verilib. Biz Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazırıq. Ona görə ki, əvvələn, Tacikistan bizə yaxın ölkədir, ikincisi, sabitlik hökm sürən ölkədir. İnvestisiyalar yalnız sabitlik və yaxşı investisiya şəraiti olan ölkələrə yönəldilir. Çoxsaylı xarici şirkətlər tərəfindən Tacikistanda fəal sərmayə qoyulması ona dəlalət edir ki, investisiyalar, o cümlədən xarici investisiyalar dövlət tərəfindən qorunur.
Mən əsla şübhə etmirəm ki, səfərin nəticələrinə əsasən ən yaxın vaxtda konkret addımlar atılacaq. Biz hökumətlərarası komissiyanın növbəti iclasını bu il Tacikistanda keçirmək barədə razılığa gəldik. Əminəm ki, hökumətlərarası komissiyanın iclasına qədər bizim məhz nəqliyyat-logistika qarşılıqlı əlaqələri, investisiya siyasəti, sənaye kooperasiyası məsələlərinə dair nümayəndə heyətlərinin üzvlərinə verdiyimiz bütün tapşırıqlar yerinə yetiriləcək. Əminəm ki, nəticələr bizi sevindirəcək.
Məhz mədəni sahədə qarşılıqlı əlaqələrimizin möhkəm təməlini xüsusi qeyd etmək istərdim. Xalqlarımız əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. Demək istərdim ki, tacik xalqının görkəmli oğlu Rudəkinin abidəsinin azərbaycanlı heykəltaraş Fuad Əbdürrəhmanov tərəfindən yaradılması heç də təsadüfi deyil. Bu abidə 1960-cı illərdə Düşənbədə qoyulub.
Digər məşhur Azərbaycan heykəltaraşı Ömər Eldarov Sədrəddin Ayninin və İbn Sinanın abidələrini yaradıb. Yəni, bunlar çox şeyə dəlalət edir. Tacik xalqının görkəmli nümayəndələrinin abidələrinin yaradılmasının Azərbaycan nümayəndələrinə etibar edilməsi böyük etimad, dostluq, qardaşlıq deməkdir. Biz onu da bilirik ki, Tacikistanda dahi Azərbaycan şairi, doğma Gəncədə doğulmuş, yaşamış və orada dünyasını dəyişmiş Nizami Gəncəvini sevirlər və ona ehtiram bəsləyirlər. Bu mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün zəmin yaradır. Əminəm ki, biz bu gün təhsil sahəsində də, başqa sahələrdə də qəbul etdiyimiz bütün qərarları yerinə yetirəcəyik.
Onu da demək istərdim, biz məmnuniyyətlə qeyd etdik ki, Tacikistandan olan 50-yə yaxın kursant bu gün Azərbaycanın Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin tədris müəssisələrində təhsil alır. Biz tacik tələbələrin sayının artırılmasına şərait yaratmağı qərara aldıq. Əlbəttə, əminəm ki, azərbaycanlı tələbələr də böyük sevinc və istəklə burada, Tacikistanda təhsil ala bilərlər.
Mən əziz dostum, qardaşım Emoməli Şərifoviç Rəhmona qonaqpərvərliyə, əməkdaşlığa görə təşəkkürümü bildirmək istəyirəm. Emoməli Şərifoviç, fürsətdən istifadə edib Sizi Azərbaycana səfərə dəvət etmək istərdim.
Emoməli Şərifoviç Azərbaycana üç rəsmi səfər edib, mən də Tacikistana üç rəsmi səfər etmişəm. Bu, bizim münasibətlərin dinamikasına dəlalət edir. Fikrimcə, gələcəkdə bu səfərlər daha intensiv olacaq, birlikdə işləyəcək, dostluq edəcək və birgə gələcəyimizi quracağıq. Sağ olun.
Prezident Emoməli Rəhmon: Sağ olun, İlham Heydər oğlu. Məni Azərbaycan Respublikasına səfərə dəvət etdiyinizə görə Sizə təşəkkür edirəm. İlk münasib imkan yaranan kimi Sizin lütfkar dəvətinizdən mütləq istifadə edəcəyəm.