
Təsadüfi deyil ki, Pakistan Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkədir. Rəsmi İrəvanın bütün cəhdlərinə baxmayaraq, Pakistan həmişə Ermənistandan Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyi tələb edib və işğalçı ölkə ilə hələ də diplomatik münasibətlər qurmayıb. Məhz bu qardaşlıq dəstəyinə görə Pakistan haqlı olaraq xalqımız tərəfindən sevilir və vətəndaşlarımız bu ölkəyə xüsusi ehtiram göstərir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi bütün Azərbaycan yaxşı bilir ki, işğal dövründə Pakistan hər zaman yanımızda olan bir sıra ölkələrdən biri olmuşdur. İkinci Qarabağ müharibəsi zamanı rəsmi İslamabadın ölkəmizə ənənəvi siyasi dəstəyinin nəticəsi olaraq xalqımız böyük qələbə şənliklərinə əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları ilə çıxmışdılar.
İqtisadi sahədə də inkişaf üçün ciddi potensial var. Artıq iki ölkə hökumətləri ticarət, investisiya, sənaye, enerji, nəqliyyat və nəqliyyat dəhlizlərinin praktiki məsələləri ilə məşğuldurlar. Prezident İlham Əliyevin əminliklə qeyd kimi bütün planlar həyata keçiriləcək. Bunlara ikitərəfli ticarətin və birgə investisiyaların genişləndirilməsi daxildir. Qarşılıqlı faydalı layihələrə ilkin investisiyaların 2 milyard dollar təşkil edəcəyi gözlənilir.
Ümumiyyətlə, Pakistan tərəfi Azərbaycan şirkətlərinin ölkəyə sərmayə qoymasında çox maraqlıdır. Hazırda Azərbaycanda sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində çox sayda Pakistan şirkəti qeydiyyatdan keçib. Eyni zamanda, Pakistan şirkətləri də azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərində iştirak etmək üçün müraciət ediblər. Azərbaycan Pakistanla ticari-iqtisadi əlaqələrin genişləndirilməsini vacib hesab edir.
Murad Zeynalov
YAP Nizami rayon təşkilatının gənc fəalı