
2025-ci il sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nyu-York şəhərində keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış etmişdir. Bu çıxışında Prezident İlham Əliyev Azərbaycanın son illərdəki uğurlarından danışmışdır. Həm də bu çıxış beynəlxalq münasibətlər sisteminə dair dərin mesajların verilməsi ilə diqqət çəkmişdir.
Prezident İlham Əliyevin çıxışında Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, Ermənistanla münasibətlər, regional sülh və əməkdaşlıq təşəbbüsləri, iqlim dəyişiklikləri və s. kimi mövzular vurğulanmışdır.
Ölkə başçımız İlham Əliyev: Uzun illər ərzində bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam.
Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında cari siyasi mövqeyi təqdim etməklə bərabər həm də, ölkənin BMT ilə uzunmüddətli əməkdaşlıq tarixini əks etdirmişdir. Müstəqil Azərbaycan Respublikasının BMT ilə əməkdaşlığı keçən əsrin son on illiyində başlamışdır. Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən dərhal sonra beynəlxalq aləmdə də tanınmağa başladı. 2 mart 1992-ci ildə BMT-yə üzv qəbul edildi. Beləliklə Azərbaycan beynəlxalq hüququn tamhüquqlu subyekti kimi fəaliyyətə başladı.
Üzv olduğu ilk illərdən etibarən Azərbaycan Ermənistanın bizə qarşı olan təcavüzkar siyasətini dünya ictimaiyyətinin diqqət mərkəzinə qoymağa çalışırdı. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874 və 884 nömrəli qətnamələr qəbul etdi. Bu qətnamələrdə Ermənistan silahlı qüvvələrinin Azəbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılması tələb olunsa da, uzun müddət yerinə yetirilmədi. Hətta bu qətnamələrə baxmayaraq Ermənistan dəfələrlə BMT-nin qərarlarına zidd olaraq atəşkəsi pozmuşdur.
2012-2013-cü illərdə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərək mühüm beynəlxalq proseslərdə iştirak etdi. Beləliklə ölkəmizin beynəlxalq nüfuzu getdikcə artdı. Azərbaycanın bu illərdə BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzv kimi iştirakı, ölkəyə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məsələləri birbaşa beynəlxalq hüquq çərçivəsində nümayiş etdirməyə imkan vermişdir.
Prezident İlham Əliyev BMT Baş Assambleyasında çıxışında demişdir: Otuz ilə yaxın müddətdə davam edən səmərəsiz danışıqlardan sonra 2020-ci ildə Azəbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməyə məcbur oldu. Ermənistan müharibə zamanı şəhərlərimizə, kəndlərimizə ballistik raketlər atdı, onları kasetli mərmilərlə bombaladı, 100-dən çox günahsız mülki vətəndaşımızı qətlə yetirdi. Azərbaycan isə müharibəni beynəlxalq hümanitar hüquqa tam riayət etməklə apardı. Biz mülki şəxslərin mühafizəsini təmin etdik, qeyi-hərbi infrastrukturu hədəfə almaqdan çəkindik. 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimiz işğal altındakı əraziləri azad etdi. Azərbaycan ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi.
Prezident çıxışında hümanitar problemlərə də toxunaraq demişdir: Postmünaqişə dövründə Azərbaycanın qarşısında duran ən ağır hümanitar probemlərdən biri də Ermənistanın işğalı dövründə yerləşdirilmiş minaların yaratdığı təhlükədir. 2020-ci ilin noyabrından bu günədək 400-dən çox azərbaycanlı mülki şəxs və hərbçi mina partlayışları nəticəsində həlak olub və ya ağır yaralanıb. Bu geniş mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına və bərpa layihələrinin həyata keçirilməsinə əngəl törədir.
Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı, Azərbaycanın tam müstəqil ve suveren bir dövlət kimi beynəlxalq arenada mövqeyinin daha da möhkəmləndiyini nümayiş etdirdi. Çıxışda həm regional əməkdaşlıq, həm hümanitar və hüquqi məsələlərdə Azərbaycanın rolu xüsusi vurğulanırdı. Bu çıxış Azərbaycanın yalnız mövcud problemləri həll etmədiyini, həm də gələcəklə bağlı planlar qurduğunu bir daha göstərdi.
Xəzər rayonu , 181 nömrəli tam orta məktəbin tarix müəllimi
Mustafazadə Gülnar