Ölkələrimiz arasında münasibətlər uğurla davam etdirilir

23 may 2024-cü il tarixində Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycana səfəri baş tutmuşdur. Bu səfər zamanı Sənaye kooperasiyası, humanitar sahədə əməkdaşlıq, habelə iqtisadi xarakterli bir çox layihənin reallaşdırılmasına dair konkret tapşırıqlar verilmişdir. Prezident İlham Əliyev bəyanatda çıxış edərkən bildirmişdir ki, bu gün dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə çatmışdır. Azərbaycan və Tacikistan arasında qarşılıqlı fəaliyyət çoxəsrlik tarix boyu davam etmişdir. Strateji Tərəfdaşlıq Bəyannaməsində qarşılıqlı dəstək və konkret nəticələrə diqqət ifadə olunmuşdur.Bu bəyannamə ilə yanaşı,ümumilikdə 14 sənəd imzalanmışdır. Bu sənədlər dövlətlərarası münasibətlərin müqavilə-hüquq bazasını möhkəmləndirməyə xidmət edir. Azərbaycan-Tacikistan münasibətlərinin möhkəmləndirilməsində mühüm hadisələrdən biri Azərbaycanda Tacikistanın Mədəniyyət günlərinin keçirilməsi olmuşdur. Tacik xalqının zəngin mədəniyyəti ilə tanış olmaq Azərbaycan tamaşaçıları üçün də sevindirici hadisə kimi yadda qalacaqdır.
Görüş zamanı İlham Əliyev bir sıra məsələlərlə yanaşı, nəqliyyat sektorundakı əməkdaşlığı da xüsusi olaraq vurğulamışdır. O bildirmişdir ki, Orta Dəhliz və onun bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizi Tacikistandan yükgöndərənlər üçün cəlbedici logistik layihədir.Həmçinin, bu bəyanatda Azərbaycanın öz ərazisində bütün iri nəqliyyat və logistika layihələrini praktiki olaraq başa çatdırdığı və bu gün müxtəlif istiqamətlərdə – Şərqdən Qərbə və əks istiqamətdə, Şimaldan Cənuba və əks istiqamətdə böyük həcmdə yükləri qəbul etməyə hazır olduğu vurğulanmışdır.
Cari ilin 23 may tarixində Azərbaycan-Tacikistan arasında aşağıdakı sənədlər imzalanmışdır:
“Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”;
“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Tacikistan Respublikasının Sənaye və Yeni Texnologiyalar Nazirliyi arasında Anlaşma Memorandumu”;
“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Tacikistan Respublikası Hökuməti yanında İcra Xidməti arasında məhkəmə aktlarının və digər orqanların aktlarının icrası sahəsində əməkdaşlıq haqqında Memorandum”;
“Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Tacikistan Respublikası Hökuməti yanında Ətraf Mühitin Mühafizəsi Komitəsi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;
“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”;
“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında rəqəmsal ticarət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;
“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş”;
“Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında informasiyanın texniki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”.
Azərbaycan və Tacikistan arasında münasibətlər xüsusi əhəmiyyətə malik olmuşdur.İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulmuşdur. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Səmimi dostluq münasibətləri dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında da özünü göstərir. Belə ki, Prezident İlham Əliyev Tacikistana indiyədək altı dəfə səfər etmişdir. Ölkələrimiz arasında münasibətlər parlamentlər səviyyəsində də uğurla davam etdirilir.Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.
Tacikistan Respublikasının Ali Məclisinin hər iki palatasında Azərbaycan Milli Məclisi ilə parlamentlərarası dostluq və əməkdaşlıq qrupu mövcuddur. Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. İki ölkə arasında ümumilikdə 70-dən çox sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb. İki ölkə arasında elm və təhsil sahəsində münasibətlər də mühüm yer tutur. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomu təqdim olunub. 2018-ci il avqustun 11-də Azərbaycanda rəsmi səfərdə olan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona ADA Universitetinin Fəxri Doktoru diplomu təqdim edilmişdir. Hazırda Azərbaycanda 40-dək tacikistanlı tələbə təhsil alır.
Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən, bir qədər də uzağa getsək,Çindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalarməhz ölkəmizin ərazisindən həyata keçirilir, bu da Azərbaycana marağı getdikcə artırır.
Şəfiqə İsazadə,
Xəzər rayonu, E.Mansurov adına 88 nömrəli tam orta məktəbin tarix müəllimi