Ölkə başçısının Tacikistana səfəri ölkələrimiz arasındakı münasibətlərdə yeni səhifə açacaq
Azərbaycan və Tacikistanın strateji tərəfdaşlığında və çoxtərəfli münasibətlərində yeni yüksəliş mərhələsi başlayır. Prezident İlham Əliyevin dost ölkəyə dövlət səfəri, Prezident Emoməli Rəhmonla aparılan danışıqlar, keçirilən görüşlər və imzalanan sənədlər ikitərəfli əlaqələrin daha da şaxələndirilməsi üçün real zəmin yaratdı. Ümumiyyətlə, Azərbaycan və Tacikistan xalqlarını qədim tarixi köklərə malik olan ənənəvi dostluq telləri bağlayır. Bu gün isə hər iki dost ölkə arasında qarşılıqlı əlaqələr geniş spektr üzrə ardıcıl surətdə inkişaf edir. Bu qarşılıqlı fəaliyyət siyasi, ticari-iqtisadi, elmi-texniki, mədəni-humanitar və bir sıra başqa sahələri əhatə edir. Hər iki ölkə həm ikitərəfli əsasda, həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın hərtərəfli genişlənməsinə daim diqqət yetirir.
Bu səfər İlham Əliyevin Tacikistana sayca beşinci, rəsmi olaraq isə üçüncü (2007-ci il 15-16 mart, 2014-cü il 15-16 oktyabr) səfəri oldu. Sonuncu dəfə dövlət başçısı Tacikistana 2018-ci ilin sentyabrında səfər edib və Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının toplantısına qatılıb. İki ölkə arasında diplomatik münasibətlər isə 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, 2008-ci ildə isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Prezident İlham Əliyevin iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünə təsadüf edən dövlət səfəri Düşənbənin “Dusti” meydanındakı “Tacikistanın milli həmrəyliyi və dirçəlişi” xatirə kompleksində İsmoili Somoni abidəsini ziyarətlə başladı. Düşənbədə Millət Sarayında rəsmi qarşılanma mərasimindən sonra prezidentlərin təkbətək və geniş tərkibdə görüşləri keçirildi. Bu görüşlərdə bir daha vurğulandı ki, bu gün dövlətlərarası münasibətlər bir çox istiqamətlər üzrə inkişaf edir. Hər iki tərəf bu münasibətlərin bütün formatlarda daha da möhkəmlənməsinə böyük əhəmiyyət verir. Münasibətlərin uğurlu inkişafı isə onu deməyə əsas verir ki, yaxın gələcəkdə əlaqələr daha da şaxələnəcək. Qonaqpərvərliyə görə tacikistanlı həmkarına təşəkkür edən İlham Əliyev bildirdi ki, 30 ildən artıq inkişaf edən dövlətlərarası münasibətlər dövründə çox möhkəm təməl yaradılıb və bu təməl üzərində güclü dostluğun binası qurulub. Onu da deyək ki, iki ölkə arasında parlamentlərarası əlaqələr də yüksələn xətlə inkişaf edir. Milli Məclisdə Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir və dost ölkənin Ali Məclisinin hər iki palatasında Azərbaycan Milli Məclisi ilə parlamentlərarası dostluq və əməkdaşlıq qrupu var.
Prezident İlham Əliyev vurğuladı ki, artıq nəqliyyat-logistika sahəsinə, sənaye kooperasiyasına, investisiya layihələri ilə bağlı məsələlərə dair konkret tapşırıqlar verilib. Azərbaycan Tacikistanda investisiya layihələrini ciddi nəzərdən keçirməyə hazırdır: “Ona görə ki, əvvələn, Tacikistan bizə yaxın ölkədir, ikincisi, sabitlik hökm sürən ölkədir. İnvestisiyalar yalnız sabitlik və yaxşı investisiya şəraiti olan ölkələrə yönəldilir. Çoxsaylı xarici şirkətlər tərəfindən Tacikistanda fəal sərmayə qoyulması ona dəlalət edir ki, investisiyalar, o cümlədən xarici investisiyalar dövlət tərəfindən qorunur”.
Mais Günəşli,
YAP-ın gənc fəalı.