Nəsimidə 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərlə görüş təşkil edilib
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı ilə birgə 20 Yanvar şəhidlərinin rayon ərazisində yaşayan ailə üzvləri və əlillərlə görüş keçirib.
Globalnews.az xəbər verir ki, görüşdə 1990-cı ilin 20 yanvarında ölkəmizdə öz müstəqilliyi uğrunda mübarizə aparan dinc insanlara qarşı törədilən vəhşiliklərdən danışılıb. Bildirilib ki, 20 Yanvar faciəsindən 34 il keçməsinə baxmayaraq, hər il xalqımız bu qəhrəmanlıq tarixini dərin minnətdarlıqla qeyd edir. Faciənin qurbanları hörmət və ehtiramla yad olunur, onu törədənlərin ədalət qarşısında cavab vermələri tələb edilir.
Bildirilib ki, Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar şəhidlərinin ailələrinə, eləcə də o qanlı hadisələrdə öz sağlamlıqlarını itirən əlillərə diqqət və qayğı göstərilməyə başlanılıb. Onların sosial-məişət problemlərinin həlli daim diqqət mərkəzində saxlanılıb. Ulu Öndərin siyasi kursunu inamla davam etdirən Prezident İlham Əliyev ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiram göstərir.
Qeyd edilib ki, Mənzil İnşaatı Dövlət Agentliyinin Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı ilə birgə keçirdiyi bu görüşün məqsədi qəhrəmanlıq tariximiz olan 20 Yanvarın müstəqilliyimizin qazanılmasında rolunun gənc nəsillərə bir daha çatdırılmasıdır.
Sonda Nəsimi rayonu ərazisində yaşayan şəhid ailələrinə və əlillərə sovqatlar təqdim olunub.