Prezidentin xüsusi nümayəndəsi Qubadlı ictimaiyyətinin nümayəndələri ilə görüşüb
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev yanvarın 6-da Qubadlı Rayon İcra Hakimiyyətində Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Görüşdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı, icra hakimiyyətinin əməkdaşları, rayon ziyalıları və geniş ictimaiyyət nümayəndələri iştirak ediblər.
Globalnews.az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin tarixi əhəmiyyətindən danışan Vahid Hacıyev, işğaldan azad edilmiş ərazilərdə qələbədən dərhal sonra görülmüş irimiqyaslı bərpa-quruculuq işlərindən söz açıb.
Prezidentin xüsusi nümayəndəsi Qubadlı rayonunda aparılacaq bərpa-quruculuq işləri, Qubadlı kəndlərinin yenidən qurulması və burada mövcud olmuş iqtisadiyyat sahələrinin dirçəldilməsi üçün görüləcək işlər haqqında rayon ictimaiyyətinin nümayəndələrinə ətraflı məlumat verib.
Həmçinin o, Böyük Qayıdışın ilk qədəmlərinin qoyulduğu Zəngilan rayonu Ağalı kəndinə keçmiş məcburi köçkünlərin artıq köçürüldüyündən və bu prosesin davamlı olaraq bütün Şərqi Zəngəzurda, o cümlədən Qubadlı rayonunda həyata keçiriləcəyindən söz açıb.
Sonra xüsusi nümayəndəliyin əməkdaşları Qubadlı Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış zəngin tarixi və mədəni irsə sahib Qubadlı rayon muzeyi ilə tanış olublar.