
Azərbaycanın bütün türk respublikaları ilə əlaqələri yüksələn şkala üzrə inkişaf etməkdədir və bu sırada Özbəkistanla münasibətlər xüsusi qeyd edilməlidir. Etno-milli kimliyə, ortaq dəyərlərə söykənən bu münasibətlərin tarixi isə qədimdir. Əlişir Nəvainin öz “Xəmsə”sini Nizami Gəncəvinin “Xəmsə”sindən ilhamlanaraq qələmə alması, Məhəmməd Füzuli, İmadəddin Nəsimi kimi mütəfəkkirlərin özbək ədəbi-mədəni və ictimai fikrində daim öyrənilməsi, Bakıda İçərişəhərdə Mərkəzi Asiyadan gələn tacirlər tərəfindən Buxara karvansarasının inşası Azərbaycan və özbək xalqları arasındakı əlaqələrin tarixi keçmişindən xəbər verir.
Ümumiyyətlə, Azərbaycan və özbək xalqlarının bir-birinə yaxın və doğma olduqlarını göstərən nümunələr saysız-hesabsızdır. Bunun nəticəsidir ki, müstəqillik illərində iki dövlət və onların xalqları arasında əlaqələrin inkişafı daha geniş vüsət alaraq, yeni keyfiyyət mərhələsinə daxil olmuşdur. Ötən əsrin 90-cı illərindən başlanan yeni siyasi-diplomatik münasibətlərin uğurla inkişaf etdirilməsində Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olmuşdur. Məhz onlar tərəfindən yaradılan möhkəm təməl üzərində Azərbaycan-Özbəkistan əlaqələri sürətlə inkişaf etmiş, iki xalqın qardaşlığı möhkəmlənmişdir.
Azərbaycan-Özbəkistan əlaqələri son dövrlərdə daha da inkişaf edərək strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə çatmışdır. Bu prosesdə Prezident İlham Əliyevlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dostluğu həlledici rol oynayır. Bu dostluq iki ölkə liderlərinin dostluğu ənənəsinin layiqli davamıdır. Xüsusən son bir neçə ildə edilən qarşılıqlı səfərlər həm dövlət başçıları, həm də Azərbaycanla Özbəkistan arasındakı dostluğun və qardaşlığın təcəssümünə çevrilmişdir.
Özbəkistan Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını hər zaman qətiyyətlə dəstəkləmiş, beynəlxalq təşkilatlar, ikitərəfli və çoxtərəfli görüşlər çərçivəsində bu barədə bağlı birmənalı mövqeyini ifadə etmişdir. Postsovet məkanında Özbəkistan yeganə ölkədir ki, məhz Azərbaycan torpaqlarının işğalına görə Ermənistanla diplomatik əlaqə qurmamışdır. Təsadüfi deyil ki, Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfər, torpaqlarımızın işğaldan azad edilməsi Özbəkistan cəmiyyətində böyük sevinc hissi ilə qarşılanmışdır. Bu münasibətlə Prezident Şavkat Mirziyoyev bir neçə dəfə Prezident İlham Əliyevi təbrik etmişdir. Özbəkistan dövlətinin dəstəyi ilə Füzuli rayonunda inşa edilən məktəb binası da özbək xalqının Azərbaycanın Zəfəri ilə bağlı sevincinin təcəssümüdür. Qarabağın bərpasında xarici dövlət tərəfindən edilən ilk ərməğan olan bu məktəb iki ölkə arasındakı dostluğun rəmz, qardaşlığın ünvanıdır. Özbəkistanın Qarabağın quruculuğuna daha bir töhfəsi Xankəndidə “Businesstex JV” tikiş fabrikinin yaradılmasıdır. Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan bu tikiş fabriki iki ölkə arasında uğurlu əməkdaşlığın simvolu olmaqla, ənənəvi dostluq və iqtisadi tərəfdaşlıq əlaqələrinin inkişafına xidmət edir.
Özbəkistanın Azərbaycana göstərdiyi etimad və dəstək, Azərbaycanın da öz növbəsində Özbəkistanla strateji əməkdaşlığa böyük önəm verməsi iki ölkənin münasibətlərinin sabit və uzunmüddətli xarakter daşıdığını sübut edir. Bu gün Azərbaycan və Özbəkistan yalnız dost və tərəfdaş deyil, həm də eyni hədəflərə, oxşar inkişaf modelinə və ortaq gələcəyə sahib iki qardaş dövlətdir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Özbəkistanın Azərbaycan üçün “etibarlı müttəfiq” olması regionda sülhün, stabilliyin və dayanıqlı inkişafın təmin edilməsində mühüm rol oynayır. Bu əməkdaşlıq həm Türk Dövlətləri Təşkilatı çərçivəsində birliyi gücləndirir, həm də Avrasiya məkanında yeni strateji balansın formalaşmasına töhfə verir.
Azərbaycan–Özbəkistan qardaşlığı bundan sonra da artan dinamika ilə inkişaf edəcək, xalqlarımızın rifahına və regionun sabitliyinə xidmət edəcək.
Əliyeva Sevinc
Xəzər rayonu 122 nömrəli məktəbin direktoru



