Analitika

Ölkəmizdə dayanıqlı dialoq ənənələrinin formalaşdırılması siyasətinə start verilməsinin ikinci ili tamam olur

İki il qlobal siyasi proseslər üçün elə də böyük zaman kəsiyi deyil. Lakin ilkin nəticələri ümumiləşdirib dəyərləndirmək baxımından ötən iki ili Azərbaycanda yeni siyasi konfiqurasiyanın oturuşması, siyasi subyektlər arasında sağlam münasibətlərin formalaşması və iqtidar-müxalifət müstəvisində siyasi dialoqun inkişaf etdirilməsi prosesinin ilkin mərhələsi hesab etmək olar.Ötən iki il ərzində çox iş görülüb, irəliyə doğru böyük məsafə qət olunub və kifayət qədər ciddi nəticələr əldə edilib. Biz son iki ildə siyasi müstəvidə görülən işləri xarakterizə edən əsas xüsusiyyətlərə nəzər salsaq olduqca maraqlı nəticələrə gələ bilərik. Ölkəmizdə real siyasi dialoq mühitinin formalaşdırılması və dayanıqlı prosesə çevrilməsinə göstərilən təşəbbüslər baxımından son iki ildə müşahidə olunan siyasi iradə xüsusilə qeyd olunmalıdır. Söhbət təbii ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradədən gedir. Ölkəmizdə reallaşan islahatlar siyasi münasibətlər sistemini də əhatə edir. Dayanıqlı inkişaf, sabitlik, milli həmrəylik mühiti, peşəkar münasibətlərin təşviqi və demokratik ənənələrin formalaşması kimi vəzifələri özündə ehtiva edən islahatlar qaçılmazdır və siyasi münasibətlər sisteminə də sirayət edir. Dövlətimizin başçısının “Hesab edirəm ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bir partiya – hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir” – fikri ölkəmizdə siyasi dialoqun inkişafına ayrılan yüksək diqqətin sübutudur. Bu cür yanaşma və nümayiş olunan siyasi iradə sayəsində “dialoq məfhumu” Azərbaycanda siyasi dəyər statusuna qədər yüksəlmiş olur.Dialoq mühiti siyasətdə açıq münasibətlərin bərqərar olmasını tələb edir. Ölkənin siyasi tarixində ilk dəfədir ki, yeni qanunun hazırlanması prosesinə siyasi münasibətlərin bütün iştirakçı tərəfləri cəlb olunmuşdur. Qanuna dair təkliflərin təqdim olunması ilə bağlı iqtidarın açıq müraciətləri siyasətdə bilavasitə demokratik prinsiplərinə sadiqliyinin təzahürdür.Təşviq olunan siyasi dialoq mühiti siyasi partiyaları cəmiyyətə daha yaxın edir. Siyasi dialoqda aktiv şəkildə iştirak edən partiyaları cəmiyyət artıq tanıyır. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə son bir neçə ildə intensiv şəkildə təşviq olunan siyasi dialoq prosesi onu göstərdi ki, siyasi partiyalar arasında kəskin inkişaf fərqi mövcuddur. Sözügedən inkişaf fərqi bir çox partiyaların sadəcə təzyiq alət kimi istifadə olunmasına münbit şərait yaratmışdır.İnkişafında durğunluq dövrünü yaşayan siyasi partiyaların ölkənin siyasi sisteminin funksionallığına fayda verməsi artıq mümkünsüzdür. Zəif partiyalar xarici qüvvələrin əlində manipulyasiya alətinə çevrilir. Odur ki, yeni qanun tərəflər arasında güclərin balansına və adekvat rəqabət mühitinin formalaşdırılmasına xidmət edir. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) 05.03.2021 tarixdə keçirilən VII Qurultayındakı çıxışında siyasi dialoqla bağlı səsləndirdiyi fikirlər çox önəmlidir: “Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Belə qərara gəldik, belə təklif etdik ki, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var”. Gördüyümüz kimi dövlət başçısının bu fikirlərində ümummilli məsələlər kifayət qədər dəqiq və aydın şəkildə vurğulanıb. Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi, ərazi bütövlüyünün parçalanması, hakimiyyətin zorla ələ keçirilməsi və ya saxlanılması, kütləvi iğtişaşlara, terrorçuluğa açıq çağırışlar edilməsinə, terrorçuluğun, dini ekstremizmin, zorakılığın və qəddarlığın, habelə irqi, dini, mənşə, cinsi, etnik və digər ayrıseçkiliyin, həmçinin sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlərin təbliğinə, irqi, dini və ya etnik düşmənçiliyin salınmasına, Azərbaycanın ərazisində xarici dövlətlərin siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının təsis edilməsinə və fəaliyyətinə yol verilmir. Eyni zamanda Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, dövlət orqanlarında (qurumlarında), yerli özünüidarəetmə orqanlarında, təhsil müəssisələrində, həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq yaratdığı hüquqi şəxsdə, onun və xarici hüquqi şəxsin filialında, nümayəndəliyində siyasi partiyaların təsis edilməsi, siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsi, Siyasi partiyanın bütün xalqın adından danışması və bütün xalqın adından müraciət etməsi qadağandır.Qanunda Siyasi partiyaların təsis edilməsi prosesi də tam və geniş şəkildə əksini tapıb. Siyasi partiyalar bu prosedura əməl edərək qeydiyyatdan keçə və Azərbaycanda fəaliyyətlərini davam etdirə bilərlər. Proseslərin təhlili bizi qarşıda yeni çağırışların gözlədiyini göstərir. Bu prosesə biz dövlətçiliyimizin daha da güclənməsi, müstəqilliyimizin daha da möhkəmlənməsi naminə indidən hazır olmalıyıq.Qanun cəmiyyətdə yeni çağırışların, sürətli baş verən hadisələrin, sosial-siyasi tələblərin fonunda Azərbaycanda dövlətlə siyasi partiyalar arasında əməkdaşlığın güclənməsinə, siyasi dialoq mədəniyyətinin yüksəlməsinə mühüm töhfə verir və bu, davamlı olacaq. “Siyasi partiyalar haqqında” yeni Qanun xarici qüvvələrinin maraqlarına xidmət edən radikalların “qara kabusudur”. Yeni Qanun siyasi partiyalardan manipulyasiya aləti kimi istifadə edilməsi üçün əsaslı çətinlik yaradır.

Aynur Həsənova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button