
2025-ci ilin 30 sentyabr günü Bakıda xüsusi diplomatik hadisə baş verdi – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikasının Prezidenti Sercio Mattarella mətbuat qarşısında birgə bəyanatla çıxış etdilər. Bu görüş təkcə iki dövlət başçısının protokol xarakterli görüşü deyil, eyni zamanda Azərbaycan–İtaliya münasibətlərinin strateji məzmununun bir daha təsdiqlənməsi idi. Prezident İlham Əliyev bəyanatının əvvəlində Sercio Mattarellanı yenidən Bakıda görməkdən məmnunluğunu ifadə edərək bildirdi ki, bu səfər iki ölkə arasında uzunmüddətli dostluq və qarşılıqlı etimadın təzahürüdür. Dövlət başçısı xatırlatdı ki, İtaliya Prezidentinin Azərbaycana bu ikinci rəsmi səfəridir və yeddi il əvvəl baş tutan ilk səfər də münasibətlərin inkişafında mühüm mərhələ olmuşdu. Bu sözlər Azərbaycan diplomatiyasının sabit və ardıcıl xarakterini nümayiş etdirir. İlham Əliyevin vurğuladığı kimi, bu səfər “dostluğun, tərəfdaşlığın və qarşılıqlı hörmətin göstəricisidir”. Bəyanatda enerji sektoru iki ölkə münasibətlərinin əsas sütunu kimi xüsusi vurğulandı. Prezident İlham Əliyev qeyd etdi ki, İtaliya həm Azərbaycanın ən iri ticarət tərəfdaşı, həm də Azərbaycan neft və qazının Avropaya çıxışında mühüm körpüdür. Trans-Adriyatik Boru Kəməri (TAP) layihəsinin uğurla reallaşması bu əməkdaşlığın real nəticəsidir. Əliyev bildirdi ki, bu gün Azərbaycan yalnız xammal tədarükçüsü deyil, həm də Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi çıxış edir. “Biz İtaliya ilə birgə həm enerji, həm də bərpa olunan enerji sahəsində yeni layihələr həyata keçiririk. Bu, gələcəyin əməkdaşlıq istiqamətidir”, – deyə Prezident vurğuladı. İlham Əliyev bəyanatında qeyd etdi ki, İtaliya ilə iqtisadi və ticarət əlaqələri ildən-ilə genişlənir. Ölkələr arasında ticarət dövriyyəsinin həcmi 10 milyard dollara yaxınlaşıb. Lakin əməkdaşlıq bununla məhdudlaşmır. Prezident xüsusi olaraq İtaliya–Azərbaycan Universitetinin yaradılmasını dostluğun mədəni və intellektual müstəvisində atılmış mühüm addım kimi qiymətləndirdi. Bu ali təhsil müəssisəsi iki xalq arasında elmi və mədəni körpü rolunu oynayacaq. “Bu universitetin tələbələri gələcəkdə həm İtaliyanın, həm də Azərbaycanın dostluq elçiləri olacaq,” – deyə Əliyev qeyd etdi. Prezident İlham Əliyev çıxışında İtaliyanın Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığında hər zaman konstruktiv rol oynadığını vurğuladı. O bildirdi ki, Bakı və Roma arasında münasibətlər yalnız ikitərəfli deyil, həm də regional və qlobal kontekstdə strateji əhəmiyyət daşıyır. İtaliya Azərbaycanın enerji və nəqliyyat layihələrinə verdiyi dəstək vasitəsilə Cənubi Qafqaz regionunun sabitliyinə töhfə verir. Bu, Azərbaycan diplomatiyasının “praktik əməkdaşlıq və qarşılıqlı fayda” prinsipinə sadiqliyinin göstəricisidir. Bəyanatda humanitar əlaqələrə də geniş yer verildi. İtaliya Azərbaycanın Avropadakı mədəni tərəfdaşlarından biri kimi təqdim olundu. Prezident İlham Əliyev qeyd etdi ki, Romada, Milanda və digər şəhərlərdə keçirilən Azərbaycan mədəniyyəti günləri, eləcə də İtalyan restavratorlarının Azərbaycanın mədəni irsinin bərpasında iştirakı xalqlar arasında qarşılıqlı hörmətin təzahürüdür. Bəyanatın mühüm məqamlarından biri də regional sabitlik məsələsinə dair verilən mesaj idi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Cənubi Qafqazda sülh və əməkdaşlığın tərəfdarıdır. Bu mövqe həm İtaliya, həm də Avropa İttifaqı tərəfindən dəstəklənir.
Orxan Abdullazədə
Yeni Azərbaycan Partiyası, Məsləhətçi