
08 oktyabr 2026-cı il tarixdə Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edərək çıxış edib. Çıxışda səsləndirilən fikirlər Azərbaycanın bu regionla münasibətlərinin strateji əhəmiyyətini və əməkdaşlığın gələcək inkişaf istiqamətlərini aydın şəkildə əks etdirib.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin mühüm istiqamətlərindən birini işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinə göstərilən dəstək təşkil edir. Prezident İlham Əliyev çıxışında Özbəkistan tərəfindən Füzulidə Mirzə Uluqbəy adına məktəbin, Qazaxıstan tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin, Qırğızıstan tərəfindən isə Ağdamda Manas adına məktəbin inşa edildiyini vurğulayıb. Bu layihələr həmin ölkələrin Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi quruculuq prosesinə verdikləri töhfənin konkret nümunələridir. Eyni zamanda, bu təşəbbüslər dövlətlərimiz arasında münasibətlərin yalnız siyasi və iqtisadi maraqlarla məhdudlaşmadığını, humanitar əməkdaşlığın da tərəfdaşlıqda mühüm yer tutduğunu göstərir.
Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri ardıcıl şəkildə genişlənərək yeni mərhələyə yüksəlib. Bu inkişafın mühüm göstəricilərindən biri 2025-ci ilin noyabrında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatına tamhüquqlu üzv qəbul edilməsidir. Bu qərar Azərbaycanla Mərkəzi Asiya arasında regional əməkdaşlığın institusional əsaslarının möhkəmlənməsi və Cənubi Qafqazla Mərkəzi Asiya arasında daha sıx əlaqələrin qurulması baxımından tarixi əhəmiyyət daşıyır. Coğrafi baxımdan fərqli regionlarda yerləşən ölkələrimizin vahid əməkdaşlıq platformasında təmsil olunması siyasi dialoqun genişləndirilməsi, iqtisadi əlaqələrin dərinləşdirilməsi və ortaq inkişaf imkanlarından səmərəli istifadə edilməsi üçün yeni perspektivlər açır.
Prezident İlham Əliyev 8-ci Məşvərət görüşündə Azərbaycanın bu formata tamhüquqlu üzv qəbul edilməsini dəstəklədiklərinə görə həmkarlarına bir daha təşəkkürünü bildirib. Dövlətimizin başçısı həmçinin bildirib ki, ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb, hazırda ölkəmizdə həmin dövlətlərin kapitalı ilə 400-dən çox şirkət fəaliyyət göstərir.
Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri də nəqliyyat və logistika sahəsidir. Prezident İlham Əliyev çıxışında Xəzər dənizinin ölkələrimiz arasında nəqliyyat əlaqələrinin inkişafında artan roluna diqqət çəkib. Xəzərin hər iki sahilində nəqliyyat infrastrukturunun inkişafı Mərkəzi Asiya ölkələrinin Azərbaycan vasitəsilə beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu kontekstdə dəniz limanlarının, hava limanlarının, dəmir və avtomobil yollarının inkişafı, eləcə də daşımaların səmərəliliyinin artırılması ortaq prioritetlər kimi çıxış edir.
Energetika sahəsi də Azərbaycan-Mərkəzi Asiya münasibətlərinin strateji istiqamətlərindən biridir. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Mərkəzi Asiya ölkələrinin enerji resurslarının beynəlxalq bazarlara tranzitində mühüm rol oynayır. Türkmənistan və Qazaxıstandan neftin Azərbaycan ərazisi vasitəsilə nəql olunması bu əməkdaşlığın praktiki nəticələrindəndir. Bununla yanaşı, Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizinin yaradılması istiqamətində aparılan işlər bərpaolunan enerji sahəsində yeni əməkdaşlıq imkanları formalaşdırır. Bu layihələr enerji marşrutlarının şaxələndirilməsi və region ölkələrinin beynəlxalq enerji bazarlarına inteqrasiyasının gücləndirilməsi baxımından əhəmiyyətlidir.
Bütün bu istiqamətlər göstərir ki, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında münasibətlər çoxşaxəli strateji tərəfdaşlıq xarakteri daşıyır. Siyasi dialoq, iqtisadi əlaqələr, qarşılıqlı investisiyalar, nəqliyyat-logistika imkanları və enerji əməkdaşlığı bir-birini tamamlayaraq vahid regional əməkdaşlıq məkanının formalaşmasına xidmət edir. Bu prosesdə qarşılıqlı etimadın, təhlükəsizliyin və siyasi-iqtisadi sabitliyin qorunması da mühüm əhəmiyyət kəsb edir.
Mehparə Mansırova,
Bakı şəhəri, Pirallahı rayonu 243 nömrəli
tam orta ümumtəhsil məktəbinin direktoru



