AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin siyasi liderliyi və YAP VIII Qurultayının əhəmiyyəti

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm mərhələ kimi diqqəti cəlb edir. Qurultayın Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilməsi partiyanın ölkənin siyasi sistemindəki rolunu bir daha nümayiş etdirir. Üç onillikdən artıq müddətdə hakim siyasi qüvvə kimi fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası dövlətçilik, milli həmrəylik və sabitlik prinsiplərini öz siyasi fəaliyyətinin əsas istiqamətləri kimi müəyyənləşdirib. Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi fikirlər partiyanın yalnız keçmiş fəaliyyətinə deyil, həm də qarşıdakı dövr üçün strateji hədəflərinə işıq salır.

VIII Qurultayın ən mühüm xüsusiyyətlərindən biri onun Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi yeni siyasi və geosiyasi reallıq şəraitində keçirilməsidir. Prezident İlham Əliyev çıxışında 44 günlük Vətən müharibəsinin və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirlərinin Azərbaycanın tarixində yaratdığı dönüş nöqtəsini xüsusi vurğulayıb. 8 Noyabrın Zəfər Günü, 20 Sentyabrın isə suverenliyin tam bərpası baxımından tarixi əhəmiyyət daşıması dövlətçilik salnaməsinin yeni səhifəsini formalaşdırıb. Bu baxımdan qurultay həm siyasi partiyanın fəaliyyətinin qiymətləndirilməsi, həm də yeni tarixi mərhələnin vəzifələrinin müəyyənləşdirilməsi baxımından əlamətdardır.

Prezident İlham Əliyevin çıxışında Azərbaycanın Zəfərə aparan yolunun siyasi əsaslarının da xüsusi qeyd edilməsi təsadüfi deyil. Yeni Azərbaycan Partiyasının yaradılması xalqın həmin dövrdə mövcud olan siyasi böhran və idarəolunmazlıq şəraitindən çıxış axtarışının nəticəsi idi. Ulu Öndər Heydər Əliyevin ətrafında cəmiyyətin qabaqcıl qüvvələrinin birləşməsi Azərbaycanın dövlətçilik tarixində dönüş yaratdı. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt sonrakı mərhələdə dövlət institutlarının möhkəmləndirilməsi, iqtisadi potensialın artırılması, beynəlxalq mövqelərin gücləndirilməsi və güclü ordunun yaradılması üçün fundamental baza formalaşdırdı.

Bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilməsi nəticəsində Azərbaycan regional və beynəlxalq miqyasda öz mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Ərazi bütövlüyünün və suverenliyin bərpası ilə yanaşı, iqtisadi müstəqilliyin təmin olunması, hərbi potensialın artırılması, enerji və nəqliyyat layihələrinin genişləndirilməsi ölkənin strateji çəkisini yüksəldib. Prezident İlham Əliyevin qurultayda qarşıya qoyduğu yeni vəzifələr arasında hərbi gücün daha da artırılması, ideoloji təhlükəsizliyin möhkəmləndirilməsi, fəal xarici siyasətin davam etdirilməsi və sosial-iqtisadi inkişafın təmin olunması xüsusi yer tutur.

Beləliklə, YAP-ın VIII Qurultayı yalnız partiya həyatının növbəti tədbiri deyil, Azərbaycanın yeni tarixi mərhələsinin siyasi prioritetlərinin müəyyənləşdirildiyi mühüm platformadır. Qurultay Yeni Azərbaycan Partiyasının dövlətçilik strategiyasına sədaqətini, Prezident İlham Əliyevin rəhbərliyi altında qarşıya qoyulan məqsədlərin ardıcıl həyata keçirilməsində siyasi məsuliyyətini nümayiş etdirir. Azərbaycanın əldə etdiyi Zəfərin qorunması, sülhün möhkəmləndirilməsi, iqtisadi inkişafın davam etdirilməsi və milli həmrəyliyin daha da gücləndirilməsi qarşıdakı dövrün əsas istiqamətləridir. Bu mənada VIII Qurultay Azərbaycanın siyasi tarixində mühüm mərhələ kimi qiymətləndirilə bilər.

Narınc Aslanova,
YAP Nizami rayon təşkilatının “Babək prospekti, 101a” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button