AnalitikaGündəmSiyasət

Nəqliyyat infrastrukturunun modernləşdirilməsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxış edərək bu sahədə aparılan islahatlar və qarşıda duran vəzifələr barədə geniş məlumat verdi. Dövlət başçısı qeyd etdi ki, nəqliyyat sektoru ölkənin strateji inkişafında mühüm rol oynayır və bu sahəyə edilən sərmayələr Azərbaycanın iqtisadi gücünü artırır. Prezident İlham Əliyev onuda vurğuladı ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi regionun əsas nəqliyyat qovşaqlarından birinə çevrilməyimizə imkan yaradır. Son illərdə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri ölkəmizi beynəlxalq tranzit marşrutlarında aparıcı mövqeyə çıxarıb. Xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafı bu istiqamətdə böyük əhəmiyyət kəsb edir. Dövlət başçısı nəqliyyat infrastrukturunun müasirləşdirilməsi və genişləndirilməsi istiqamətində görülən işlərdən danışdı. O qeyd etdi ki, son illərdə yeni avtomobil yolları, körpülər və tunellər inşa olunub, dəmir yolu xətləri yenidən qurulub və müasir standartlara uyğunlaşdırılıb. Hava limanlarının modernləşdirilməsi və yeni aerovağzalların tikintisi də bu strategiyanın vacib hissəsidir. Prezident İlham Əliyev bildirdi ki, nəqliyyat və logistika sektorunun inkişafı ölkəmizin qeyri-neft sektorunun güclənməsinə və iqtisadiyyatın diversifikasiyasına töhfə verir. Bu sahədə dövlət-özəl tərəfdaşlığı da önəmlidir və investorların cəlb edilməsi istiqamətində işlər davam etdirilməlidir. Çıxışda rəqəmsal texnologiyaların nəqliyyat sahəsində tətbiqinin vacibliyi də vurğulandı. Prezident qeyd etdi ki, ağıllı nəqliyyat sistemlərinin yaradılması, logistika proseslərinin avtomatlaşdırılması və rəqəmsal platformaların inkişaf etdirilməsi Azərbaycanın beynəlxalq rəqabət qabiliyyətini artıracaq. Rəqəmsallaşma həm də nəqliyyatın daha effektiv idarə olunmasına və xidmət keyfiyyətinin yüksəldilməsinə imkan verəcək. Dövlət başçısı ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin istifadəsinin təşviq olunmasının əhəmiyyətini də qeyd etdi. O bildirdi ki, yaşıl nəqliyyat strategiyasının həyata keçirilməsi həm ətraf mühitin qorunmasına, həm də əhalinin sağlam həyat tərzinə töhfə verəcək. Elektrik nəqliyyat vasitələrinin istifadəsi genişləndirilməli və ictimai nəqliyyatda daha ekoloji səmərəli həllər tətbiq edilməlidir. Prezident İlham Əliyev müşavirədə nəqliyyat sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinin vacibliyini də xüsusi qeyd etdi. Azərbaycanın tranzit potensialının artırılması üçün qonşu ölkələrlə və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq davam etdirilməlidir. Dövlət başçısı əlavə etdi ki, regional və qlobal nəqliyyat layihələrində iştirakımız ölkəmizin strateji mövqeyini daha da möhkəmləndirir. O, həmçinin, nəqliyyat sektorunun təhlükəsizlik aspektlərinə toxunaraq, bu sahədə texniki standartların və normativlərin beynəlxalq səviyyədə uyğunlaşdırılmasının əhəmiyyətini vurğuladı. Yol təhlükəsizliyinin artırılması, nəqliyyat infrastrukturlarında müasir texnologiyaların tətbiqi və sürətli əlaqə sistemlərinin yaradılması prioritet məsələlərdəndir. Dövlət başçısı çıxışının sonunda nəqliyyat sahəsində fəaliyyət göstərən dövlət qurumlarına və özəl sektora müvafiq tapşırıqlar verdi. O bildirdi ki, nəqliyyat infrastrukturunun modernləşdirilməsi istiqamətində işlər sürətləndirilməli, innovativ həllər tətbiq olunmalı və sərnişinlərin rahatlığı üçün yeni layihələr həyata keçirilməlidir. Beləliklə, Prezident İlham Əliyevin yanvarın 28-də keçirdiyi müşavirədə verdiyi tapşırıqlar Azərbaycanın nəqliyyat sektorunun gələcək inkişaf strategiyasını müəyyən etdi. Bu istiqamətdə atılacaq addımlar ölkəmizin beynəlxalq nəqliyyat və logistika mərkəzi kimi mövqeyini daha da möhkəmləndirəcək.

Sahil Əliyev,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button