Analitika

Ölkəmiz Ulu Öndərin dövlətçilik ideallarının işığında ardıcıl olaraq hərtərəfli şəkildə inkişaf edir

2023-cü ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Heydər Əliyev İli” elan olunması ilk növbədə bu böyük dövlət xadiminin dünya siyasətindəki, habelə Azərbaycan xalqının tarixində və taleyindəki xidmətlərinin dünyaya və xalqımıza çatdırılmasına geniş imkan yaradılmasına uğurla xidmət edir. Bu mənada “Heydər Əliyev İli” haqqında Azərbaycan Prezidentinin Sərəncamı tarixin axarını dəyişdirmiş bu dahi şəxsiyyətin dünya tarixindəki yerinə və mövqeyinə, Azərbaycan xalqı və müstəqil dövlətimiz qarşısındakı misilsiz xidmətlərinə dövlət səviyyəsində verilmiş yüksək qiymətin əməli ifadəsidir. “Heydər Əliyev İli” haqqında Prezident sərəncamındakı aşağıdakı fikirlər bu görkəmli dövlət xadiminin unudulmaz xidmətlərini obyektiv şəkildə ifadə edir: “Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin mənəvi dəyərlərinin tanıdılmasında və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli yer qazanmasında müstəsna rol oynamışdır. Dövlətçilik salnaməsində silinməz izlər qoymuş, azərbaycanlı olması ilə fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqındakı 29 sentyabr 2022-cü il tarixli Sərəncamı “Heydər Əliyev İli”nin həm nəzəri-metodoloji mahiyyətini, həm də əməli-praktik istiqamətlərini aydın surətdə əks etdirir. Bu baxımdan 2023-cü ilin Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilməsi haqqında Prezident Sərəncamı “Heydər Əliyev İli”nin gerçək və əhəmiyyətli bir proqramıdır. “Heydər Əliyev İli”nin əsas siyasi-ideoloji konturlarını tam şəkildə əhatə edən sərəncam qarşıdakı dövrdə həyata keçirilməsi zəruri olan tədbirlərin əsl mahiyyətini real şəkildə əks etdirir. Ona görə də mükəmməl şəkildə hazırlanmış dövlət sərəncamını “Heydər Əliyev İli”nin aydın yol xəritəsi də adlandırmaq olar. “Heydər Əliyev İli” görkəmli dövlət xadiminin keşməkeşli və mənalı həyatı, çoxcəhətli dövlətçilik istedadı, mübarizəsi və idealları ilə əlaqədar məsələlərə yenidən və daha əsaslı şəkildə baxılması zərurətini meydana qoyur. Ölkəmiz Ulu Öndərin dövlətçilik ideallarının işığında ardıcıl olaraq hərtərəfli şəkildə inkişaf edir. Bu tarixi epoxanın ayrı-ayrı mərhələlərdəki parlaq hadisələri və nailiyyətləri Heydər Əliyevin ölməz adı, böyük ideyaları və mübarizəsi ilə üzvi surətdə əlaqədardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində həm beynəlxalq miqyasda, həm də respublikamızda qazandığı tarixi zəfərlərlə, həyata keçirdiyi möhtəşəm proqramlarla Heydər Əliyev epoxasını daha da zənginləşdirməyə və Azərbaycan tarixinin yeni bir epoxasını yaratmağa nail olmuşdur. Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan azərbaycançılıq təliminə də yenidən və daha əsaslı şəkildə elmi baxışa ehtiyac vardır. Məlum olduğu kimi, uzaqgörən dövlət xadimi, Ulu Öndər Heydər Əliyev azərbaycançılıq təliminin təməllərini hələ sovet hakimiyyəti illərində respublikamıza rəhbərlik etdiyi dövrdə formalaşdırmışdır. Bu mənada yeni dövlət müstəqilliyi qazanmış digər respublikalarla müqayisədə dövlətçilik ideologiyasının yenidən müəyyən edilməsi baxımından Azərbaycan Respublikası bir addım qabaqda olmuşdur. Ona görə də, azərbaycançılıq ideologiyasının formalaşdırılmasının Ulu Öndər Heydər Əliyev modeli kompleks şəkildə öyrənilməli, ümumiləşdirilmiş əsaslı nəticələr çıxarılmalıdır.2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Prezident İlham Əliyevin Sərəncamı əsasında 2023-cü ilin “Heydər Əliyev İli” kimi keçirilməsi cox məqsədəuygundur və inaniriq ki, respublikamızda müstəqil dövlətçilik düşüncəsinin, azərbaycançılıq ideallarının, vətənpərvərlik tərbiyəsinin daha da möhkəmləndirilməsinə özünün töhfələrini verəcəkdir.

Aynur Həsənova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button