
2024-cü il fevralın 7-də keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkiləri müasir Azərbaycan tarixində xüsusi yer tutan, siyasi və ideoloji baxımdan dərin məna daşıyan Zəfər seçkisi kimi yadda qalmışdır. Bu seçkilər yalnız növbəti siyasi kampaniya deyil, eyni zamanda Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasından sonra xalq–hakimiyyət birliyinin təntənəsi olmuşdur. Müstəqillik tariximizdə ilk dəfə olaraq prezident seçkiləri ölkəmizin bütün ərazilərində, o cümlədən uzun illər işğal altında olmuş torpaqlarda təşkil edilmişdir.
Bu tarixi fakt bir daha təsdiq etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti qalib ölkə statusunu real siyasi və hüquqi müstəvidə möhkəmləndirmiş, suverenliyini dönməz şəkildə təmin etmişdir. Seçkilərin məhz bu şəraitdə keçirilməsi Azərbaycan xalqının iradəsinin, milli qürurunun və dövlətçilik şüurunun bariz ifadəsi olmuşdur.
Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səsvermədə iştirakı Zəfər seçkisinin əsas simvoluna çevrilmişdir. Dövlət başçısının məhz Xankəndidə səs verməsi dərin siyasi məna daşıyan, tarixi ədalətin bərpasını nümayiş etdirən qətiyyətli addım olmuşdur.
Uzun illər separatizmin mərkəzi kimi təqdim edilən bir şəhərdə Azərbaycan Prezidentinin səs verməsi göstərdi ki, ölkə ərazisində artıq qeyri-qanuni qurumlara, qondarma rejimlərə və separatçı ideologiyaya yer yoxdur. Bu hadisə faktiki olaraq erməni separatizminin siyasi və ideoloji iflasının rəsmi təsdiqi kimi tarixə düşmüşdür.
2024-cü il prezident seçkiləri yüksək seçici fəallığı ilə də yadda qalmışdır. Seçkilərdə 76,43 faiz seçici iştirak etmişdir ki, bu da xalqın siyasi proseslərə böyük marağının və dövlət başçısına olan inamının göstəricisidir. Seçkilərin nəticələrinə əsasən, Prezident İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Bu nəticə təsadüfi deyil. Bu, illər ərzində aparılan ardıcıl, məqsədyönlü və milli maraqlara əsaslanan siyasətə verilən yüksək siyasi qiymətdir. Azərbaycan xalqı bu səsvermə ilə Prezident İlham Əliyevin liderliyini, onun həyata keçirdiyi islahatları və ölkəni qələbəyə aparan strateji kursunu birmənalı şəkildə dəstəklədiyini nümayiş etdirmişdir.
Prezident İlham Əliyevin fəaliyyəti müasir Azərbaycan tarixində qalib lider modelinin formalaşması ilə xarakterizə olunur. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə, 2023-cü ildə həyata keçirilmiş lokal antiterror tədbirləri və nəticədə ölkənin ərazi bütövlüyünün tam təmin olunması məhz bu siyasi xəttin məntiqi nəticəsidir.
Zəfər seçkisi Prezident İlham Əliyevin yalnız müharibə dövrünün deyil, postmünaqişə mərhələsinin də lideri olduğunu təsdiqləmişdir. Azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri, “Böyük Qayıdış” proqramının icrası, yeni infrastruktur layihələrinin həyata keçirilməsi dövlət başçısının uzunmüddətli strateji baxışının göstəricisidir.
Prezident İlham Əliyevin fəaliyyəti Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müasir Azərbaycan dövlətçilik ənənələrinin davamı və inkişafıdır. Güclü dövlət, güclü lider, güclü ordu və xalq–iqtidar birliyi bu siyasi modelin əsas sütunlarını təşkil edir. 2024-cü il prezident seçkiləri bu modelin cəmiyyət tərəfindən tam dəstəkləndiyini bir daha sübut etmişdir.
Seçkilərin bütün ərazilərdə keçirilməsi dövlət başçısının siyasi legitimliyini tarixi səviyyədə möhkəmləndirmiş, Azərbaycan dövlətinin idarəetmə imkanlarını və hüquqi suverenliyini beynəlxalq ictimaiyyətə nümayiş etdirmişdir.
Zəfər seçkisi Azərbaycan üçün yeni siyasi mərhələnin başlanğıcıdır. Bu mərhələ tam suverenlik, dayanıqlı inkişaf, milli birlik və güclü dövlətçilik prinsipləri üzərində qurulmuşdur. Prezident İlham Əliyevin yenidən seçilməsi ölkənin gələcək inkişaf strategiyasının ardıcıl şəkildə davam etdiriləcəyinə dair cəmiyyətə və beynəlxalq aləmə verilmiş açıq mesajdır.
Nəticə etibarilə, 2024-cü il fevralın 7-də keçirilmiş prezident seçkiləri Azərbaycan tarixində Zəfər seçkisi kimi qalacaqdır. Bu seçkilər Prezident İlham Əliyevin fəaliyyəti, qətiyyətli siyasi iradəsi və xalqın ona göstərdiyi yüksək etimadın təntənəsi olmuşdur. Xankəndidə verilən səs, bütün ərazilərdə təşkil olunan seçki prosesi və əldə edilən möhtəşəm nəticə göstərdi ki, Azərbaycan dövləti qalib, xalqı isə öz lideri ətrafında sıx birləşmiş güclü xalqdır.
Murad Zeynalov,
Yeni Azərbaycan Partiyasının məsləhətçisi



