AnalitikaGündəmSiyasət

Müstəqil Azərbaycan ümummilli liderimiz Heydər Əliyevin şah əsəridir

Azərbaycan xalqının tarixi azadlıq, müstəqillik uğrunda çətin və şərəfli mübarizələrlə zəngindir. XX əsrdə iki dəfə öz müstəqilliyini elan edən Azərbaycanda Xalq Cümhuriyyətinin yaradılması ilə ölkəmizin adı Şərqin və Türk dünyasının tarixinə ilk respublikanın qurulduğu ölkə kimi düşmüşdür. Təəssüf ki, bu respublika cəmi 23 ay fəaliyyət göstərmiş, XX əsrin sonlarında isə Azərbaycan ikinci dəfə müstəqillik əldə etmişdir: 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunmuşdur. Ulu öndər Heydər Əliyev hələ sovet totalitar rejiminin tüğyan etdiyi dövrlərdə böyük uzaqgörənliklə Azərbaycanın gələcək müstəqilliyi üçün mühüm hərbi, iqtisadi, sosial, ideoloji tədbirlər həyata keçirmiş, milli müstəqillik konsepsiyası ümummilli lider tərəfindən işlənib hazırlanmışdır. Bunun nəticəsində 1970-1980-ci illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edərək özünün müstəqillik mübarizəsi üçün böyük potensial yaratmış və Azərbaycan bunun məntiqi nəticəsi kimi ötən əsrin sonlarında əsrin əvvəllərində itirdiyi müstəqilliyini yenidən bərpa etməyə nail olmuşdur. “Müstəqilliyə nail olmaq və həyatın bir çox sahələrində köklü dəyişikliklər etmək çox çətin və məsul bir prosesdir. Müstəqilliyi elan etmək, onun qorunması və möhkəmləndirilməsi istiqamətində dövlət tədbirləri həyata keçirmək nə qədər vacib olsa da, əsl müstəqilliyi qazanmaq üçün bu, hələ azdır”, – deyən görkəmli dövlət xadimi Heydər Əliyev 1990-cı ilin iyul ayında Naxçıvana gəldikdən sonra burada dövlət müstəqilliyi uğrunda məqsədyönlü siyasi mübarizə aparmışdır. “Müstəqilliyi qorumaq onu əldə etməkdən daha çətindir”, – deyən ulu öndər Heydər Əliyev 1990-cı il noyabrın 17-də Naxçıvan MSSR Ali Sovetinin onun sədrliyi ilə keçirilən ilk sessiyasında Azərbaycanın müstəqilliyi baxımından son dərəcə böyük əhəmiyyətə malik olan taleyüklü qərarlar qəbul etmişdir.Konstitusiya Aktı qəbul edildi. Xalqımızın qanı bahasına qazanılan müstəqilliyimiz qısa bir zamanda məhv olmaq təhlükəsi ilə üz-üzə qalmış, ölkədə xaos, özbaşınalıq, siyasi-iqtisadi tənəzzül baş qaldırmışdı. Xarici təcavüz, ölkə ərazisinin 20 faizinin işğal olunması, vətəndaş qarşıdurması, qaçqın və məcburi köçkün problemləri son həddə çataraq Azərbaycanı tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Müstəqilliyimizin qorunub saxlanılması, qarşıya qoyulmuş məqsədlərə nail olmaq, milli həmrəylik və iradə nümayiş etdirmək üçün xalqı öz ətrafında sıx birləşdirə biləcək milli liderə böyük ehtiyac var idi. 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda hakimiyyətə gələn dahi siyasətçi Heydər Əliyev ilk olaraq müstəqillik, Azərbaycançılıq ideologiyasını milli şüurda və psixologiyada, xalqın iradəsində bərqərar etməyə nail oldu, insanlarda dövlətçilik, suverenlik, vətənpərvərlik hissləri gücləndi, Azərbaycançılıq ümummilli ideologiya səviyyəsinə qaldırıldı. Azərbaycanda demokratikləşmə milli inkişafın vacib faktoru kimi dövlət siyasətinin əsas istiqamətinə çevrildi. Ölkənin həyatında çox zəruri olan ictimai-siyasi sabitləşmə, demokratik prinsip və təsisatlar yaradıldı. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalanmaqla neft strategiyasının və davamlı iqtisadi inkişafın əsası qoyuldu. Xarici investisiyaların həcmi artdı, xalqın həyat səviyyəsi yaxşılaşdı. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində atəşkəsə nail olundu, torpaqlarımızın işğalının qarşısı alındı, ordu quruculuğuna başlandı. Dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illər dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, əbədi, dönməz xarakter aldığı dövrdür.“Mən həyatımdan keçərəm, ancaq Azərbaycanın müstəqilliyindən keçmərəm”, – deyən böyük şəxsiyyət bütün çətinliklərə – daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq, öz həyatı bahasına, gecəli-gündüzlü fədakar əməyi hesabına Azərbaycanı müstəqil dövlətə çevirmiş, dövlət müstəqilliyimizi daimi və əbədi etmişdir. Ümummilli liderin siyasi irsinin layiqli varisi, ölkə başçısı cənab İlham Əliyev ötən 22 il ərzində dövlət müstəqilliyimizi daha da möhkəmləndirərək Azərbaycanı regionun qüdrətli dövlətinə çevirmişdir. Ölkəmiz iqtisadi və demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində böyük nailiyyətlər qazanmışdır.Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi inkişaf tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb. Dövlət başçısının yürütdüyü müdrik və uzaqgörən siyasət nəticəsində 2020-ci il dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz işğalçı Ermənistan üzərində möhtəşəm Qələbə qazanaraq xalqımızın 30 illik həsrətinə son qoydu. Ali Baş Komandanımızın düşünülmüş strategiyası, siyasi iradəsi və qətiyyəti sayəsində ordu ilə xalqın sarsılmaz birliyi təmin olunaraq qazanılan tarixi Zəfərdən qərinələr keçəcək, illər ötəcək, amma tarix bu şanlı Qələbəni xalqımızın taleyinin ən parlaq səhifəsi kimi heç vaxt unutmayacaq. Müstəqil Azərbaycan ümummilli liderimiz Heydər Əliyevin şah əsəridir. Bu gün hər bir azərbaycanlı dövlət müstəqilliyini həm də ümummilli liderin ən dəyərli mirası olaraq göz bəbəyi kimi qorumalı, doğma Azərbaycanın inkişafı, çiçəklənməsi naminə səylə çalışmalıdır.

Ramin Əliyev
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button