GündəmSiyasət

Nizami rayonunda ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib

Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı birgə 12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirib.

“İcxeberinfo.az” xəbər verir ki, tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları bildiriblər ki, Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edir. Azərbaycanın xilaskarı, öz həyatını Vətəninə və xalqına bəxş etmiş ümummilli lider Heydər Əliyevin zəngin və mənalı ömrünün hər günü bir dastandır.  

Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası olub. Məhz əsasında Azərbaycanın böyük oğlu, dünya şöhrətli siyasətçi, dahi Heydər Əliyevin ölməz ideyaları dayanan parlaq Zəfərə gedən yolda rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağı azad edib, xalqımızın 30 illik yurd həsrətinə, torpaq nisgilinə son qoyulub. Bu gün isə üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın döyünən ürəyi olan Şuşada qürurla dalğalanır.

Çıxışlardan sonra bədii hissə olub, gənc aktyor Niyaz İlyasoğlunun ifasında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş şeir səsləndirilib.

Oxşar Xəbərlər

Back to top button