
Tarix boyu coğrafi məsafələr bir milləti digərindən ayıra bilər, lakin ortaq mədəni dəyərlər, qarşılıqlı hörmət və siyasi iradə xalqlar arasında elə möhkəm körpülər qurur ki, bu körpülər zamanın sınağından keçərək əbədi dostluğa çevrilir. Azərbaycan ilə Macarıstan arasında qurulan münasibətlər də məhz bu mənəvi və siyasi təməl üzərində yüksəlmişdir. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xarici siyasət kursunda beynəlxalq əməkdaşlıq, qarşılıqlı maraqlara əsaslanan münasibətlər xüsusi yer tuturdu. O, Azərbaycanın Avropa ilə münasibətlərini möhkəmləndirmək məqsədilə Orta Avropa ölkələri ilə əlaqələrin inkişafına xüsusi önəm verirdi. Macarıstanla münasibətlər də bu siyasi xəttin bir hissəsi olaraq diqqət mərkəzində idi.
Heydər Əliyev qeyd edirdi:
“Azərbaycan Avropaya inteqrasiya yolunda yalnız enerji layihələri ilə deyil, eyni zamanda mədəni və siyasi əməkdaşlıqla da nümunəvi model təqdim etməlidir.”
Bu baxış tərzi Macarıstan kimi strateji tərəfdaşlarla münasibətlərin əsasını qoydu.Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan–Macarıstan əlaqələri keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Prezident İlham Əliyev Macarıstanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi birmənalı dəstəyi yüksək qiymətləndirərək bu münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırdı. O, öz çıxışlarının birində vurğulamışdır:
“Macarıstan ilə münasibətlərimiz təkcə siyasi deyil, həm də iqtisadi, humanitar və enerji sahələrində çoxşaxəli və perspektivlidir. Bu dostluq uzunmüddətli strateji maraqlara əsaslanır.” Azərbaycan və Macarıstan arasında onlarla hüquqi sənəd və saziş imzalanmışdır ki, bunlar da qarşılıqlı fəaliyyətin hüquqi bazasını təşkil edir. Əsas sazişlər aşağıdakılardır:
Strateji tərəfdaşlıq haqqında birgə bəyannamə;
İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın yaradılması;
Enerji, təhsil, mədəniyyət və kənd təsərrüfatı sahələrində əməkdaşlıq haqqında protokollar.
Bu sənədlər çərçivəsində əməkdaşlıq müxtəlif istiqamətlərdə reallaşır. “SOCAR” və Macarıstan şirkətləri arasında enerji sahəsində qarşılıqlı investisiyalar, həmçinin azərbaycanlı tələbələrin Macarıstanın ali məktəblərində “Stipendium Hungaricum” proqramı ilə təhsil almaları ikitərəfli münasibətlərin məhsuldarlığını sübut edir.
Macarıstan Azərbaycanın təşəbbüskarı olduğu enerji layihələrinin – Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Korridorunun iştirakçısı olmaqda maraqlıdır. Azərbaycan isə öz növbəsində Macarıstanın Avropadakı etibarlı tərəfdaşı və enerji təchizatçısı kimi çıxış edir. 2023-cü ilin yayında Macarıstan Azərbaycan qazının alınması ilə bağlı ilkin razılaşma əldə etmişdir. Bu razılaşma Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu daha da gücləndirir. İkitərəfli münasibətlər yalnız siyasi və iqtisadi sahə ilə məhdudlaşmır. Budapeştdə Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyət göstərməsi, Macarıstanda Nizami Gəncəvinin əsərlərinin tərcümə olunması və müxtəlif mədəni tədbirlərin təşkili xalqlar arasında ruhani yaxınlığın göstəricisidir. Azərbaycan və macar xalqlarının ortaq türksoylu kökləri, tarixə söykənən qohumluq hissi mədəniyyətlərin təmasında dərin izlər buraxır.
Bu gün Azərbaycan–Macarıstan münasibətləri sadəcə diplomatik protokollarla çərçivələnən əlaqələr deyil. Bu münasibətlər qarşılıqlı hörmətə, ortaq maraqlara və möhkəm dostluğa əsaslanan bir strateji tərəfdaşlıq modelidir. Ulu öndər Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin davam etdirdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycanla Macarıstan arasında qurulan dostluq körpüsü indi bir çox sahədə uğurlu layihələrlə bəzənmiş bir tərəfdaşlıq yoluna çevrilmişdir. Bu yol iki xalqın rifahı, sülh və sabitliyin bərqərar olması naminə inamla davam edir.
İslam Bafadarov,
Yeni Azərbaycan Partiyasının məsləhətçisi