
Bu gün Azərbaycanın inkişaf modeli beynəlxalq səviyyədə nümunə göstərilir. İqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması fonunda Azərbaycanın hərtərəfli inkişafına yönələn kompleks tədbirlər həyata keçirilir. Aparılan kompleks islahatlar ölkəmizə dünyada ən islahatçı ölkə imicini qazandırıb. Aparıcı iqtisadi-maliyyə institutları və reytinq mərkəzləri Azərbaycandakı sistemli iqtisadi siyasəti, islahatları yüksək qiymətləndirirlər. Azərbaycanın yüksək rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimi tanınması da özündə mühüm çağırışları ehtiva edir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı istiqamətində atdığı davamlı addımlar “Biz neft kapitalını insan kapitalına çevirməliyik!” çağırışının reallıqda öz təsdiqini tapmasının göstəricisidir. Bircə faktı qeyd etmək kifayətdir ki, ölkə iqtisadiyyatına yatırılan 350 milyard dollar investisiyanın 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. 2003-cü ildən qarşıya qoyulan həmin hədəf bölgələrin malik olduğu potensialdan səmərəli istifadənin vacibliyini önə çəkdi. Prezident İlham Əliyevin sərəncamları əsasında təsdiqlənən Bakı və Bakıətrafı qəsəbələrin, həmçinin regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağı şərtləndirdi.
Yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirədə dövlət başçısı bir daha bu məqamlara xüsusi diqqət yönəldərək bildirdi ki, hər proqram beş ili əhatə edirdi və proqramlar uğurla icra olundu. Biz bunun nəticəsində əsas infrastruktur məsələlərini həll etdik. Statistik rəqəmlərə diqqət yetirsək görərik ki, bu gün ölkəmizdə qazlaşmanın 96 faizə çatması bu sahədə görülən işlərin təqdimatıdır. Daxili tələbatını yüksək səviyyədə ödəyən Azərbaycan hazırda 14 ölkəyə qaz ixrac edir. Bu rəqəm də son deyil. Ölkəmizin uğurlu enerji siyasəti yeni tərəfdaşlar qazanmasında, yeni layihələrin gündəmə gətirilərək onlarda iştirak edəcək ölkələrin coğrafiyasının genişləndirilməsində əhəmiyyətli rol oynayır. İnfrastruktur layihələrindən bəhs edərkən yol infrastrukturunu xüsusi qeyd etməliyik. Yeni avtomobil, dəmir yolları çəkilir. Beynəlxalq Hava limanları tikilib istifadəyə verilib. Beynəlxalq maliyyə qurumlarının, xüsusilə Davos Dünya İqtisadi Forumunun hesabatlarında Azərbaycan bu sahədə də liderliyini qoruyur.
Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində müasir yol-nəqliyyat infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilir, Ölkə Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunmuş və olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ən ucqar kənd yolları belə müasir standartlara uyğun qurulub. Yollar həm insanların rahatlığını təmin edir, həm də ölkə iqtisadiyyatının hərtərəfli inkişafında mühüm rol oynayır. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinin fonunda infrastruktur layihələrinin icrasına verilən önəm diqqətdən kənarda qalmır.
Dövlət başçısı İlham Əliyev müşavirədə bildirdi ki, hazırda işğaldan azad edilmiş ərazilərdə dediyim bütün bu infrastruktur layihələri icra edilir. Elektrik enerjisi, generasiya gücləri, ötürücü xətlər, yollar, körpülər, tunellər, su təchizatı, qazlaşma və bütövlükdə uzun illər işğal altında qalmış ərazilər dirçəlir, həyata qayıdır və vahid infrastruktur şəbəkəsinə qoşulur. Prezident İlham Əliyev müşavirədə bu məsələyə də xüsusi diqqət yönəltdi. Bildirdi ki, bir çox ölkələr artıq bundan ciddi zərər görür. Bizim su təhlükəsizliyimizlə bağlı olan bütün məsələlər sistem şəklində öz həllini tapır. Görülən işlər qat-qat çoxdur, layihələr onu göstərir ki, əgər vaxtında bu addımlar atılmasaydı, bu gün su təhlükəsizliyimizlə bağlı olan məsələlər bizim üçün çox ciddi problemlər yarada bilərdi. Bizim məqsədimiz isə əhalini və sənayeni, kənd təsərrüfatını dayanıqlı su ilə təmin etməkdir, su mənbələrini qorumaqdır, su anbarlarının potensialını artırmaqdır. Əsas çağırışlardan biri də bu oldu ki, su sektorunda rəqəmsal idarəetmə sistemi də tətbiq edilməlidir. Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq üçün ilk dəfə olaraq ölkəmizdə duzsuzlaşdırma zavodu inşa ediləcək. Bunun üstünlüyü ondan ibarətdir ki, bu, sırf xarici investisiyalar hesabına həyata keçiriləcək layihədir.
Əsədov Nazim,
Xəzər rayonu, 256 №-li tam orta l məktəbin tarix müəllimi



