
Dünyada sülhün, dözümlülüyün və qarşılıqlı hörmətin təbliğində Azərbaycanın artan rolu ölkəmizi beynəlxalq mənəvi dialoqların əsas mərkəzinə çevirib. Sentyabrın 15-də Prezident İlham Əliyevin rəhbərliyi altında keçirilən möhtəşəm görüş bu faktın növbəti sübutu idi. Dövlət başçısı Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət yüksək səviyyəli nümayəndə heyətini qəbul etdi. Geniş coğrafiyanı əhatə edən bu görüşdə TDT Baş katibinin və çoxsaylı qardaş ölkələrin müftilərinin iştirakı, Prezident İlham Əliyevin İslam və Türk dünyasının mənəvi birliyi istiqamətində həyata keçirdiyi müdrik siyasətin və onun qlobal miqyasdakı sülhsevər missiyasının növbəti təntənəsi oldu.
Çıxışında ölkəmizin tarixi və fəlsəfi köklərinə nəzər salan Prezident İlham Əliyev, xalqımızın dünya sivilizasiyasına bəxş etdiyi nəhəng intellektual potensialından danışdı. O, Seyid Yəhya Bakuvi kimi böyük mütəfəkkirə həsr edilmiş konfransla dini rəhbərlərin mötəbər toplantısının eyni zamanda Bakıda keçirilməsini Azərbaycanın həm mənəviyyata, həm də elmə verdiyi dəyərin göstəricisi kimi qiymətləndirdi. Dövlət başçısı Nizami, Nəsimi, Xətai və Füzuli kimi böyük şəxsiyyətlərimizin irsinin İslam mədəniyyətinin ayrılmaz parçası olduğunu qeyd etdi. Bununla yanaşı, Qafqaz Albaniyasının və Atabəylər dövlətinin mövcud olduğu Azərbaycan torpaqlarının tarixi əhəmiyyətinə toxunan Prezident, ölkəmizin TDT-də yeganə Qafqaz dövləti kimi iki böyük coğrafiyanı mənəvi-siyasi xətlərlə birləşdirən sarsılmaz qovuşaq olduğunu bəyan etdi.
İslam aləmindəki həmrəylik məsələsi Prezident İlham Əliyevin çıxışının ana xəttini təşkil etdi. O, müsəlman ölkələri arasındakı bəzi anlaşılmazlıqların xalqları narahat etdiyini bildirərək, Azərbaycanın hər zaman münaqişələrin deyil, əməkdaşlığın tərəfdarı olduğunu dedi. 2017-ci ildə Bakıda böyük uğurla keçirilən IV İslam Həmrəylik Oyunlarını xatırladan dövlət başçısı, gələn il ölkəmizdə təşkil olunacaq İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün bu missiyanın tarixi davamı olacağını bildirdi. Prezident İlham Əliyev əminliklə bildirdi ki, yalnız vahid ailə kimi birləşməklə, lazımsız söz-söhbətləri yığışdırmaqla İslama qarşı məkrli planlar quran qüvvələrin qarşısını almaq və dünyada sülhü tam bərqərar etmək mümkündür.
Prezident İlham Əliyevin çıxışının ən qürurverici və həlledici hissəsi isə Vətən müharibəsində əldə edilmiş möhtəşəm Zəfər və işğaldan azad edilmiş ərazilərdəki reallıqlarla bağlı oldu. Nümayəndə heyətinin Qarabağa gözlənilən səfərini diqqətə çatdıran dövlət başçısı, Ermənistanın 30 il ərzində məqsədyönlü şəkildə 65 məscidi dağıtmasını və bu məkanlarda heyvan saxlamasını İslam dəyərlərinə edilmiş ən böyük təhqir adlandırdı. Buna baxmayaraq, xalqımızın Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ədaləti qan bahasına, hərbi güclə bərpa etdiyini söyləyən Prezident, düşmənin tam təslim edildiyini vurğuladı. Bu gün 90 mindən çox soydaşımızın geri döndüyü dirçələn Qarabağ və Şərqi Zəngəzur, Prezident İlham Əliyevin yenilməz iradəsinin və qalib Azərbaycan dövlətinin qurucu qüdrətinin parlaq rəmzidir.
Ülkər Məmmədova,
YAP Nizami rayon təşkilatının “Azər Manafov küçəsi, 130” ərazi partiya təşkilatının sədr müavini



