
2025-ci il oktyabrın 7-də Azərbaycan Respublikasının Qəbələ şəhəri mühüm tarixi hadisəyə ev sahibliyi etdi. Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü məhz burada keçirildi. Zirvə görüşü türk dünyasının siyasi, iqtisadi və mədəni inteqrasiyasının daha da dərinləşməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı.
Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı görüşün ideoloji istiqamətini və türk dünyasının gələcək inkişaf xəttini müəyyən edən əsas məqam kimi tarixə düşdü. Prezident İlham Əliyev çıxışına Qəbələnin qədim tarixindən və türk mədəniyyətinin dərin köklərindən söz açmaqla başladı. O vurğuladı ki, Qəbələ qədim Qafqaz Albaniyasının paytaxtı olmuş, əsrlər boyu Azərbaycan xalqının mədəni və mənəvi irsinin formalaşmasında mühüm rol oynamışdır. Bu fakt Zirvə görüşünün məkan seçiminin təsadüfi olmadığını, türk dünyasının tarixi köklərinə sadiqliyini simvolizə etdiyini göstərirdi. İlham Əliyevin çıxışında xüsusi yer alan mövzulardan biri də müdafiə və təhlükəsizlik sahəsində birgə fəaliyyət idi. İlham Əliyev bildirdi ki, sülh və təhlükəsizlik olmadan iqtisadi və sosial inkişaf mümkün deyil. Bu baxımdan türk dövlətlərinin birgə hərbi-texniki əməkdaşlığı, müdafiə sənayesi sahəsində təcrübə mübadiləsi və ortaq təlimlərin keçirilməsi vacibdir. O, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatı ölkələrinin birgə hərbi təlimlərinin keçirilməsini təklif etdi. Prezidentin sözlərinə görə, Azərbaycan ilə Türkiyə arasında keçirilən onlarla uğurlu təlim bu sahədə mühüm təcrübə formalaşdırıb və bu model digər türk dövlətləri üçün də nümunə ola bilər. Bu çağırış, türk dünyasında ortaq müdafiə mexanizminin təməlini formalaşdırmaq istiqamətində ciddi addım kimi dəyərləndirilir. Prezident İlham Əliyev çıxışında türk ölkələri arasında ticarət dövriyyəsinin artırılması, enerji, nəqliyyat və kommunikasiya sahələrində birgə layihələrin inkişaf etdirilməsinin zəruriliyini qeyd etdi. O bildirdi ki, Zəngəzur dəhlizi və Orta Dəhliz türk dünyasını birləşdirən strateji infrastruktur xəttinə çevriləcək. Bu dəhliz vasitəsilə Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa arasında yeni logistika körpüsü qurulur. Azərbaycan bu prosesin mərkəzində dayanaraq həm tranzit, həm də enerji təhlükəsizliyi baxımından əsas rol oynayır. Mədəni inteqrasiyanın gücləndirilməsi məqsədilə Prezident 2026-cı ildə Türkoloji Qurultayın 100 illiyinin TDT çərçivəsində təntənə ilə qeyd olunmasını təklif etdi. Bu təşəbbüs türk xalqlarının ortaq elmi və mədəni irsinin qorunması istiqamətində mühüm addım hesab olunur. Prezident İlham Əliyev çıxışında qardaş ölkələrə Qarabağ və Şərqi Zəngəzurun bərpasına göstərdikləri dəstəyə görə təşəkkürünü bildirdi. O qeyd etdi ki, müxtəlif türk dövlətlərinin bu ərazilərdə inşa etdirdiyi məktəblər, məscidlər və sosial obyektlər həmrəyliyin simvoluna çevrilib. Xüsusilə Türkmənistan tərəfindən Füzuli şəhərində məscidin inşa olunması təşəbbüsünün gerçəkləşdiriləcəyini və bunun təməlqoyma mərasiminin Zirvə görüşü çərçivəsində keçiriləcəyini vurğuladı. Bu, dini və mədəni dəyərlər əsasında qurulan qardaşlığın canlı təcəssümü kimi dəyərləndirildi. Görüşün yekununda Prezident İlham Əliyev çıxışının əsas mesajlarını konkret sənədlərlə möhkəmləndirdi. Zirvə çərçivəsində Ankara Bəyannaməsi, eləcə də təbii fəlakətlərə qarşı birgə mülki müdafiə mexanizminin yaradılmasına dair Protokol qəbul olundu. Bu sənədlər, türk dövlətləri arasında həm siyasi, həm də humanitar əməkdaşlığın hüquqi bazasını möhkəmləndirdi. Qəbələ Zirvəsi nəticəsində TDT-nin beynəlxalq nüfuzu artdı, onun regional aktor kimi mövqeyi daha da möhkəmləndi. Prezident İlham Əliyevin Qəbələdəki çıxışı təkcə Azərbaycan diplomatiyasının deyil, bütövlükdə türk dünyasının inkişaf strategiyasının əsas istiqamətlərini müəyyənləşdirdi. Bu çıxışda səslənən fikirlər və irəli sürülən təşəbbüslər TDT-ni gələcəkdə daha güclü, çevik və təsirli bir regional quruma çevirməyi hədəfləyir.
Azərbaycan Prezidentinin vurğuladığı birlik, təhlükəsizlik və iqtisadi əməkdaşlıq prinsipləri türk dövlətləri arasında strateji həmrəyliyin dərinləşməsinə xidmət edir. Qəbələdə keçirilən bu Zirvə görüşü həm də simvolik mənada mühüm idi — qədim Qafqaz torpağında, türk mədəniyyətinin beşiyində türk birliyi ideyasının daha da güclənməsi tarixi hadisə kimi yadda qaldı. Prezident İlham Əliyevin çıxışı, türk dünyasının gələcək birliyinin siyasi və mənəvi manifestinə çevrildi.
Məmmədova Nərmin,
Yeni Azərbaycan Partiyası,məsləhətçi