AnalitikaGündəmSiyasət

Müstəqillik tariximizin ən parlaq səhifəsi – 3 oktyabr 1993-cü il

1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkiləri xalqımız üçün mühüm tarixi hadisə, dövlətimiz üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Həmin vaxt xalqımız öz üzərinə düşən məsuliyyəti çox gözəl dərk edirdi. Xalq bilirdi ki, əvvəlki iqtidarların səriştəsizliyi səbəbindən az qala dövlət müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qaldığı bir vaxtda özünün xilaskarını seçməlidir. 3 oktyabr tarixində xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Heydər Əliyevi Azərbaycan dövlətinin prezidenti seçdi. Bununla da bugünkü qüdrətli Azərbaycanın təməli qoyuldu.

Ümummilli Lider andiçmə mərasimindəki nitqində demişdir: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.” Ulu Öndər Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxararaq öz andına sadiq qalmışdır. Ulu Öndərin 1993-cü ilin oktyabrında prezident seçilməsindən sonra ölkədə sabitlik, vətəndaş həmrəyliyi bərpa edildi, Qarabağ müharibəsində atəşkəsə nail olundu, düşmən təcavüzü dayandırıldı, ordu quruculuğuna böyük diqqət yetirildi. Ulu Öndər qısa bir zamanda Azərbaycanın hərbi təhlükəsizliyinin təmin edilməsi üçün real silahlı qüvvələri formalaşdıra bilmişdir. Vətən Müharibəsində bizi Zəfərə aparan yolun başlanğıcında məhz Heydər Əliyevin uzaqgörən ordu quruculuğu siyasəti dayanır. Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətini yaradanda onun təməllərini elə möhkəm qoyub və onu elə layiqli davamçıya təhvil verib ki, Azərbaycanın gücü-qüdrəti gündən-günə artır. İkinci Qarabağ Müharibəsi ilə bizə tarixi Zəfər yaşadan Ali Baş Komandanımız İlham Əliyev Qarabağda həyata keçirdiyi antiterror tədbirləri nəticəsində separatçıların təslim olmasına nail olaraq ölkəmizə növbəti tarixi Qələbəni bəxş etmişdir. Erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması, qondarma rejimin ləğv olunması ilə Azərbaycanın suverənliyi tam bərpa olunmuşdur. Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə, gücünə-qüdrətinə qarşı çıxmaq istəyən hər bir kəs bilməlidir ki, Azərbaycan Heydər Əliyev siyasəti ilə yaşayır və irəliləyir, bu siyasət dövlətimizin sarsılmaz təməlində dayanır. Onun qurucusu Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi isə Azərbaycan xalqının yaddaşında əbədi olaraq yaşayacaqdır.

Rəşad İsmayılov,
YAP Hacıqabul rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button