Prezident İlham Əliyevin Qazaxıstana baş tutan səfəri istər Azərbaycan, istərsə də Qazaxıstan üçün ikitərəfli münasibətlərin əhəmiyyətini artırıb
Azərbaycanla Qazaxıstan arasında ortaq tarixə, eyni etnik kökə və dinə malik olan münasibətlər son illər yüksələn xətlə inkişaf etməkdədir. Ölkələrimiz arasında diplomatik əlaqələr 1992-ci illərə təsadüf edir. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrından isə Azərbaycanın Qazaxıstanın Aktau şəhərində konsulluğu fəaliyyət göstərir. Ölkələrarası inkişaf geniş iqtisadi potensiala malikdir. Hər iki ölkə Şərq-Qərb Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq edir. Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələrin də böyük tarixi var. Azərbaycan neftçiləri Qazaxıstanın Manqışlağın, Quryevin neft mədənlərində səmərəli fəaliyyət göstəriblər. Azərbaycan və Qazaxıstan neftçiləri, alimləri, mühəndisləri Xəzər dənizi hövzəsində də əməkdaşlıq ediblər və bu ənənə bu gün də davam edir. 2005-ci il mayın 25-də Qazaxıstan Prezidenti N. Nazarbayev Azərbaycanda səfərdə olarkən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin istifadəyə verilməsi tədbirində iştirak edib. Mərasim zamanı Qazaxıstanın da qoşulduğu “Şərq-Qərb enerji nəqliyyat dəhlizinin inkişaf etdirilməsi və genişləndirilməsi haqqında Bakı Bəyannaməsi” imzalanıb. Ölkələr İƏT çərçivəsində də fəal əməkdaşlıq edirlər. 2010-cu ilin I rübündə Azərbaycanın Qazaxıstanla ticarət əlaqələri göstərilən kimi olub ( min ABŞ dolları). İdxal 43 653,3, ixrac 119 424,2, xarici ticarət saldosu 75 770,9. 2008-ci il (yanvar-oktyabr) aylarında isə belə olub. İdxal 187.9, ixrac 276.7, ticarət saldosu 88.8. Ancaq 2007-ci ildə prezidentlər səviyyəsində bildirilib ki, ticarət dövriyyəsinin həcminin 1 milyard dollara çatdırılması vəzifəsi qarşıya qoyulub. Azərbaycan və Qazax xalqları tarixi, mədəni və ənənələr baxımından bir-birinə bağlı xalqlar olduğu üçün mədəni əlaqələrin genişləndirilməsi üçün heç bir maneə yoxdur. Hər iki xalq müstəqillik əldə etdikdən sonar bu əlaqələr intensiv xarakter alıb. Azərbaycanın ağır illərində onun haqq səsini dünyaya çatdıran XX yüzilin ən qüdrətli şairlərindən olan Oljas Süleymanovun məşhur “Az-Ya” kitabı, şeirləri və məqalələri 1980-cı illərdən Azərbaycanda nəşr olunmağa başlayıb. Azərbaycanla Qazaxıstan strateji tərəfdaş olan ölkələrdir. Azərbaycan-Qazaxıstan beynəlxalq arenada birgə fəaliyyət göstərir və əməkdaşlıq edirlər. Məhz bu cür strateji yanaşmanın nəticəsidir ki, Azərbaycan və Qazaxıstan arasında bu illər ərzində heç bir problem yaşanmayıb, Xəzərin hüquqi statusu ilə bağlı ölkələr qısa müddətdə razılığa gələ biliblər. Azərbaycan və Qazaxıstan bir sıra nəqliyyat layihələrinin həyata keçirilməsi üzrə də əməkdaşlıq edirlər. Qazaxıstan Orta Asiyada Azərbaycanın ən yaxın tərəfdaşıdır. 27 oktyabr 2006-cı il tarixində Vyanada ATƏT-in Daimi Şurasının Qazaxıstanın 2009-cu ildə ATƏT-də sədrlik məsələsi ilə bağlı xüsusi plenar iclasında Azərbaycan bu təklifi dəstəkləyib. Bu yaxında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstana baş tutan səfəri istər Azərbaycan, istərsə də Qazxıstan üçün ikitərəfli münasibətlərin əhəmiyyətini artırıb. Səfər çərçivəsində, xüsusən humanitar sahədə əməkdaşlıq və Ali Dövlətlərarası Şuranın yaradılması barədə əldə edilmiş razılaşmalar ona deməyə əsas verir ki, Azərbaycan-Qazaxıstan münasibətləri bundan sonra daha sürətlə inkişaf edəcək və hər iki xalqın məhafeyinə xidmət edəcəkdir.
Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı