AnalitikaGündəmSiyasət

Ölkəmizdə gənclər siyasəti yeni bir mərhələyə qədəm qoymuşdur

Azərbaycanda dövlət gənclər siyasəti hər zaman gənclərə xüsusi diqqət və qayğı ilə yanaşaraq, onların problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər görmüş və bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin əsas istiqamətlərindən biri kimi önəmli hesab etmiş ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında mühüm izlər buraxmışdır. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmanla fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilmişdir. O zamandan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda geniş miqyasda qeyd olunur.

Ulu Öndər gənclər sahəsində dövlət siyasətini uğurla həyata keçirmək üçün dünya miqyasında nümunə ola biləcək addımlar atmış, bu sahənin qanunvericilik bazasının formalaşdırılmasını təmin etmişdir. Gənclərin sosial, iqtisadi və digər problemlərinin həllinə yönəlmiş, onların istedadlarının inkişafına dəstək göstərən fərmanlar, sərəncamlar və dövlət proqramları məhz bu məqsədlə həyata keçirilmişdir. Bu sənədlər gənclərin təşkilatlanması, onların mənəvi və ideoloji baxımdan yetişməsi, sosial məsələlərinin həlli və məşğulluğunun təmin edilməsində əhəmiyyətli rol oynamışdır.

Heydər Əliyevin gənclərə olan etimadı bu gün artıq öz nəticələrini verməkdədir. Hazırda ölkəmizdə gənclər siyasəti keyfiyyətcə yeni bir mərhələyə qədəm qoymuşdur. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə sübut etməkdədir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik ruhunda tərbiyəsi, xaricdə təhsilləri, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən tədbirlər, gənclər təşkilatlarının inkişafı üçün yaradılan şərait və imkanlar bu siyasətə böyük önəm verildiyini göstərir. Azərbaycanın gənclər siyasətində idmanın inkişafı və onun geniş yayılması da əsas prioritetlərdən biridir. Prezident İlham Əliyevin qətiyyəti və səyləri nəticəsində Azərbaycan beynəlxalq səviyyədə tanınan qabaqcıl idman ölkələrindən birinə çevrilmişdir. Beynəlxalq yarışlarda qələbə qazanan gənc idmançılara göstərilən diqqət və dəstək onların gələcək nailiyyətlərinə mühüm təsir edir.

Bu gün ölkədə gənc nəslin problemlərinin həlli, onların cəmiyyətin müxtəlif sahələrində layiqli yer tutmalarının təmin edilməsi, milli dəyərlərə və ənənələrə bağlılığının gücləndirilməsi istiqamətində mühüm dövlət tədbirləri həyata keçirilir. Azərbaycan gəncləri göstərilən diqqət və qayğını yüksək dəyərləndirərək, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflərin reallaşdırılmasına və ölkəmizin dinamik inkişafına töhfə verməyə çalışırlar.

Siyasət Həsənov,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi 

Oxşar Xəbərlər

Back to top button