Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyi yeni layihəsinin icrasına start verdi
Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşdırılan “Şanlı Zəfər tarixi: praqmatik gənclər siyasəti və milli vətənpərvərlik dəyərləri” adlı layihənin icrasına start verib.
Globalnews.az xəbər verir ki, layihə rəhbəri Rəsul Səlimzadə deyib ki, bu gün Azərbaycan gənci həm də yüksək vətənpərvərlik ruhunda böyüyən qəhrəmandır, igiddir: “44 günlük Vətən müharibəsindəki Şanlı Zəfər bunun bariz təcəssümüdür. Məhz müstəqillik dövrünün gəncləri göstərdiyi şücaət, igidliklə adlarını Azərbaycan tarixinin şərəfli səhifələrinə yazdılar. Bu tarixi Zəfər eyni zamanda xalqın, xüsusən Azərbaycan gəncliyinin milli vətənpərvərlik ruhunun yüksək olduğunu, Vətən, dövlət, bayraq sevgisini parlaq şəkildə nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin çağırışına səs verərək könüllü şəkildə silaha sarılan gənclər vətən uğrunda qan töküb can verdilər. Bu savaşda vətən uğrunda döyüşmək, vətəni sevmək, vətəni qorumaq gənclərin əsas vəzifəsi idi və bütün bunlar Azərbaycan gəncinin simasında öz ifadəsini tapdı”.
Rəsul Səlimzadə bildirib ki, Azərbaycan gəncinin şücaətinin, vətənpərvərliyinin və vətən sevərliyinin əsasında həm də Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu, Prezident İlham Əliyevin şaxələndirdiyi praqmatik gənclər siyasəti də dayanır: “Vaxtilə Ulu Öndər Heydər Əliyev deyirdi ki, hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bugünüdür, həm də sabahıdır, ümididir. Bu fikir dövlət gənclər siyasətinin fəlsəfi və ideoloji əsası olmaqla daim aktualdır və gəncləri Azərbaycanın sabahı naminə səfərbər edir. Vətən savaşı da bir daha təsdiqlədi ki, müasir Azərbaycan gənci əsl vətənpərvər, dövlətini, xalqını, bayrağını sevən, dövlətçiliyin mühafizəsində dayanan, lazım gəlsə canından keçməyə hazır olan igid qəhrəmandır”.
Rəsul Səlimzadə əlavə edib ki, Vətən müharibəsi zamanı döyüşlərə Bakı şəhərinin Nizami rayonundan ümumilikdə 765 gənc qatılmışdı: “Onlardan 33 nəfəri şəhid, 60 nəfəri isə qazi oldu. Sirr deyil ki, müharibədən 3 il keçməsinə baxmayaraq, bu gün də rayon sakinləri şəhidlər, qazilər haqqında fəxrlə danışır, onları dərin hörmətlə anırlar. Elə bu səbəbdəndir ki, həmin qazilərin, müharibə veteranlarının da tanıdılması günümüzün aktual məsələsidir. Bu layihənin reallaşdırılması bir daha şəhidlərimizn xatirəsinə dərin hörmətin və ehtiramın göstəricisi, qazilərə, müharibə veteranlarına olan diqqət və qayğının bariz nümunəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyev də bütün çıxışlarından şəhidlərin, qazilərin, müharibə iştirakçılarının daim diqqətdə saxlanılmasını, onlara diqqətin göstərilməsini tələb kimi qarşıya qoyub. Düşünürük ki, bu layihə Nizami rayonunda qaziləri haqqında gənclərin maarifləndirilməsinə vəsilə, dövlətimizin praqmatik gənclər siyasətinin daha geniş təbliği baxımdan əhəmiyyətli olacaq”.