Gündəm

Nizami rayonunda YAP-ın təsis olunmasının 31-ci ildönümü münasibətilə tədbir keçirilib

Nizami rayonunda Yeni Azərbaycan Partiyasının təsis olunmasının 31-ci ildönümü münasibətilə “Dünənin, bu günün və gələcəyin partiyası” adlı tədbir keçirilib.

Globalnews.az xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla anılıb.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və müasir, müstəqil Azərbaycan Respublikasının banisi Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi naminə canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra Yeni Azərbaycan Partiyasının tarixinə və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, “91”lərin üzvü, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, professor Südeyf İmamverdiyev, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədr müavini Elşad Mirbəşir oğlu, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları çıxış ediblər.

Çıxışlardan sonra rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxs Fəxri fərmanla, təşəkkürnamələrlə təltif ediliblər, partiyaya yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.

Tədbirə Yeni Azərbaycan Partiyası Himni ilə yekun vurulub.

Oxşar Xəbərlər

Back to top button